Sürücülər narazı, SOCAR rahat: Yanacaq isə nəzarətsiz...


Sürücülər narazı, SOCAR rahat: Yanacaq isə nəzarətsiz...

"SOCAR bu gün Avropa standartlarına uyğun yanacaq məhsulları istehsal edə bilmir"
"Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır". Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib:
"Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin (AI-92) Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu, mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim istəyimiz odur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də, modernizasiya işləri aparılır".
SOCAR rəsmisi qeyd edib ki, Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunandan sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər. Qeyd edək ki, bu gün sürücülər yanacağın keyfiyyətindən heç də razı deyillər.
Əgər bu gün SOCAR yanacağa bəzi qatqılar da əlavə edildiyini etiraf edirsə, bəs buna hansı qurum nəzarət etməlidir?
İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, əgər SOCAR rəsmisi tərəfindən satışda olan yanacağın keyfiyyətində çatışmazlığın olduğu barədə məlumat ictimaiyyətə açıqlanırsa demək ki, bu sahədə nəzarət imkanları yoxdur:

"SOCAR istehsalçıdır və bilavasitə onun buna nəzarət mexanizmi yoxdur. Əgər SOCAR-ın istehsal etdiyi məhsul neft-bazalarda bu və ya digər yanacaq doldurma məntəqələrinə cavabdeh hüquqi şəxs tərəfindən keyfiyyətsiz alınarsa, buna SOCAR cavabdeh idi. Ancaq SOCAR istehsal etdiyi məhsula cavabdehlik daşıyır. Onun istehlakçıya çatdırılması üçün çoxlu mərhələ keçir. SOCAR-ın həm istehsalla məşğul olub, həm mərhələlərə nəzarət etməsi mümkün deyil. Yəni bunu SOCAR özü etiraf edirsə, demək, məsuliyyət daşımır. Buna nəzarət etməli olan qurum Energetika Nazirliyi, ictimai qurum kimi Azad İstehlakçılar Birliyidi, yaxud ayrıca bir qurum yaratmaq yolu ilə bu məsələyə ciddi diqqət yetirilməsi həllini gözləyən problemdir. Hətta bu təşkil olunsa belə, bu sahədə tam keyfiyyətə nail olmaq mümkün deyil".
Ekspertin fikrincə, əgər SOCAR-ın keyfiyyətlə bağlı məsuliyyət daşımadığını deyirsə, nəzərə almalıyıq ki, SOCAR bu gün Avropa standartlarına uyğun yanacaq məhsulları istehsal edə bilmir:
"SOCAR-ın istehsal etdiyi nə dizel yanacağı, nə Aİ-92 Avro-5 standartlarına uyğundur. Problemin də kökü məhz bundan başlayır. Əgər Avropa standartlarına uyğun yanacaq istehsal edə bilmirsənsə, təbii ki, onda müxtəlif qatqılar həyata keçirmək imkanları geniş xarakter daşıyacaq, buna zəmin olacaq. Demək problemin kökü məhz ondadır ki, adıçəkilən qurum tezliklə Avro-5 standartlarına uyğun Aİ-92 və dizel yanacaqları istehsal etməyə başlamalıdır. Bunun əvvəllər 2017-ci il üçün nəzərdə tutulduğu deyilirdi, sonra Qarabağda müasir neft emalı zavodu tikiləcəyini desələr də, bu da alınmadı. Daha sonra bunu 2021, 2022-ci il, indi də SOCAR rəsmisi 2023 -cü ildə reallaşacağını deyib. Avropada əhali artıq elektromobillərə keçib, bizimkilər hələ 2023-cü ildə Avro-5 standartlarına uyğun dizel yanacağı, Aİ-92 istehsal edəcəyi haqqında proqnoz verir. Onda belə bir sual yaranır ki, Avropada dayanıb bizi gözləyirlər? Onlar da artıq Avro-7, daha yüksək standartlara uyğun yanacaq istehsal etməyə başlayacaqlar. Nəticədə isə bizdə yenə də geri qalma reallığı ortaya çıxacaq.
Bu mənada SOCAR hara çevirsə də ilk növbədə günahı özündə görməlidir. İndiyədək ölkədə bu qədər maliyyə, investisiya qoymaq imkanları olduğu halda nəyə görə Avro-5 standartlarına uyğun yanacaq məhsulları istehsal edə bilməyib? Nəyə görə biz Aİ-95, Aİ-98-i Rumıniyadan, Rusiyadan alaq? Rumıniya neft ölkəsi deyil. Rusiyanın da elə böytük texnologiya imkanları yoxdur. Necə olur ki, Aİ-95-i bu ölkələrdən alırsan? Yəni bu özü utandırıcı bir faktordur. Ona görə də təəssüflər olsun ki, Azərbaycan istehlakçıları bu gün olduğu kimi hələ bir müddətdə də təmiz, qatqısız yanacaq məhsulları əldə edəcəyinə ümid etməməlidir. Biz yenə də ayrı-ayrı yanacaqdoldurma məntəqələrinin işindən narazı qalacaqğıq və neft məhsulları istehsal edən SOCAR istehsalçı olaraq buna məsuliyyət daşımadığını bəyan edəcək".
Tarix: 2-12-2021, 14:30
Xəbəri paylaş



Xəbər lenti