Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, toylarla bağlı əvvəlki qərar qüvvədə qalır, yəni bu mərasimlərin keçirilməsi iyulun birinə kimi qadağandır.
Toysuz qalan bir sıra şou-biznes nümayəndələrinin hazırkı maddi vəziyyətlərindən xəbər tutmaq üçün Oxu.Az-ın əməkdaşı bir sıra məşhurlarla əlaqə saxlayıb.
Onların əksəriyyəti pulsuzluqdan şikayət ediblər.
Əməkdar artist Abbas Bağırov:
“Müğənnilikdən başqa, biznesim və gəlirim yoxdur. Musiqiçilərlə yanaşı, mebel, avtomobil, eləcə də 1001 xırdavat satanların da işi toy biznesi ilə birbaşa əlaqəlidir. Dostlarım var ki, restoran işlədirlər, orada yüzlərlə insan çalışır, maddi baxımdan hazırda sıxıntılar yaşayırlar. 500 nəfərlik restoranda 100-150 nəfər personal çalışır. Azərbaycanda neçə restoran var? Bu, nə qədər insanın işsiz qalması deməkdir?
Karantindən öncə qazandıqlarımızı bu müddətdə xərcləmişik. Daha sonra bilmirəm. Bu vəziyyət təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Burada da heç kimi günahlandıra bilmərəm. Əsas məsələ mənim, ailəmin və yaxınlarımın sağlamlığıdır. Bu, hər şeydan önəmlidir. Bacardığım qədər maddi baxımdan gündəlik ehtiyacların öhdəsindən gəlməyə çalışıram.
Populyarlığım azdan-çoxdan işimə yarayıb. Şirkətlər məhsullarını reklam etmək üçün mənə müraciət edirlər. İstər mən, istərsə də sənət yoldaşlarım bu çətin vəziyyətlə barışmalıyıq.
İndi tamaşaçılar və oxucular deyə bilərlər ki, zamanında el şənliklərinə baha qiymətə gediblər, pulları çoxdur. Amma bu, səhv düşüncədir. 25 ildir bu sənətdəyəm. Bu sənətə illərini verən şəxs kimi özümə normal ev tikdirə, avtomobil ala və ya ailəmlə harasa istirahətə gedə bilmərəm? Bunu başqa sahədə çalışan şəxs də edir. Sıxıntı çəkən tək musiqiçilər deyil. Bu, zəncirvari olan məsələdir.
Sonuncu dəfə toy mərasimində martın 16-da iştirak etmişəm. Ondan sonra toyların keçirilməsinə dövlət tərəfindən rəsmi qadağa qoyuldu. Operativ qərargahın toy mərasimlərinin keçirilməsinə nə zaman rəsmi icazə verəcəyi bilinmir. İnsanların sıxıntı içində olduğunu çox gözəl başa düşürəm. Lakin bəzi vətəndaşlar var ki, karantin rejiminə əməl etmək istəmirlər. Vətəndaşlarımız karantin rejiminə əməl etsələr, tezliklə virusa qalib gəlib, toyların keçirilməsinə icazə verilər və digər məhdudiyyətlər aradan qaldırılar. Misal üçün, Türkiyədə iyulun 1-dən etibarən el şənlikləri və digər tədbirlərin keçirilməsi bərpa olunur. Bütün bunlar insanların dövlətin qoyduğu qaydalara düzgün əməl etmələrindən irəli gəlir”.
Əməkdar artist Lalə Məmmədova:
“Vəziyyətim pisdir. Məndən savayı 12 nəfərdən ibarət musiqiçi ansamblım pulsuz qalıb. Onların da maddi vəziyyəti acınacaqlıdır. Dövlətdən aldığım cüzi maaşla birtəhər gündəlik ehtiyaclarımı ödəyirəm. Amma çox çətindir. Vəziyyətimizin necə olacağını bilmirəm. Ümumi bəla olduğu üçün susub oturmuşuq. Təki ailəmə, yaşlı valideynlərimə heç nə olmasın. Bu çətinliyə də dözərəm.
