Uzun zamandır efirlərdə görünməyən Xalq artisti: “Qoy alnım qırışsın, bəlkə ondan rejissorlar məni çəkər”
Xalq artisti Lətifə Əliyevanın Moderator.az saytına müsahibəsini təqdim edirik:
- Lətifə xanım, uzun müddətdir sizi nə efirlərdə görürük, nə də çəkilən film və seriallarda...- Mən artıq 54 ildir ki, sənətdəyəm. 1966 -cı ildə ilk dəfə Lütfü Məmmədbəyovun bir televiziya tamaşasında aktyor Vidadi Əliyevlə tərəf müqabili olmuşam. Hər zaman fəaliyyətdə olan aktrisa olmuşam. Təsəvvür edin ki, birdən-birə bir insanın yolu kəsilir və o insan çox bərbad hala düşür. Əlbəttə, incimişəm. Axı mən də bir aktrisayam, özümə görə sənətçiyəm. Mən də serial və filmlərdə çəkilmək istəyirəm.
- Belə başa düşdüm ki, rejissorlardan incimisiz... - Bəli, heç olmasa bütöv seriala çəkmirsənsə, 10 seriyasına çək, 5 seriyasına çək. Axı mənim də qohum-əqrabam, qonşularım var. Soruşurlar ki, niyə səni seriallarda, filmlərdə görmürük? Mən nə qədər bu suallara cavab verə bilərəm?
- Vaxtilə oynamaq istədiyiniz obrazlar olubmu ki, sizə mane olublar?- Əlbəttə, çox olub. Əgər mane olmasaydılar, bundan da çox oynayardım. Görürdüm ki, mənə uyğun rolları başqa aktrisalar oynayır. Halal xoşları olsun. Son günlər bir serial çəkilirdi, rejissor dedi ki, sizi çağırsaq gələrsiz? Çox sevinərək “əlbəttə” dedim. Bir müddət sonra gördüm ki, mənim üçün nəzərdə tutulan obraza başqa aktrisa dəvət olunub. O insan mənim haqqımda həmin rejissora demişdi ki, xasiyyəti çox pisdir, onu çəkməyin. İnsanlar doymurmu bu qədər pislikdən?
- Tamaşaçılar sizi küçədə görəndə daha çox nə soruşurlar?- Tamaşaçılar deyir ki, Lətifə xanım, gözümüz səni axtarır. Bir ana rolu görən kimi deyirik ki, Lətifə xanımı görəcəyik. Deyirlər ki, bir ana rolunu da sən oyna da. Bir dəfə də metrodan çıxanda bir qadın üstümə atılıb məni qucaqladı. Çox bərk qorxdum! Sən demə, məni sevən bir tamaşaçıdır. Özüm haqqında bu cür təriflər eşidəndə əzab çəkirəm. O insanlara mən minnətdaram ki, məni mənim yadıma salırlar.
- Sənət yoldaşlarınızdan da eyni münasibəti görürsüz?- Əlbəttə, onlar da məni çox istəyir. Amma mən heç evdə tapılmıram. Bütün günü səhhətimlə bağlı olaraq xəstəxanalarda, reabilitasiya mərkərzlərindəyəm. Mən çalışıram ki, xəstəliyimi onlara bildirməyim, ona görə də özümü yaxşı qələmə verməyə çalışıram.
- Bu kompleksdir, yoxsa xəstəliyinizi onlara bildirmək istəmirsiz?- Xeyr, qocalığımı, xəstəliyimi heç vaxt kompleks etmirəm. Hətta deyirəm ki, qoy qırışsın mənim sifətim. Bəlkə onda rejissorlar məni çəkər, onların yadına düşərəm. 76 yaşlı qadının üzü qırışmış olar da.
- Siz bizə “Bəyin oğurlanması”, “İtkin gəlin”, “Lətifə” və s. film və televiziya tamaşalarının yadigarısız. O filmləri necə xatırlayırsız? Ələlxsus da “Bəyin oğurlanması” filmini...- “ Bəyin oğurlanması” filmini yadıma salanda mənə dəli kimi ağlamaq gəlir. Yaşar Nuri kimi aktyorun yoxluğuna inanmıram. O tərəf müqabili kimi çox əzəmətli idi. Mənim o filmdəki rolumda söz olmasa da, orda bir nisgil var idi. O filmdən sonra Yaşar Nuriyə bağlandım, hörmətim daha çox oldu. Onun bu rolunu daha çox sevirəm.
- Lətifə xanım, hal-hazırda Gənc Tamaşaçılar Teatrında çalışırsız. Bu teatrdakı fəaliyyətinizdən nə danışa bilərsiz? Oynamaq istədiyiniz, arzusunda olduğunuz bir rol varmı?- Yaşıma görə teatrda müqavilə ilə çalışıram. Tamaşa olandan - olana gedirəm. Teatrımızın rəhbəri Naidə İsmayılovadan çox razıyam, biz sənətçilərə çox diqqət göstərir. O ki, qaldı oynamaq istədiyim rollara... Zaman-zaman oynamaq istədiyim obrazlar olub, amma onlar mənə verilməyib, vaxtı keçib. Artıq dəhşətli bir dramatik rol istəyirəm. Mənim qəlbimdə komediya da güclüdür. Amma bu dramatik rola ehtiyacım var.
Tarix: 23-09-2020, 14:02