“Tanrı insana çox şeyləri açıq verib. Sadəcə iki şeyi qapadıb. Bir gün açılsa, bilmirəm, bu həyatda nələr baş verəcək. Nəyə görə biz dünyaya gəlirik? - “Həyat” sözü... Nəyə görə biz bu dünyadan köçürük? “Ölüm” sözü... Bunları biz bilmirik və bilməyəcəyik də...”
Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov “Asan radio”ya müsahibəsi zamanı bildirib. Veriliş zamanı aktyor ona ən yaxın olan insandan da danışıb.
Xalq artisti həmin şəxsin bir müddət əvvəl rəhmətə gedən həyat yoldaşı Vahidə xanım olduğunu deyib:
“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan əvvəl də bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarım, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
Tarix: 10-08-2021, 08:20