Dövlət Gömrük Komitəsindən deputatın qardaşına cavab: “Qanundan boyun qaçırmaq üçün yollar axtarır”


“Bəzi kütləvi informasiya vasitələrində özünü “Qanun nəşrlər evi”nin rəhbəri kimi təqdim edən Şahbaz Xuduoğlu adlı şəxs qanunsuz əməlinə “qanuni don” geyindirməyə çalışaraq gömrük orqanlarını şər və böhtan dolu fikirlərlə ittiham edib. Belə ki, ölkəyə idxal etdiyi yükə görə qısa idxal bəyannaməsini təqdim etməyən bu şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən min beş yüz manat məbləğində cərimə edilib. Xatırladım ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Göründüyü kimi, Şahbaz Xuduoğlu qanunla müəyyən edilmiş cəriməni ödəməkdən yayınır və çarəni bu məsələni kütləvi informasiya vasitələrində işıqlandırmaqla tapmağa çalışır. Özü də etiraf edir ki, müraciət etdiyi bütün məhkəmə instansiyalarında tam haqsız olduğu sübuta yetirilib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.
 
N.Axundov bildirib ki, Ş.Xuduoğlu qanundan boyun qaçırmaq üçün yollar axtarır: “Burda deyirlər: "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". O ki qaldı Şahbaz Xuduoğlunun məlum yazıda anbarlarla bağlı səsləndirdiyi fikirlərə, bildirirəm ki, ümumiyyətlə həmin dayanacaqlar Komitənin sisteminə daxil olan qurum deyil və burada göstərilən xidmətlərin növü, dəyəri sahibkarla dayanacaq sahibi tərəfindən tənzimlənir. Yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən məcburi qaydada həmin dayanacağa yönləndirilməsinə dair iddialar isə tamamilə cəfəngiyyatdır. Son illərdə gömrük sistemində aparılan islahatların hədəfi və həmin islahatları uğurla reallaşdıran gömrük orqanlarının məqsədi ondan ibarətdir ki, məmur-sahibkar təması minimuma endirilsin, biznes subyektləri ümumiyyətlə gömrük orqanına gəlməsin. Lakin bunun üçün sahibkarlıq subyektləri bir sıra kriteriyalara malik olmalıdır. Həmin kriteriyalar yerinə yetirildiyi təqdirdə istənilən sahibkar öz malını birbaşa anbarına yönləndirərək gömrük əməkdaşının iştirakı olmadan boşalda bilər və yüzlərlə “Yaşıl dəliz” iştirakçısı şirkətin bugünkü fəaliyyəti buna bariz nümunədir. Bir sözlə, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni prizmadan yanaşır və başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Qanunsuzluq edən, cinayət törədənlərə qarşı isə, Şahbaz Xuduoğlunun dili ilə desək, gömrük nəinki boğazlarında qalan tikə, boğazlarına əridilib tökülən qurğuşun olacaq”.
 
Qeyd: Şahbaz Xuduoğlu deputat Sabir Rüstəmxanlının qardaşıdır.
 
Tarix: 29-07-2020, 20:42
Xəbəri paylaş



Xəbər lenti