“Dedilər ki, Azərbaycanda müharibə var, ora getmə, hətta o vaxt bizə güllə də atmışdılar...”

“Dedilər ki, Azərbaycanda müharibə var, ora getmə, hətta o vaxt bizə güllə də atmışdılar...”
Türkiyəli aktrisa, “Təhminə” filminin məşhur siması Meral Konrat Moderator.az-a açıqlamasında illər öncə onun Azərbaycanda filmə çəkilməsinə əngəl olan insanlardan və başına gələn təhlükədən danışıb. Aktrisa deyir ki, Rasim Ocaqov Türkiyəyə məhz onun üçün gəlib.

“Mən o vaxt məşhur aktyor Tarık Akanla “Üçüncü göz” adlı bir filmə çəkilmişdim. Bu film vasitəsilə də bütün Türkiyədə bir gecədə məşhurlaşmışdım. Hamı “Meral Konrat” deyib dururdu, küçəyə çıxa bilmirdim. Bir gün mənə dedilər ki, Azərbaycandan çəkiliş qruppası və rejissor gəlib, səni gözləyirlər. Fikirləşdim ki, yəqin məşhurluğum Azərbaycana da gedib çıxıb (gülür). Rasim Ocaqov deyib ki, bu rolu türkiyəli aktrisa oynamalıdır. Görüşə getdim, qapıdan girəndə ortayaşlı bir kişi məni qəfildən gördü və “Təhminə, Təhminə” deyə çağırdı. Sağıma, soluma baxdım, gördüm ki, heç kim yoxdur, bircə mənəm. Öz-özümə fikirləşdim ki, bu bir zarafatdır, kamera da yəqin ki, məni kənardan çəkir. Sən demə, məni səsləyən rejissor Rasim Ocaqov imiş. Mən o vaxta kimi onu tanımırdım. Ətrafındakı insanlara dedi ki, mən bax bu qızı istəyirdim. Daha sonra mənə ssenarini göndərdilər, oxudum, həqiqətən də möhtəşəm əsər idi. Fikrim qəti idi, oynamalı idim. Amma məni qorxutdular, dedilər ki, ora getmə, Azərbaycanda müharibə gedir. Yəqin ki, işimə əngəl olmaq istəyirdilər. Bir gözüm sevindi, biri ağladı. Fikirləşdim ki, getməsəm, çəkilməsəm necə olar? Dedim ki, müharibənin içində də olsam, çölündə də qalsam bu rolu oynayacam. Rasim bəyə inandım və gəldim, nə yaxşı ki, inanmışam, gəlib, çəkilmişəm, yaxşı ki, o insanların sözünə inanmamışam. Allah ona qəni-qəni rəhmət etsin. Təbii ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini yeni qazanmışdı, çətinliklər çox idi. Hətta bir neçə dəfə maşınımıza güllə də atmışdılar. Bütün bu çətinliklərə baxmayaraq “Təhminə” filmi çəkildi” deyə Meral Konrat bildirib.

Zamanında çəkdiyi çətinliklərə görə Meral Konrat indiki sənətçilərin çox şanslı olduğunu bildirib.
 
“Türkiyədə “3-cü göz” filminə çəkiləndə çox çətinlik çəkmişdim. Çünki çox çətin şərtlər içərisində çəkiliş edirdik. Təsəvvür edin ki, geyimlərimizi dəyişməyə belə otağımız yox idi. O filmdə mən çarşablar içində, görünüşümə tamam əks olan bir kənd qadını obrazını oynayırdım. Bizə dedilər ki, bir ev tapmışıq, gedib əyninizi dəyişə bilərsiz. Qapının zəngini basdıq, bizi görüb qapını üzümüzə çırpdılar. Mat-məəttəl qalmışdıq. Çünki aktrisa olaraq gedirsən, onlar da sənətçi gözləyirlər, əyin-başı pis gündə bir qadını görüb qəbul etmirlər. Amma indiki aktyorlar çox şanslıdır. Çəkiliş məkanlarında hər cür rahatlıqları təmin edilir, fasilə verilir. Biz çəkilişləri də fasiləsiz edirdik” deyə aktrisa bildirib.



Tarix: 21-03-2021, 15:51
Xəbəri paylaş



Xəbər lenti