"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan


Əməkdar artist Baloğlan Əşrəfovun müsahibəsi: 

- Baloğlan bəy, yay tətilini necə keçirirsiniz? Karantin rejimi planlarınızı pozmayıb ki? 

- Mən həmişə dövlətin qoyduğu qayda-qanunlara hörmətlə yanaşmışam. Necə məsləhət görürlərsə, elə də edirəm, buna söz yox. Amma bəzən görürəm ki, mütəxəssislərin özləri də çox zaman nələrisə doğru-düzgün etsələr daha yaxşı olar. Mən özüm evdəyəm, toylar yoxdur, bizim də iş-gücümüz dayanıb. Baxıram ki, restoranlar, müəyyən yerlər bağlıdır, əylənməyə, vaxt keçirməyə yer yoxdur. Toy yoxdur, eybi yox, heç olmasa, dostlarla bir yerə gedib, oturub çay içməyə yer olaydı... Evdə oturmuşam, öz yaradıcılığımla məşğulam, kitablarımı vərəqləyirəm. 

- Artıq bəzi müğənnilər istirahət etmək üçün xaricə üz tutublar. Miri Yusif, Ayan, prodüser Tolik Türkiyədə dincəlir. Sizin də belə bir niyyətiniz var? 

- Allah o məşhurların da canını sağ etsin, amma atamın qəbrinə and olsun, mənim zonamda – Masallı rayonunda olanlar Bodrumda, Antalyada olandan daha yaxşıdır. Mənim imkanım olsa, elə gedib öz rayonumda, İstisuda dincələrəm. O nəyə desən dəyər. 

- Karantin dövründə sənət adamlarının sitirahətə yollanması birmənalı qarşılanmır. Onlara qarşı tənqidi fikirlər var. Siz bu barədə nə düşünürsünüz? 

- Hansı müğənnilər gedir? 5 aydır müğənnilərin toyları yoxdur. Onlar o pulu hardan alıb gedirlər ki? Yəqin ki, “levıy” pul qazananlar gedirlər oyana-buyana. Bu dəqiqə mən bütün musiqiçiləri fikirləşirəm ki, ilahi, bunların işi necə olacaq? Günəmuzd işləyənlər var ki, onların əlavə qazanc əldə etdikləri yer yoxdur. İndi o gedənlər ki, var, gedirlər Bodrumda orda-burda dincəlirlər yəqin ki, onların imkanları, gəlir əldə etdikləri yer var ki, gedirlər. Halal xoşları olsun. Mən millətimə, öz musiqiçi dostlarıma baxıram, onların vəziyyəti ilə maraqlanıram, deyirəm elə Azərbaycan yaxşıdır. Bir az bu işi mütəxəssis rəyinə buraxmaq lazımdır. Mən öz həkimlərimizə də, dövlətimizə də 100 faiz güvənirəm, inanıram, amma burada bir balaca məsələlər var. O məsələləri çox yüksək səviyyədə həll etmək lazımdır. Məsələn, beş-altı yeri bağlamaq, bir yer üçünsə imkan yaratmaq düzgün deyil. Millət belə olanda tökülür gedir ora, viruslarını da tökür ora. Mənim Masallım gül kimi yer idi, orada heç nə yox idi. Arada oranı boş zona kimi saxladılar, bundan sonra millətin nə qədər böyüyü, kiçiyi var, hamısı getdi oradakı istirahət zonalarına. Koronavirusun 90 faizini tökdülər ora. Bəzən belə şeylərdə diqqətli olmaq lazımdır. 

- Bəs vətəndaşlara nə məsləhət görürsünüz? 

