"Son günlər beynimdə fırlanan, mənə rahatlıq verməyən fikirlərimi axır ki, yazmağa qərar verdim. Bunu vətəni, xalqı, yaxınları, doğmaları, ailəsi, övladları üçün ürəyi yanan, nəhayət həm onların, həm də özünün taleyinə biganə olmayan birinin ürəyini boşaltma istəyi kimi qəbul edin. Hamımız görürük ki, ölkədə qarşılıqlı nifrət baş alıb gedir, xalqla hakimiyyət arasında uçurum dərinləşir".
Pravda.az-ın xəbərinə görə, bunu vəkil Adil İsmayılov deyib.
A.İsmsyılov qeyd edib ki, narazılığını dilə gətirənlərin sayı artsa da, əksəriyyət dilə gətirməkdən qorxur: "Bir hissə də var ki, ölkədə hər şeyin yaxşı olması barədə özlərinin də inanmadığı nağıllar danışırlar. Bunlar başa düşüləndir, amma mənim də başa düşməyə çətinlik çəkdiyim insanlar var ki, bu yazı onların barəsindədir. Sevindirici haldır ki, bu adamlar çox azdır. Onlardan ikisinin Mirşahin Ağayevin və Fazil Mustafayevin timsalında fikrimi izah etməyə çalışacam. Amma öncə bir xahişim var, bu adamların son zamanlar danışdıqlarına baxın, baxanlar yenidən baxsınlar. Bilirəm baxmaq çox çətin olacaq, amma dilinizi dişinizlə tutub baxın. Bu adamlar cəmiyyətə nifrət püskürürlər. Onların bu nifrətinin haradan, nədən qaynaqlandığının dəqiq səbəblərini bilməsəm də, görünən odur ki, bu nifrət hətta "müdafiə etdikləri" dövlətin vətəndaşa olan nifrətini də qat-qat üstələyir. Qaragüruh adlandırdıqları bu xalq onlara nə edib, xalqa nə veriblər ki, ala bilmirlər. Onların ikisi ilə də yaxınlığımız olmasa da müddəti az qala 30 il olan əyani tanışlığımız var, heç biri ilə şəxsi problemim olmayıb və indi də yoxdur. Sıradan adamlar deyillər, istedadları, özlərinə məxsus peşəkarlıqları, geniş dünyagörüşləri , intellektləri var. Di gəl bu məziyyətlərini nəyə sərf edirlər. Onların danışdıqlarını uzun-uzadı təhlil etməyəcəm, bircə məqamın üzərində dayanacam. Mirşahin verilişində Fazil Mustafayevin başqa bir TV-dəki müsahibəsindən bir hissəni paylaşdı. F.Mustafayev həmin hissədə deyir ki, ziyalı xalqla dövlətin arasında ildirimötürücü olmalıdır. Doğru fikirdir, amma özünü ziyalı saysa da bu ildırımötürücünün funksiyasını düz başa düşmür. Ziyalı xalqın yanında olub, ildırımötürücü kimi xalqı dövlətin çaxdığı ildırımdan, aşırı güc tətbiqindən, dövlətin zorundan, zorakılıqdan qorumalıdır. Daha onun başa düşdüyü kimi dövlətin olduğu yüksəkliyə qalxıb, onun gücünün arxasında gizlənərək ordan xalqın başına şimşək yağdırmamılıdır".
Vəkilin sözlərinə görə, bu tip insanlar başa düşmək istəmirlər ki, indiki vəziyyətdə dövlətin əsas vəzifəsi cəmiyyətdəki gərginliyi artırmamaq, nifrəti mümkün qədər azaltmaqdır, ziyalı dövlətin məhz bu yöndə fəaliyyət göstəriyi halda onun yanında ola bilər: "Onların nifrəti körükləməyə yönəlik hərəkətləri mənim kimi insanların gərginliyi azaltmaq üçün göstərdiyimiz çabaları da yerdən-yerə vurur. Bunu hakimiyyətdə oturanlar da başa düşməlidirlər. Hakimiyyətdə olanlara səslənirəm, nə qədər gec deyil ayılın. Həqiqətən də əmin-amanlıq istəyirsinizsə və bu sizin sifarişiniz deyilsə, yığışdırın bu ara qızışdıranları, onların qarşıdurma, toqquşma yaratmağa yönələn çıxışlarına son qoyun".
Tarix: 3-08-2020, 20:30