Operativ qərargah deyir ki, oturun evdə, biz də buna əməl edirik. Bundan əvvəlki sərtləşdirilmiş iki günlük karantini evdə oturduq. Zibilimizi belə küçəyə atmadıq. O vəziyyətdə küçəyə çıxıb, gəzən insanlara sözüm yoxdur. Evində oturan insanlardan nəyiniz artıqdır? Körpə qızım söyləyir ki, ana küçəyə çıxıb, gəzmək istəyirəm. Mən onu gəzdirmək istəmirəm? Biz evdəyiksə, siz niyə oturmursunuz? Müvəqqəti çətinlikdir. Hamımız dözməliyik. İndi hamı çalışır ki, işi olsun. Az maaş versələr də, gedim işləyim ki, evə bir parça çörək aparım. Hazırda ölkədə işsiz qalan insanların vəziyyəti çox pisdir. Söhbət dövlətdən maaş almayan, günəmuzd çalışan şəxslərdən gedir. Bilmirəm, onlara bu vəziyyətdə necə kömək etmək olar”.
Müğənni Nadir Qafarzadə:
“Vəziyyətim çox pisdir. Beş aydır ki, pul qazanmıram. Yalnız fevral ayında bir toyda oxudum. Mart ayı üçün toy sifarişlərim ölkədə tətbiq edilən karantin rejiminə görə təxirə düşdü. Altıncı aydır ki, bir qəpiyin sahibi deyiləm. Karantin başlayanda pulum var idi, yardım edirdim. Cibimdəkiləri onlarla paylaşırdım. Halal xoşları olsun. Amma indi özümün köməyə ehtiyacım var. Oliqarxlardan tutmuş milyonerlərə kimi, hamının kürəyi yerə dəyib. Ümumiyyətlə, bütün dünya çöküb.
İnsanlar olan-qalan pullarını “qara günlər” üçün saxlayırlar. Çünki vəziyyətin necə olacağı heç kimə bəlli deyil. Mən tək deyiləm. Bütün nəslimə baxıram. Heç kimi başa sala bilmirəm, heç onlar da məni anlamaq istəmirlər ki, həqiqətən də pulum yoxdur. Demirəm ki, acam. Azdan-çoxdan çörək pulum var.
Elə sənət yoldaşlarım var ki, evlərini ucuz qiymətə satır, bununla belə alıcı tapa bilmir. Xırda şeyləri almaq olar, böyük mülkləri isə indiki zamanda satmaq qeyri-mümkündür.
Hərdən müğənni olduğumu unuduram. Yaradıcılığım üçün stimul yoxdur. Kimin üçün ifa edəsən? Hər şeyə maraq itib. Hansısa mahnını oxumaq, klip çəkdirmək üçün pul qazanmalıyam. Pul qazanmağa da şərait yoxdur.
Toyların olmaması gələcək nəslin tükənməsi, doğum hallarının azalması deməkdir. İnsanlar düşünməsin ki, el şənliklərinin olmaması yalnız biz musiqiçilərə aiddir. Bu “bulaqdan” yüzlərlə insan dolanır. Belə davam etsə, biz məhv olacağıq”.
Müğənni Günay İbrahimli:
“Həmkarlarım kimi çox çətinlik çəkirəm. Ölkədə karantin rejimi tətbiq ediləndə uzun müddət evdən küçəyə çıxmadım. Bu virusun mövcudluğuna inanmayan insanlar var. Amma mən inanıram.
Bu proses davam etsə, acından öləcəyik. Hazırda gəlirim yoxdur. Ailəmin əlinə baxıram. Evdəkilər çalışır. Onlar da maddi baxımdan mənə kömək edir.
Düşünürdüm ki, başqa biznesə başlayım. Geyim mağazası açmaq istəyirdim. Karantin rejimi tətbiq olunduğundan bunu da edə bilmədim. Biznes qurmaq üçün sərmayə qoymaq lazımdır. Necə olacağını bilmirəm. Avqustda Məhərrəmlik ayı başlayır. Belə çıxır ki, biz fəaliyyətə oktyabrdan sonra başlayacağıq. Bu ayları da birtəhər idarə etməliyik.
Karantindən iki gün əvvəl klip təqdim etdim. Klipin pulunu da verə bilmədim. Rejissorun assistentləri fəhlə adamlardır. Onların pula daha çox ehtiyacı var. Əlimdə nə pul var idisə, onlara verib, layihəmin borcunu ödədim. Amma indi nə mahnı alıram, nə də klip çəkdirirəm. Mən sənətimə kifayət qədər pul xərcləyən müğənnilərdənəm. Əfsuslar olsun ki, bunu indi edə bilmirəm”.