“Oqtaya yalvara-yalvara Dilarəni teatra apardım, nə vaxta kimi mətbəxdə oturmalı idi ki..?”

“Oqtaya yalvara-yalvara Dilarəni teatra apardım, nə vaxta kimi mətbəxdə oturmalı idi ki..?”
Xalq artisti Elmira İsmayılova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Elmira xanım, siz həqiqətən də İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktrisalarından biri olmusunuz. Bu teatrda xidmətləriniz danılmazdır. Bəs teatrın bu günki fəaliyyətindən nə danışa bilərsiniz?

- Teatrın o illərdə yaradıcılığı tamam başqa səviyyədə idi. Bütün xarici əsərlər repertuarda idi. İndi teatr cılızlaşıb, dərnək səviyyəsinə gəlib çıxıb. Amma bu gün dövlət tərəfindən bu teatra çox böyük diqqət var. Hətta teatrın binasını təmir etdilər, yubileyini keçirdilər. O vaxt ermənilər bu teatra diqqət yetirmirdilər, heç diqqət yetirmək belə istəmirdilər. Hətta istəyirdilər ki, teatr bağlansın. O vaxt biz çalışıb-vuruşduq qoymadıq teatrı bağlasınlar. Biz sanki cəbhədə ermənilərlə döyüşüb, mədəniyyətimizi qoruyurduq.
 
- Amma böyük çətinliklərlə də olsa teatrı yaşatdınız.
 
- Bəli, yaşatdıq. Canımızı, qanımızı qoyduq bu teatra. Mən bu teatrı yaşatmaq üçün uşaqlarımı qastrollarda böyütdüm. Sürünə-sürünə də yaşatmadıq. Hətta orada festivallarda da çıxış etdik, Ermənistanda olan teatrların içərisində bizə ikinci yeri verdilər. 
 
- 45 ildən çox ömrünüzü bu sənətə həsr etmisiniz. Bu gün sizinlə kimlər maraqlanır?
 
- Heç kim maraqlanmır. Elə şeyləri heç yadımıza da salmayın! Kimin nəyinə lazımdır ki, bizimlə maraqlansın?! Təkcə Teatr Xadimləri İttifaqı yada salır. Keçən il onlar mənə “Sənətkar” medalı vermişdilər. Köhnə Mədəniyyət Nazirimiz öz kefində idi, heç kimi saymırdı, o biri də yeni gəlib, görək necə olacaq?! 

- Sonuncu dəfə nə vaxt səhnəyə çıxmısınız?
 
- 5 il bundan öncə öz doğma teatrımızda səhnəyə çıxdım. O vaxt teatrın heç binası yox idi, orda-burda tamaşalar təşkil edirdik. Qərar çıxdı ki, 65 yaşına qədər işləyə bilərsiniz, ondan sonra isə müqavilə bağlanmalı idi. Mən müqavilə bağlamadım, çünki televiziyada mənim işim var idi. Atv-də yayımlanan “5 gəlin” verilişində çalışırdım. Bundan sonra teatrla bütün əlaqələrimi kəsdim.
 
- Sənətə heç vaxt xəyanət etmədiniz, amma bu gün diqqətdən kənarda qalmısınız. Buna görə heç peşmansınız?
 
- Bəli, peşmanam! Özü də çox! Ona görə ki, teatrı bu dəqiqə it gününə qoyublar. Üzr istəyirəm ifadəmə görə. Teatrda teatrlıq qalmayıb. Dərnək səviyyəsinə endiriblər. Hətta jurnalistlər gəlib bizləri, köhnə işçiləri direktordan soruşanda deyir ki, onlar yoxdular, ölüblər. Bu qədər laqeyd münasibət var bizə qarşı. Nə qədər ki, o insan teatrdadır, mən ora ayaq basmaram.
 
- Sizin gəlininiz Dilarə Əliyeva da məşhur aktrisadır. Bu günlərdə saytımıza verdiyi müsahibəsində sizi o ki, var təriflədi.
 
- Dilarə Əliyeva mənim gəlinim deyil, doğma qızımdır. Mənim iki oğlum olub, o evimizə gələn kimi mənə qız oldu. O boşluğu doldura bildi. Hətta bu gün də nənədir, yenə də məni yaddan çıxarmır. O həm də gözəl aktrisadır. Biz iş yoldaşı idik, eyni teatrda çalışmışıq. Dilarə universiteti yeni bitirmişdi, bizim evimizə gəlin gəldi. Oqtay icazə vermirdi ki, işləsin. Onu mən Oqtaya yalvara-yalvara teatra aparmışam. Təbii ki, Oqtaydan icazə almaq elə də asan olmadı. Oqtay hər dəfə mənə deyirdi ki, bax sən apardın, sən etdin hər şeyi. Məncə düzgün iş görmüşəm. Nə qədər o mətbəxdə oturmalı idi ki? 
 
- “5 gəlin” verilişində sizi sərt qaynana kimi təqdim etmişdilər. Amma həyatda elə deyilsiniz.
 
- Bu da mənim bir obrazım idi də. Tamaşaçıların gördüyü Elmira xanım deyildi. Mən heç vaxt deməmişəm ki, gəlin mənim süpürgəmdir. Veriliş 5 il efirdə getdi, reytinqləri də bol idi.
 
- Sizi bu gün daha çox Dilarə Əliyevanın qaynanası kimi tanıyırlar, bəlkə də bir çoxlarını xəbərləri yoxdur ki, siz xalq artistisiniz. Bu sizi üzür?
 
- Xeyr, niyə üzsün ki? Mən fəxr edirəm ki, məni həm də Dilarə Əliyevanın qaynanası kimi tanıyırlar. Mənim nəvəm, Elçin Əlibəylinin qızı o vaxt cinbala reklamına çəkilmişdi. Yolda məni görəndə deyirdilər ki, cinbalanın nənəsidir.
 
- Gününüzü necə keçirirsiniz?
 
- Bütün günü evdəyəm, müalicə alıram, müayinələrə gedirəm. Vaxtında o qədər əziyyət çəkmişəm ki, indi hamısı canımdan çıxır.

Tarix: 22-09-2021, 08:38
Xəbəri paylaş



Xəbər lenti