“İllərdir Vilyam Hacıyevlə bağlı şikayət etmədiyim qurum qalmamışdı. Bu adamın rüşvətxor olduğunu dəfələrlə demişdim. Hətta onun sayəsində şərlənib, illərlə həbs də yatmışam. Axırda onun qanunsuz əməlləri üzə çıxdı. Deməli, məni məhkəməyə verdiyi kimi barəsində dediklərim heç də şər-böhtan deyildi. Mən onun şərəf və ləyaqətini alçaltmamışdım. Ancaq nə olsun? Aldadaraq məndən aldığı pullarımı hələ də geri ala bilmirəm”.
İmişlinin Ağcüyür kəndinin sakini Mürşüd Mirzəyev belə deyir. Bildirir ki, illər öncə Vilyam Hacıyev ona vəzifə verəcəyi adı ilə 51 min 500 manatını alıb. Nə vəzifə verib, nə də bu günədək pulunu qatarıb:
“Yazmadığım, müraciət etmədiyim yer qalmayıb. Şikayətlərimə görə də axırda məni yalançı çıxarıb, şərəf və ləyaqətini alçaltmaqda ittiham edərək məhkəməyə vermişdi. Axırda onun necə bir insan olduğu, mənim yalan danışmadığım ortaya çıxdı. Bilirsiniz, o elə bir adam idi ki, insanları sözləri ilə təsir altına salmağı bacarırdı. Məni də inandırdı ki, indi heç bir vəzifə, iş pulsuz olmur. Bunu hamı verir, hamı da bilir. Mən də əlimdə olan mülklərimi satdım, bankdan ailə üzvlərimin adına kredit götürdüm və dost-tanışdan borc alıb ona verdim. Axırda da dedi ki, səni tanımıram. Yazdığım şikayət məktubları, müraciətlərimin də xeyri olmadı. Gördü çox yazıram, müraciət edirəm, rayondan 1-2 nəfəri öyrətdi, üzümə durdular, məni dələduzluq maddəsi ilə atdılar içəri. Nə az, nə çox, düz 4 il içəridə yatdım. Çıxandan sonra da haqqımı tələb etdim, yenə dinləyən olmadı. Yenə deyirəm, mən varlı biri deyiləm. O 51 min 500 manatın borc hissəsini çox böyük zülmlər və məhrumiyyətlərlə qaytarmışam. Mənim pulumu versinlər. Fakt ona qarşı cinayət işi açıblar, bunu da ora əlavə etsinlər”.
Mürşüd Mirzəyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Vilayət Eyvazova dəfələrlə məktubla müraciət edib. İndi ictimai müraciət edərək, pulunu geri almaqda kömək istəyir:
“İndi mənim dediklərim bir daha təsdiqləndi. Bu insanın rüşvətxor biri olduğu, insanların sosial yardım pullarına belə göz dikdiyi aydınlaşdı. İllərdir hər yerə yazmışam. Məktubların sürəti məndə var. Mən yalan demirəm, araşdırılsın. Bu insan məni aldadaraq pulumu alıb, indi onu geri verməsini tələb edirəm. Mənə elə gəlir ki, bu, onun üçün elə də çətin olmaz”.
