Müğənni Rəqsanə İsmayılova həmkarlarını tənqid edib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə video paylaşaraq, hazırkı müharibə şəraitində vətənpərvərliklə bağlı klip çəkdirən, fotosessiya etdirən həmkarlarına sərt sözlər deyib:
“Heç kim sözümdən inciməsin, hazırda nə klip, nə mahnı vaxtıdır. Öz yaxınımız öləndə belə edirik? Şəhid vermişik, Gəncədə yaşananlar, itirdiyimiz körpələr, neçə bala kimsəsiz qaldı. Hər şeyin vaxtı var, klip də, şəkil də çəkdirərsiniz, mahnı da oxuyarsınız. Ayıbdır. Hərəkətinizə fikir verin, insanların canı yanır. Hələ arsız-arsız çəkilişlərdə gülürsünüz, qəhqəhə çəkirsiniz, utanıram. Nə zaman torpaqlarımız tam azad olar, hər şey yoluna düşər, onda nə istəyirsiniz edərsiniz. O ölən körpələrdən utanın, abrınız-həyanız olsun”.
İfaçının bu fikirlərindən sonra sosial mediada müzakirə başlayıb. Tənqidlərə qoşulanlar sırasında müğənni Səidə Sultan da olub. İfaçı bəzi məşhurları süni vətənpərvər adlandırıb:“Biri hərbçi şalvarı geyinir, biri əlinə silah alır, üzündə 80 kiloqramlı makiyaj, əynində əsgər forması marş, milli mahnılar oxuyurlar. Nə olub? Hər bir məqamdan reklam “tuturlar”. Süni vətənsevərlər. Neçə ildir oxuyuram, vətən mahnım yoxdur. Söz vermişdim ki, nə vaxt torpaqlar alınar, onda da oxuyaram”.
Vətənpərvərliklə bağlı klipini təqdim edən müğənni Günel Zeynalova da mübahisəyə qoşulub. O, Rəqsanəyə haqq verdiyini bildirib:“Biz birlikdə güclüyük, qələbə qazanacağıq. 30 il bir igidin ömrüdür. Qurban olum körpələrə, analara, atalara. Ürəyimiz qan ağlayır”, - deyə bildirib.
Xatirə İslam hazırkı vəziyyətlə bağlı depressiyada olduğunu yazıb:“Çox həssas dönəm yaşayırıq. Elə bir haldayam ki, izləyicilərimlə 5 dəqiqə canlı ünsiyyətə girə bilmirəm. Özümü çox pis hiss edirəm. Ağlamaqdan gözüm-başım şişib, camaatın qarşısına çıxası formada deyiləm. İstəmirəm məni belə görsünlər, Allah hamımıza kömək olsun!”.
Tarix: 19-10-2020, 14:49