Tovuz döyüşləri Azərbaycan cəmiyyətinin təhlükə qarşısında birləşməyə qadir olduğunu sübuta yetirdi. Ermənilər xalqımızın həmrəylik aksiyasından dərs çıxarmalıdırlar; biz düşmənin burnunu ovmaq üçün umu-küsünü bir kənara qoymağı bacarırıq…Düşmən təxribatı dəf edilib, təhlükə sovuşub, həyat əvvəlki axarına qayıdıb. İyul hadisələri artıq tarixin bir parçasına çevrilib. Mən bu tarixlə fəxr edirəm, hər dəfə bu barədə düşünəndə qəlbim qürur hissi ilə dolub-daşır.
Əlimin altında zəngin bir arxiv var. Bu sətirləri yazanda bir az keçmişə boylandım. Qarşıma çıxan ilk xəbər bu oldu: “Uşağımı da götürüb döyüşə getməyə hazıram”. Müəllifi müğənni Nura Suridir. İyulun 18-də özünün sosial şəbəkə hesabında yazıb.
Saytlar elə həmin gün başqa bir sənət adamının açıqlamasını tirajlamışdılar. Başlıq belə idi: “Mən ölkəmin əsgəriyəm!” Bu sözlərin müəllifi gənc və populyar müğənni Xəyyam Nisanovdur. Döyüşə getməyə hazır olduğunu dilə gətirdiyi üçün adı dillər əzbəri olmuşdu.
Bu xəbərin başlığını isə özüm qoymuşam: “Roza Zərgərlinin bir gündə iki oğlu orduya yazıldı”.
Həmin günlərdə Nadir Qafarzadə də saytımıza açıqlama vermişdi. Nə dediyini indiki kimi xatırlayıram: “Mən də, oğlanlarım da, hətta həyat yoldaşım da düşmənlə döyüşməyə hazırdır”.
Həmin günlər ad-sanı olmayan, tanınmayan, amma qəlbi vətən sevgisiylə dolub-daşan minlərlə insan ordu sıralarına yazılmışdı. Onların arasında icra başçısı da vardı, deputat da, nazir oğlu da…
İnsanların vətənpərvər olması məni sevindirir. Amma mən vətənpərvərlik anlayışına bir qədər fərqli kontekstdən yanaşıram. Yuxarıda adlarını çəkdiyim və çəkmədiyim adamların hamısının məlum jestini yüksək qiymətləndirirəm. Amma hesab edirəm ki, Polad Həşimov kimi generalı olan xalqın qız-gəlininin, müğənnisinin düşmənə güllə atmağına ehtiyac yoxdur. Çünki düşmənin başına bomba ələyən oğullarımız var…
Bəs biz necə vətənpərvər ola bilərik? Əvvəl özümüzdən başlayım…
Vətənpərvər jurnalist odur ki, yalan yazmasın, peşə şərəfini beş manat pula satmasın, şəxsi marağına görə məmura-deputata yaltaqlanmasın…
Vətənpərvər müğənni odur ki, bayağı mahnılar oxumasın, xalqın musiqi zövqünü korlmasın, əttökən, düşük davranışlarıyla gənc nəslin tərbiyəsini pozmasın…
Vətənpərvər müəllim odur ki, varlının uşağıyla kasıbın uşağının arasında fərq qoymasın, hamıya eyni gözlə baxsın, imkanlının uşağını qabaqda, kasıbın balasını arxada oturtmasın…
Vətənpərvər məmur odur ki, xalqın qeydinə qalsın, eni-uzunu iki metr olan qəbir yerini Bakıətrafı qəsəbələrdə yetim-yesirə 500 manata satmasın…
Demək istədiyim odur ki, vətənpərvər olmaq üçün hərəyə bir erməni öldürməyə ehtiyac yoxdur. Qoy əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…
Seymur VERDİZADƏ
Tarix: 6-08-2020, 16:58