Mürşüd Mirzəyev Vilyam Hacıyevlə tanışlığını da xatırlayır. Deyir, Vilyam Hacıyev 2012-ci ilin martında İmişliyə icra başçısı təyin edilmişdi:
“Mən o vaxt Bakıda idim. Maddi vəziyyətimin yaxşı olan vaxtı idi. Gəncədən bir dostum mənə zəng etdi. Dedi ki, İmişliyə bir dostumuzu başçı qoydular, sənə zəng edəcək, nə kömək lazımdır et. Elə üstündən 4-5 dəqiqə keçəndən sonra Vilyam Hacıyev mənə zəng etdi. Ona qədər bir-iki dəfə məclislərdə görmüşdüm, amma şəxsi tanışlığım yox idi. Mənə dedi ki, bəs gələndə görüşək, danışaq. Elə həmin gün gəldim evə, hazırlaşdım getdim icra hakimiyyətinə. Getdim ki, onu icra hakimiyyəti əməkdaşlarına təqdim edirlər. Həmin vaxt birinci müavinin otağında oturmuşdu. Keçmiş başçının otağında isə təmir işləri gedirdi. Görüşdüm. Mənə dedi ki, mənimlə işləməyini istəyirəm. Razılaşdım. 3 gün sonra çağırdı ki, gəl icra hakimiyyətində hüquqşünas işlə. İxtisasımın biri də hüquqdur mənim. Yaxşı, dedim. Başladım onunla işləməyə. Təxminən bir il işlədim. İşləyəndən 7 ay sonra mənə dedi ki, sənə vəzifə verəcəyəm. Soruşdum ki, nə vəzifəsi? Qeyd etdim ki, ixtisasıma uyğun olmayan işi görə bilmərəm. O da mənə dedi ki, gəl səni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli üzrə sədri təyin edim, yaxud sosial müdafiə sahəsində işlə. İxtisasıma uyğun olmadığı üçün razılaşmadım. Üstündən 3 gün keçəndən sonra zəng etdi ki, bəs bir dəfə mədəniyyət adı çəkmişdin mənim yanımda. İstəyirsənsə səni Mədəniyyət Evinə müdir qoyum. Dedim, hə, nolar ki. Həqiqətən də həmin gün Mədəniyyət Evinin müdirini çıxardı. Hasil Tağıyev adlı bir nəfər idi”.
Mürşüd Mirzəyev deyir ki, hər şey də elə bundan sonra başlayıb. Vəzifə qarşılığında ondan müəyyən qədər pul istənilib:
“Vallah, mənim belə şeylərdən başım çıxmır. Dedi, hər yerdə belədir. Pulsuz iş, vəzifə olmur. Hələ məndən guya ən aşağısını istəmişdi. Dedi: “Get, pul gətir”. Soruşdum nə qədər? 50 min istədi. Həmin vaxt mən də uşaqlarıma, özümə maşın almışdım yeni. Hamısını satdım. Bankdan özümün, yoldaşımın anasının, dostlarımın adına kredit götürdüm. Əvvəlcə 30, sonra 8, sonra 10, beləcə qırıq-qırıq 51 min 500 manat pul verdim ona. Hələ bir az da artıq verdim. Bütün bu pulları 10 gün müddətinə verdim. 3 ay mədəniyyətin müdiri vəzifəsinin yeri boş qaldı. Mən də narahatam, çünki o pulların böyük əksəriyyətini borc almışam. Bir gün eşitdim ki, Süleyman Tağıyev adlı bir nəfəri mədəniyyətə müdir qoyublar. Getdim Vilyam müəllimin yanına. Dedim ki, bəs nə olub, olub, canın sağ olsun, mənim pullarımı qaytar, borclarımı verim. Dedi, yox, sənə vəzifə verəcəyəm. 1-2 həftə də belə gözlədim. Sonra başladım Respublika Prokurorluğuna, Prezident Administrasiyasına və digər aidiyyatı qurumlara məktubla müraciət etməyə. Belə, yəni bütün başıma gələnlər budur”.
Mürşüd Mirzəyev deyir ki, bundan sonra həbs edilib. O vaxt kimsə onun dediklərinə inanmayıb. İndi isə Vilyam Hacıyevdə onun dediklərini edəcək potensialın olduğuna heç kimdə şübhə qalmaz. Hər şeyi sübut da edə bilər:
“Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, Daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm, mənim şikayətimin araşdırılmasına göstəriş versinlər. Pulumun geri qaytarılmasına kömək etsinlər”. Meydan TV deyilənlərlə bağlı Vilyam Hacıyevin yaxınlarından və ya vəkillərindən münasibət öyrənə bilməyib.
Fotoları təqdim edirik
Tarix: 9-08-2020, 22:44