Tanınmış müğənni Nura Suri efir qadağası ilə üzləşib.
16 ildir ki, müxtəlif kanallarda fərqli səbəblərdən efir qadağası ilə qarşılaşdığını deyən müğənni artıq susmayacağını deyib, mövcud problemlərin həllini istəyib.Pravda.az xəbər verir ki, müğənni vətəndaş mövqeyindən çıxış edərək problemlərdən gileyləndiyini deyib:
“İnanmıram ki, eyni vaxtda mənimlə sənətə gələn dostlarım mənim qədər efir qadağası ilə üzləşsinlər. Hər zaman efir mədəniyyətinə, danışığıma, işlətdiyim ifadələrə diqqət etmişəm, efirdən istifadə edib heç kimi təhqir etməmişəm. Efir mədəniyyətimə heç kim heç nə deyə bilməz. Canlı efirlərdə belə bu qaydalara əməl etmişəm. Nə vaxta qədər biz susmalıyıq və danışmamalıyıq? Efir mədəniyyəti olmayan, daim qalmaqalın içində, danışığını bilməyən, kimlərisə təhqir edənləri efirə dəvət etməzlər. Bilirəm ki, mənə efir qadağası bu səbəblərdən qoyulmayıb. Hər halda başqa səbəblər var. Hansısa telekanal rəhbərinin məşuqəsi məni qısqanıb, 8 il orada qadağada olmuşam. ATV telekanalında bir verilişə çağırılmışdım. Bildirdim ki, mən müğənniyəm, ekspert kimi iştirak etmək istəmirəm. Müğənniyəmsə, mahnı təqdim etmək istəyirəm. ATV telekanalının keçmiş rəhbəri ilə bu məsələ də böyük qalmaqala səbəb olmuşdu. Efirlərdə rüşvətxorluq baş alıb gedir. İctimai Televiziya kanalı tərəfindən zaman-zaman bütün tədbirlərə dəvət almışam, onlarla hər hansı problemim olmayıb. Bütün bunlara baxnayaraq, İTV-nin rəhbəri İsmayıl Ömərov gedəndən sonra da problemlər olub. Düzdür, İsmayıl Ömərovun yerinə təyin olunan Cəmil müəllimi yaxından tanımamışam. Amma kanalı özü tək idarə etmirdi. AzTV-nin keçmiş işçisi Nadir Axundov - hansı ki, bir çox müğənnini bu kanala çıxmağa qadağa qoymuşdu, onun sözü keçirdi- vəzifəli şəxsin qohumu olduğu üçün heç kim ona söz deyə bilmirdi”.
Müğənni efirlərin şəxsi münasibət və rüşvət üzərində qurulduğunu deyib:
“Bu gün sənətdə və müğənni olmaq çox çətindir. Efirlər və bir çox aparıcılar verilişlərini rüşvət üzrə qurublar. Bəlkə də rüşvət deyil. Amma mən buna rüşvət deyirəm. Müğənnilər efirə çıxmaq üçün kanala rəsmi olaraq pul köçürürlər. Sənəti olan müğənnilər kənarda qalır, pulu olan müğənnilər efirlərdə “at oynadır”lar. Bunu araşdıra da bilərsiniz. Hansısa kanalın bir verilişinə çıxan müğənni ora aylıq pul ödəyir və ay ərzində 3-4 verilişə çıxır. Verilişin mövzusuna və qonağına kimi özləri təyin edirlər. Mən efirə pul verib çıxmaq istəmirəm. Ona görə də efirlərimiz bu gündədir. Heç kimə sirr deyil ki, Xəzər TV hər zaman efirə bayağı müğənniləri və musiqiçiləri çıxarıb. Murad Dadaşov gələndən sonra orada müəyyən dəyişikliklər hiss olunur. Bu gün ən peşəkar çalışan İctimai Televiziyadır. Hər bir mövzu seçimində doğru-düzgün mövqe sərgiləyirlər. AzTV-nin rəhbərliyi dəyişəndə çox sevinmişdim. Orada gənc və peşəkar kadrlara ümidim sonsuz idi. Amma əfsuslar olsun ki, belə deyil. Həmin kanalda çalışan adını çəkmək istəmədiyim bir xanım öz şəxsi münasibətləri üzərindən iş görür. Nadir Axundovu əvəz edən bir şəxsdir. Televiziyanın təbliğatı insanları doğru-düzgün məlumatlandırmaqdır. Artıq insanların televiziyada deyilən heç bir şeyə inamı qalmayıb. Çünki o qədər bayağılıq nümayiş olunurdu ki... Elə bil bazar idi, gələn-gedən pul verib çıxırdı efirə... Mən anlayıram telekanal dolanmalıdır. Amma gün ərzində siz telekanallar reklamlardan pulunuzu qazanırsınız. Heç olmaya, reklamlardan pul qazanan verilişlər bayağı insanları efirə pul müqabilində çıxarmasınlar. Telekanalların səviyyəsini artırmaq üçün bunu etməsinlər. Reklam bir tərəfdən, reklamlı müğənnilər də digər tərəfdən, hamı pul dalınca qaçır, nə olub axı? ”.
Nura Suri ölkə başçısının da telekanallarda baş verənlərlə bağlı irad bildirdiyini xatırladıb:
“Bütün telekanallarda efir qadağası ilə problemlər yaşamışam. Telekanallarda çalışan bəzi aparıcıların rəhbərliklə çox sıx münasibətləri var. Ya gərək o aparıcılara qiymətli hədiyyələr-filan bəxş edəsən ki, sənin barəndə gözəl sujet hazırlamaq üçün rəhbərliklə razılığa gəlsinlər, ya da səni başqa bir müğənninin əli ilə vuracaqlar. Efir siyasəti şəxsi münasibətlər üzərində qurulub. Bu, nə vaxtadək davam edəcək? Ölkə başçısı tərəfindən kanalların rəhbərliyində müəyyən dəyişikliklər oldu. Çünki o da efirlərin nə durumda olduğunun fərqində idi. Amma yenə də bəzi kanallarda köhnə üsulla çalışan şəxslər qalıb. Onlar əvvəlki siyasətlərini davam etdirirlər. Ölkə başçısı da qeyd etmişdi ki, efirdə baş verənlər barədə hər şeyi mənə məruzə etmirlər, saytlar və sosial şəbəkələr vasitəsilə bir çox problemlərdən xəbərdar oluram. Kifayət sayda dövlət tədbirlərində təmənnasız iştirak etmişəm və hər zaman dövlətin yanında olmuşam. Bu gün də dövlətin yanındayam. Amma mövcud problemləri işıqlandırmaq və demək borcumdur. Demokratik ölkənin vətəndaşıyamsa, problemləri açıqlamaqda bir vətəndaş borcumu yerinə yetririrəm”.Cebhe.info
Tarix: 3-07-2020, 06:42