Operativ Qərargah qadağaların yumşaldılması ilə bağlı qərar versə də, qida sektoruna yaşıl işıq yandırılmadı. Restoranlar, kafelər azı avqustun 31-nə qədər ənənəvi qaydada işləyə bilməyəcək.
Bizimyol.info xəbər verir ki, ayrı-ayrı restoranlarda çalışan aşpazlar sosial şəbəkədə videomüraciət hazırlayıblar. Onlar çox acınacaqlı durumda olduqlarını dilə gətiriblər.
Özünü Rasim kimi təqdim edən şəxs sözünü məmurlara çatdırmaq istədiyini bildirib: “Xahiş edirəm, bizə çarə qılsınlar. Köməyə ehtiyacımız var. Hər kəsin ailəsi var. Onların da ailəsi var. Düşünsünlər ki, kimsə balasını dolandırmalıdır. Kimsə yetimə baxır. Kimsə xəstəyə baxır. Heç olmasa, bir az kömək etsinlər. Restoranları açaq, işləyək. Pul istəmirik. Restoranları açsınlar, halal zəhmətimizlə pulumuzu qazanaq. Bu böyük şərt də deyil”.
Mehrac Müzəffərov da işə böyük ehtiyacı olduğunu deyib: “Üzümü cənab prezident İlham Əliyevə tuturam. Birinci xanım Mehriban Əliyevaya səslənirəm. Beş aydır otellər, restoranlar - hər yer bağlıdır. Biz də işləmirik. Xahiş edirəm, bizi də nəzərə alın. Problemlərimiz, ailəmiz, uşağımız var”.
Videomüraciəti öz profilində paylaşan Oqtay Əliyev də ölkə rəhbərliyindən imdad diləyib: “Ölkə başçısı İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Tək öz adımdan danışmıram. Aşpazlar 6 aya yaxın işsizdir. Artıq dərəcədə xahiş edirəm ki, restoranlar açılsın. İşimizə qayıdaq. Hər insanın özünə görə problemləri var. Çox xahiş edirik ki, tədbir görülsün.”
Üzərində “Boranı” restoranlar şəbəkəsinin köynəyi olan, özünü təqdim etməyən aşpaz deyir ki, martın 20-dən işləmir, heç bir yardım da almayıb: “İstərdik ki, karantinə son qoyulsun”.
Aşpaz Səbinə Məmmədova qadağaların dayandırılmasının vaxtı çatdığını bildirib. Başqa danışanlar da restoranlara qadağanın uzun sürdüyünü deyiblər.
Operativ Qərargahın avqustun 3-də baş tutan brifinqində restoranların açılmaması ilə bağlı suala cavab olaraq bildirilmişdi ki, qurum hər hansı qərar verərkən bütün şərtləri nəzərə alır. Buna baxmayaraq, məsələnin diqqətdə saxlanıldığı, müzakirə olunduğu deyilmişdi.
Tarix: 4-08-2020, 21:00