- Millətimdən bir xahişim var, qurban olum Azərbaycan xalqına, mənim millətim ağıllıdır, uzaqgörəndir, amma əgər maska bu zəhrimarın yayılmasında böyük rol oynayırsa, niyə bəzi adamlar həyasızlıq edir, maskanı taxmır?! Axı nə üçün belə olmalıdır? Əgər bunu alimlər, mütəxəssislər məsləhət görürsə, deməli, bilirlər ki, deyirlər. Bəzən görürsən ki, qıpqırmızı adamın düz üzünə baxır, bəzən də adamın üstünə gəlir. Maskasız gəlməyi bir yana qalsın, hələ istəyir ki, öpüşüb-görüşsün. Ay balam, ayıbdır axı, birincisi, kişi kişi ilə öpüşməz. İkincisi, əgər dövlət deyirsə ki, maska taxın, məsafə saxlayın gərək əməl edək. Başınıza dönüm, gəlin, bir az yola verək də. Bu işdə ən çox əziyyət çəkənlər musiqiçilərdir. Digər sahələrin adamları az-çox öz işlərini görürlər. Amma təsəvvür edin ki, yüz minlərlə günəmuzd işləyən musiqiçilərimiz var. Onlar hər axşam ailəsinə 10-15 manat pul aparırdılar. Onlar nə qrant alırlar, nə də aylıq gəlirləri var. Gücləri də ancaq musiqiçilərə, musiqi sahəsində olanlara çatdı, hər yeri qapatdılar. 

- Siz musiqiçilərin vəziyyətinin düzəlməsi üçün nə təklif edirsiniz? 

- Mən bir şey təklif edərdim – şadlıq evlərinə qoyulan qadağaların aradan qaldırılmasını. Bu qadağanı bir az qəribə qarşılayıram. Birincisi, şadlıq evləri anbar, metro deyil ki, hamı bir-biri ilə yaxın məsafədə olsun. Toyda hərə öz ailəsi ilə, həyat yoldaşı ilə qoşalaşıb oturur. Şadlıq evinin qarşısında hər kəsin hərarəti ölçülsün, sonra əlləri dezinfeksiya edin, buraxın içəri. Onsuz da ər-arvad oturacaqlar. Ancaq gücləri bunlara çatır. Balalarının toylarını gedib Amerikada, İngiltərədə edənlər bura çatanda təklif edirlər ki, 10-15 nəfər yığılsın. Niyə?! Sən gedib xaricdə 500 nəfəri yığırsan başına, özü də necə lazımdır toy keçirirsən, bəs burdakılar üçün niyə belə qərar təklif edirsən?! Nə üçün? Xarici ölkələrdə, Rusiyada artıq toylara qoyulan qadağa aradan qaldırılıb. Onlarda da koronavirus var da. Bunu bizə də tətbiq etmək olmaz? 

- Sosial şəbəkələrdə müğənnilər toy olmadığından, pulsuzluqdan gileylənirlər. Sizin maddi sıxıntınız varmı? 

- Mən də bu elin oğluyam. Müğənnilərin çoxunun maddi sıxıntısı varsa, məndə də var, mən göydən zənbillə düşməmişəm ki. Mən də öz sənətimlə, səsimlə çörək pulumu qazanırdım. Mən hökümətdən də təqaüd alıram. Bunlarla ailəmi dolandıra bilirəm, indilik bir təhər yola veririk, amma məndə də təbii ki, sıxıntılar olur, maddi sıxıntı çəkən həmkarlarımdan biriyəm. Demək olmaz ki, mən özümü dolandırıram deyə bu xəstəliyin mənə dəxli yoxdur. Günəmuzd işləyənləri düşünürəm, qabyuyanları, ofisiantları, musiqiçiləri də fikirləşmək lazımdır. İnanıram ki, bu qərarları çıxardanların evlərində heç nəyə ehtiyacları yoxdur, hər şey öz qaydasındadır və istədiyi anda kefinə gəlir, istədiyi qərarı çıxarır. Ümid edirəm hər şey yaxşı olar, yenə də millətimə səslənirəm, xahiş edirəm, maska taxın, bir-birinizlə məsafə saxlayın. Vallah, bunlara əməl etmirlər, vicdan haqqı etmirlər. Hərdən maşınla çıxanda yolda görürəm ki, 90 faiz adam heç maskadan istifadə etmir. Bunlara niyə imkan yaradırlar, onu da bilmirəm.Yenisabah
Tarix: 10-07-2020, 15:24
Xəbəri paylaş



Xəbər lenti