Pandemiya təhsili daha çox vurdu


Ali məktəblər işə başlasa da hələ də tədrisə qoşulmayanlar var

Azərbaycanda təhsil alan xarici tələbələrin bir qismi ölkəyə gələ bilmir

Pandemiya səbəbindən sərhədlərin bağlı olduğu ölkələrdən Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir.

"Aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan, digər ölkələrin vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər. Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırıb, həmin şəxslərin ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması yerli ali təhsil müəssisələrinə tapşırılıb" - deyə məlumatda qeyd olunub.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan təhsilindən tək Azərbaycan vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Ekspert qeyd edib ki, bu gün xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürülür: 

“Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir. Düzdür, ölkəmizdə təhsil alan əcnəbilərin sayına baxanda, dünyanın inkişaf etməkdə olan ölkələri ilə müqayisədə nəticənin ürəkaçan olmadığı görünür. Məsələn, Sinqapurun ərazisi Bakının yarısı boydadır. Amma buna baxmayaraq, Sinqapurun iki universitetində əcnəbi tələbələrin sayı ildə 80 min nəfər olur. Türkiyədə xaricdən gəlib təhsil alanların sayı 850 min, Rusiyada isə 240 min nəfərə çatır. Xarici ölkələrdən tələbələrin gəlməsi üçün ilk növbədə universitetlər ölkə təhsili tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma biz bunları, təəssüf ki, universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi aktiv piar aparmalı, xaricdə təhsil sərgilərində universitetlər iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Bundan sonra ciddi uğurlara imza atmaq olar”.
Ekspert vurğulayıb ki, xarici vətəndaşın universitetə qəbul əmri verildiyi gündən o, universitetin tələbəsi statusunu alır: “Azərbaycanda 1 il 8 aya yaxındır ki, pandemiyadır və bir sıra məhdudiyətlər tətbiq edilir. Onlardan biri də xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili ilə bağlıdır. Ölkəmizdə 22-29 sentyabrdan tədris bərpa ediləndən sonra xarici tələbələrin tam şəkildə tədrisə bərpasında müəyyən ləngimələr oldu. Belə ki, onların ölkəmizə girişi, vaksinasiya kimi məsələləri həll etmədikləri üçün hələ də tədrisə qoşulmayanlar var”.

Tarix: 23-11-2021, 08:34
Xəbəri paylaş



Xəbər lenti