Baş alıb gedən suni qiymət artımı... - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır?



Bazardakı süni qiymət artımının qarşısını almaq üçün bu qurum hansı səlahiyyətlərindən niyə istifadə eləmir?..
Azad İstehlakçılar Birliyinin sədri: “Böyük marketlərdə taxçalara mal yerləşdirmək üçün bəri başdan təhcizatçılardan külli miqdarda pul tələb olunur. Həmin pullar da sonra malların üzərinə gəlir. Dövlət bu işlərlə məşğul olmalıdır”.
“İqtisadiyyat Nazirliyinin tərkibində elə bir qurumun olması absurddur. Buna görə də bu qurum effektli işləyə bilmədi”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov ölkədə baş verən suni qiymət artımını və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.
Azərbaycanda qiymət arımı son aylar ictimaiyyəti əsas narahat edən problemlərdən birinə çevrilib. Bütün bunlara baxmayaraq, süni qiymət arımı dayandırılmır. Bilirik ki, süni qymət artımın qarşısının alınması ilə bağlı nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Lakin bu günə qədər bu qurumun süni qiymət arımına qarşı heç bir fəaliyyəti hiss olunmur. Bu Agentliyin nəylə məşğul olduğu da bilinmir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini necə dəyərləndirmək olar və bazardakı süni qiymət artımının qarşısını almaq üçün bu qurum hansı səlahiyyətlərindən niyə istifadə eləmir?

Eyyub Hüseynov: “Suni qiymət artımının digər səbəblərindən biri böyük market şəbəkələrində baş verən qanunsuzluqlardır”.
Əgər hökumət istehlakçı hüquqlarının qorumaq istəyirsə, bazarda monopoliyanın qarşısını almaq istəyirsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunu müstəqil qurum etməli olduğunu düşünən Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a bildirib ki, hökumət bu qurumu İqtisadiyyat Nazirliyinin tərkibinə verməklə səhvə yol verib:
“Ümumiyyətlə o qurum dövlətin çox əhəmiyyətli bir qurumudur. O qurum 2009-cu ildə yaradılanda bizim təşkilat bayram edirdi. Düşündük ki, əhalinin bizə olan şikayətləri azalacaq və biz də rahat olacağıq. O vaxt bu qurumun adı Antiinhisar və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidməti idi. Sanki dövlət sonradan istehlak hüququnun qorunması məsələlərini oraya daxil etməkdən peşman oldu. Buna görə də 2018-ci ildə qurumun adını dəyişdirib Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qoydular.
Bu qurum yaranan gündən biz onu Azad İstehlakçılar Birliyinin əlil uşaqları adlandırdıq. Bizdən sonra yarandıqlarına görə onlara uşaqlarımız deyirik. Əlil də ona görə deyirik ki, lazımı səviyyədə iş görə bilmədilər. Yəni onlar istehlakçı hüquqlarını qorumaq üçün lazımı iş aparmadılar. 1991-ci ildə qəbul olunmuş İstehlakçıların hüquqları haqqında artıq çoxdan köhnəlib. Həmin qanuna 7 dəfə dəyişiklik olub. İstehlakçıların hüquqlarının məhdudlaşdıran maddələr qanuna daxil edilib.
Əgər hökumət istehlakçı hüquqlarının qorumaq istəyirsə, bazarda monopoliyanın qarşısını almaq istəyirsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunu müstəqil qurum etməli idi. Yəni hökumət bu qurumu İqtisadiyyat Nazirliyinin tərkibinə verməklə səhvə yol verdi. Çünki İqtisadiyyat Nazirliyinin əsas məqsədi biznesi inkişaf etdirməkdir. İstehlakçı hüquqlarının qorunması fəlsəfəsi isə biznesin nöqsan cəhətlərini tənqid edib, onlara təzyiq göstərməkdir. Burada maraqlar konflikti var. İqtisadiyyat Nazirliyinin tərkibində elə bir qurumun olmadı absurddur. Buna görə də qurum effektli işləyə bilmədi.

Mən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunun fəaliyyətini pis qiymətləndirirəm. Dəfələrlə qurumun fəaliyyətini tənqid etmişəm. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunun əli-qolu bağlıdır. Çünki hökumətin səhv siyasəti var. Hökumət ancaq biznesin inkişafını irəli verib. İstehlakçıların hüquqlarının qoruması arxa planda qalıb.
Eyyub Hüseynov: “10 ildən artıqdır ki, ölkədə antiinhisar məcəlləsi qəbul olunmur”.
Belə olan halda da, təbii ki, suni qiymət artımı baş verəcək. Təsadüfi deyil ki, ölkə prezidenti bütün iqtisadi çıxışlarında qeyd edib ki, ölkədə inhisarçılar var. 10 ildən artıqdır ki, ölkədə antiinhisar məcəlləsi də qəbul olunmur. Qanunların zəif olduğu şəraitdə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumu effektli işləmir və işləməyə də qadir deyil.
Suni qiymət artımının digər səbəblərindən biri böyük market şəbəkələrində baş verən qanunsuzluqlardır. Bunula bağlı artıq biz məsələ qaldırmışıq. Böyük marketlərdə taxçalara mal yerləşdirmək üçün bəri başdan təhcizatçılardan külli miqdarda pul tələb olunur. Həmin pullar da sonra malların üzərinə gəlir. Dövlət bu işlərlə məşğul olmalıdır.
Nazirlər Kabineti maketlər üçün qərarlar hazırlamalıdır. Rusiya və Türkiyədə olduğu kimi bizdə də marketlər haqında qanun olmalıdır. Maketlərdə taxçalar qarış-qarış təhcizatçılara satılmalıdır. Üstəlik təhcizatçıların gətirdiyi malın dəyərinin ödənilməsində də problemlər var. Süründürməçilik edilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumunun bu sahədə də fəaliyyəti qənaətbəxş deyil”.
Qeyd edək ki, İqsadiyyat yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Sahib Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc edilib. Sahib Məmmədovun xidmət rəisi vəzifəsində sadəcə “formal” şəxs olduğu, adı çəkilən qurumu əslində nazirin yaxın adamlarının idarə etdiyi etdiyi bildirilir.

Mətbuatda son zamanlar gedən məlumatlarda isə bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisi Sahib Məmmədovun səhvi ucbatından sahibkarlar əziyyət çəkir. Bir qrup sahibkar artıq İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Həmin şikayətdə qeyd olunur ki, Xidmət rəisi sahibkarları qanunsuzluqlara sövq etməklə yanaşı, həm də onları sıxışdırır və biznesin inkişafına maneələr yaradır. Həmin məlumatı oxucuların diqqətinə təqdim edirik:
Xidmət rəisi Sahib Məmmədov sahibkarları belə yükləyir... - Sahibkarlar nazirə faktlarla şikayət etdi
Nərminə UMUDLU
pia.az
Tarix: 16-11-2021, 13:20
Xəbəri paylaş



Xəbər lenti