"Canlı oxuya bilməyənlər toya 5-6 minə gedir, bizsə canlı-canlı toylarda 80 manata oxuyuruq"



“Bir müddətlik Azərbaycana, öz ölkəmə gəlmişəm, hələ ki, heç bir yerə getmək istəmirəm. Rusiyada da karantindir, iş falan yoxdur. Restoranlar da axşam saat 9-a kimi işləyirlər. Elza Seyidcahan, Ruhəngiz Allahverdiyeva, Firuzə İbadova ilə eyni məkanlarda gedib toy oxuyuram. Qazanc çox aşağıdır, biabırçılıqdır. O qazanc deyil, benzin pulu ilə istifadə etdiyimiz ətirin pulu deyil. Orada aldığım pulu evə gətirib çıxara bilmirəm, yolda qurtarır. Məcburuq, oturduğumuz yerdə kim gətirib verir sənə? İncəsənət, yaradıcı insan evdə oturanda ürəyi qubarlanır. Həm qocalır, həm depressiyaya düşür, pis hallar yaşayır. Biz özümüzü səhnədə tapırıq, daim insanlarla ünsiyyətdə oluruq. Sənətçi də də ruh öldü heç nə yarada bilməz”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı bildirib. O daha sonra əlavə edib.
 
“Toya yarım saatı 2-3 min gedən müğənnilərdən mənim yalnız şansım, bəxtim əskikdir. Gərək gözəl yox, bəxtli doğulasan. 2 mahnını canlı oxuya bilməyənlər gedib 5-6 minə toy oxuyurlar, amma biz canlı-canlı toylarda oxuyuruq 80 manat pul alırıq. Restoranın 5 zalında oxuyub bu pulu alırıq” deyə Samirə Yusifqızı bildirib.
 
Müğənni daha sonra efir vasitəsilə tamaşaçıları tənqid edən həmkarlarına səslənib.
 

 
“Bir çox müğənnilərə ikrah hissi ilə baxıram. Həqiqətən də özlərini güzgüdə görməyənlər camaata öyüd-nəsihət verirlər. Bu bir çox müğənnilərə aiddir. Bu bizim qazanımızın içidir, açıb qara camaata deyə bilmərik. Hər nə də olsa onları ört-basdır etməliyik. Biz nümunə olmalıyıq hamıya. Çünki tamaşaçılar bizi izləyib bizim kimi geyinib-keçinirlər, eyni saç düzümün edirlər. O gün saytlar yazıb ki, Azəriqızı Günel 16 manatlıq paltar geyinib. Mən başa düşmürəm, 16 manatlıq geyim paltar deyil? 16 manatlıq paltar geyinəndə insan aşağılanır bəyəm? 16 manatlıq paltar geyinən qadınlar adam deyil? Mən özüm də 50-60 manatlıq geyimlər alıram. Onsuz da bir dəfə geyinib atırıq da” deyə müğənni bildirib.
 
Samirə Yusifqızı illər öncə əməkdar artist Gülüstan Əliyeva ilə aralarında yaşandığı qalmqaldan da danışıb.
 

 
“Bizim sözümüz “Məni dağa göndər ay nənə” folklor mahnısı üzərində çəp düşmüşdü. Bu mahnını ilk dəfə mən oxumuşdum. Mən ansambl ilə, o isə tar-kamança ilə ifa edib. O sadəcə deyirdi ki, mahnının ilk ifaçısı odur. Fakt faktlığında qalır, mənim sübut etməyə əlimdə materiallar da var. Amma kimə lazımdır?! O özünəməxsus tərzdə oxuyub, mən də özüməməxsus. Hər kəsin bir sevəni var. O əməkdar artist, mən isə heç kiməm. Çox əfsuslar olsun ki, Azərbaycanda sənətçilərə pul və titullarına görə hörmət edirlər. Fəxri ada görə heç kimə müraciət etməmişəm. Hər zaman utanmışam, mən haqqımı tələb edən adam olmamışam. Məni yaxşı tanıyırlar. Hətta Mədəniyyət Nazirinin qarşısında 2 saat oxumuşam, gedəndən sonra tanımışam ki, bu odur. Düşünmüşəm ki, insanlar görüb qiymətləndirəcək. Yaşım da gedir. Bilmirəm qismət olacaq ya yox!” deyə müğənni bildirib.

Tarix: 3-12-2021, 09:47
Xəbəri paylaş



Xəbər lenti