Elmlər doktoru “Ay deputat, bizi eşşək yerinə qoymayın” dedi, Fazil Mustafa cavab verdi



“Bayram pulu bütün müəssisələrdə, yerlərdə işləyən işçilərə qanunvericiliyə uyğun olaraq nəzərdə tutulub”. Verdiyim müsahibədə məhz bu cümləni işlətmişəm. Haradasa verilir, haradasa verilmir, bu artıq başqa məsələdir. Düşmənlərimizin əlində olan səhifə şəklimin altında yuxarıdakı ifadəni olduğu kimi yazdıqdan sonra aşağıda fikrimi qəsdən təhrif edərək təxribatçı sual tərtib edir: “Fazil Mustafa deyir ki, bayram pulu ölkədə bütün işləyənlərə verilir. Deyin görək, sizə bayram pulu verilirmi?” Nadanlara da bu lazım deyilmi? Başlıqla onlara təqdim edilən təhrifedici sualın müqayisəsini aparmadan əksəriyyəti də saxta profillərdən təhqirlər yağdırırlar. Eyni qaydada QUMcuqlar da, Əliciklər də, Turancuqlar da bu kampaniyanı başqa platformalarda yürüdürlər”.
Hokm.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafanın sözlərinə görə, bu cahil, nadanların içində Ramazan Qafarlı adında bir AMEA-da işləyən elmlər doktoru da var: “Şəxsini tanımıram, elmimizə hansı töfhəni verdiyindən də xəbərsizəm. Mən sadəcə qanunvericiliyin tələbini xatırlatmışam, bir çox müəssisələrdə qanunsuz olaraq bayrampulu verilmir, buna qarşı da öz mənfi münasibətimi bildirmişəm. İndi bu Ramazan Qafarlı yazır ki, “ay deputat, bizi eşşək yerinə qoymayın”. Allah-Allah, hörmətli Ramazan bəy, mən nəinki, sizi, heç bir Allah bəndəsini eşşək yerinə qoymaram, çünki Yaradan hər birimizi öz yerimizdə insan kimi qalmağı əmr edib. Ancaq bir elmlər doktoru ötən həftə yazdığım “Ziyalı qaragüruhçuluğu” adlı məqaləmin nə qədər aktual olduğunu bir daha təsdiqləmiş oldu. Anlayıram ki, savadsız kütləni bizə qarşı yönləndirmək üçün xüsusi mərkəzlər fəaliyyət göstərir, onlar hər sözümüzün, hər fikrimizin hədəfə dəydiyini çox yaxşı bilirlər, həm də bilirlər ki, bu ölkənin aydın gələcəyi üçün aydınlatma missiyasından bir addım da geri çəkilən deyiləm. Ancaq ictimai düşüncə həyatına indiyədək bir cümləsi ilə təsir göstərmək iqtidarında olmayan bir elmlər doktorunu da özləri ilə eyni xora qoşa bilirlərsə, bu təhlükəyə düşünən insanlarımız ciddi yanaşmalıdır. Həm də çox ciddi…”
Tarix: 3-08-2020, 12:06
Xəbəri paylaş



Xəbər lenti