Qəpiyə güllə atanlar: Nə dəstək var, nə ümid


Qəpiyə güllə atanlar: Nə dəstək var, nə ümid
Ceyhun Əhəd: “Bütün gəlir yerlərimiz bağlanıb, heç 190 manatı da ala bilmirik”
 
Ölkədə elan edilən xüsusi karantin rejimi əhalinin böyük əksəriyyətini işsiz qoyub. Bundan zərər çəkən sahələrdən biri, bəlkə də ən böyüyü mədəniyyət sahəsidir. Kütləvi tədbirlərin, konsertlərin, kino və serial çəkilişlərinin dayandırılması, teatrların, kinoteatrların, konsert salonlarının bağlanılması, toy və digər el şənliklərinin keçirilməsinə qoyulan qadağa müğənniləri, aktyorları, rejissorları, şoumenləri və incəsənətin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şəxsləri bütün maddi gəlirlərindən məhrum edib.
 
Onlardan biri də klounada aktyoru, təşkilatçı Ceyhun Əhəddir. AYNA-ya danışan gənc deyir ki, aylardır heç bir tədbirdə iştirak etmədiyi üçün artıq kloun səsini itirməyə başlayıb: “Aylardır bütün restoranlar bağlıdır, kütləvi tədbirlər qadağandır, mənim kimi heç bir kloun öz fəaliyyətini davam etdirə bilmir. Heç kim bu sahə ilə bir manat gəlir əldə edə bilmir. Bizim işimiz kloun işidir və neçə illərdir ki, bu işlə məşğuluq. Mən və yüzlərlə tanıdığım başqa insanlar var. Mart ayından iyul ayına qədər – artıq beşinci aydır ki, tədbirlər, toylar yoxdur. Mənim kimi klounlar heç bir tədbirdə iştirak edib pul qazana bilmirik. Pandemiya ilə bağlı dövlətin ayırdığı 190 manat da gəlib bizə çatmır, çünki adımız işləyənlər kimi gedir. Nə də sahibkar kimi hər hansı dəstək verildi”.
“Mart ayında pandemiya ilə əlaqədar bütün tədbirlərimiz dayandı. Gözümüzü ona dikmişdik ki, bayram ayıdır. Hazırlıqlı deyildik belə bir hadisənin baş verməsinə. Mənim iki kredit borcum var. Karantin rejimi başlayandan işləmədiyim üçün kreditlərimdə gecikmələr baş verib. Birinin aylıq ödənişi 203 manat, birinin aylıq ödənişi 48 manatdır. Kirayədə yaşayıram. Düzdür, çox sağ olsun ev sahibi, neçə aydır ki, kirayə pulu almır. Amma mənim gündəlik xərclərim var. Nəsə yeyib-içməli, kommunal ödəməliyəm. Dövlətdən bizə heç bir dəstək olmadı. Ən azından, bu sahədə olan insanlara Mədəniyyət Nazirliyinin bir dəstəyi olmalı idi. Toylar olmadığı üçün musiqi sahəsində çalışan insanlara hər hansı dəstək lazım idi. Mənim tanıdığım heç bir müğənniyə, klounada aktyoruna, musiqiçiyə hər hansı yardım olunmadı”, - müsahibimiz bildirir. 
Ceyhun Əhəd polislərin rəftarından da narazılığını dilə gətirir: “Belə bir vəziyyətdə, insanların əsəblərinin gərgin vaxtında bizim polislərimiz də insanlarla düzgün rəftar etmirlər. Postların birində polislərdə böyük bir aqressiya gördüm insanlara qarşı. Mən və ətrafımda üç nəfər vardı – hamımız rayon qeydiyyatıyıq, ikisi tələbədir. Biz Bakıdan çıxmaq istəyirdik ki, burada heç bir iş görə bilmirik, qala bilmirik, boş yerə kirayə pulu veririk. Biz Bakıdan çıxa bilərik. Karantin rejiminin qaydalarına uyğun olaraq biz rayon qeydiyyatıyıqsa və maşın mənim özümündürsə, biz Bakıdan çıxa bilərik. Polis isə buraxa bilməyəcəyini dedi. Mən oradakı daha böyük rütbəli şəxsə yaxınlaşdım. O isə “uzaqlaş burdan, uzaqlaş, maşını çək” dedi. Başqa bir polis hücum çəkər kimi üstümə gəldi, qolumdan tutub dartdı. Vurmaq istədi. Mən isə dedim ki, yanımızda uşaq var. Nəticədə bizim hər birimizə, dörd nəfərin hərəsinə 200 manat cərimə yazıldı”.



“SMS icazəmiz də var idi. Hansı haqla yazıldığını mən bilmirəm. 5 aydır işləmirik, 1 manat gətirib yardım edən yoxdur, amma bizi 800 manat cərimələyirlər. Əgər bizə desəydilər ki, dövlətimizin bu 800 manata ehtiyacı var, bu 800 manatla bizim dövlətimizin canı qurtaracaq, onda başa düşmək olardı ki, dövlətimizin büdcəsi azdır, eybi yox, nəyimizi isə satıb ödəyərdik. Maşını satıb ödəyərdim. Heç maşını satmaq da olmur. Mən borclarımı ödəmək üçün maşını satmağı düşünmüşəm, amma satılmır. Taksi işləmək də olmur. Elə şərtlər qoyublar ki, adam məəttəl qalır. Heç taksi üçün iş də yoxdur. Şəhərdə adam yoxdur”, - gənc kloun vurğulayır.
Tarix: 23-07-2020, 08:08
Xəbəri paylaş



Xəbər lenti