Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata görə, iki ixtisas qrupunda I və III qruplar altqruplara ayrılır. Belə ki, I ixtisas qrupu üzrə informatika yönümlü ixtisasların müsabiqəsində iştirak etmək istəyənlər qəbul imtahanının ikinci mərhələsində riyaziyyat, fizika, informatika fənlərindən; mühəndislik ixtisaslarının müsabiqəsində iştirak etmək istəyənlər riyaziyyat, fizika, kimya fənlərindən imtahan verəcəklər. Bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyənlər isə riyaziyyat, fizika, kimya fənnindən imtahan verməklə yanaşı, sonradan informatika fənnindən də imtahan verə bilərlər. Bu, 2023/2024-cü il üçün keçiriləcək qəbul imtahanlarına şamil edilməklə növbəti tədris illərində qəbul imtahanları üçün nəzərdə tutulub.
III ixtisas qrupunda isə 2022/2023-cü tədris ilindən başlayaraq ixtisaslar dil-tarix (DT) və tarix-coğrafiya (TC) olmaqla iki altqrupa bölünüb. Belə ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın 2-ci mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcəklər. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə 2-ci mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməli olacaqlar.
Bəs bu dəyişiklik hansı zərurətdən yarandı? Təhsilimizin gələcəyi üçün nə vəd edir? AYNA-nın suallarını cvablandıran təhsil ekpserti Elvin Bədirov DİM-in yeni addımını məcburiyyətdən atılan addım olsa da, bunu tam doğru hesab etmir: “Əvvəla, qeyd edim ki, 2007-ci ilə qədər 3-cü ixtisas qrupunda coğrafiya fənni var idi və beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları da 3-cü ixtisas qrupuna aid idi. Sonra yanlış olaraq bu ixtisaslar 2-ci ixtisas qrupuna aid edildi. Əsaslandırıldı ki, coğrafiya fənni bu qrupdadırsa, bu ixtisaslar da bu qrupda yer almalıdır. O zaman da çox az sayda olan bizlər bu addımın yanlış olduğunu dilə gətirdik, amma qərar uzun müddət dəyişmədi, nəticə isə göz qabağındadır, heç biri özünü doğrultmadı”.
“Təəsüf ki, bu səfər doğru addımı çox gec atsalar belə, doğru addımın ardınca yenidən yanlış qərarlar qəbul edirlər. Əvvəlcə qeyd edim ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına tam sahiblənmək heç də coğrafiya fənnindən asılı deyil. Şagirdin ümumi qabiliyyət və bacarıqları, intellektual səviyyəsi yüksək olarsa, bu sahədə kifayət qədər uğurlu ola bilər. Təhsil göstəriciləri yüksək olan istənilən tələbə bir diplomat üçün zəruri olacaq coğrafi bilikləri çox qısa müddətdə əldə edə bilər”, - deyə ekspert bildirib.
Həmsöhbətimiz bu qərarı irəliyə doğru atılmış addım kimi qəbul etmir: “Etiraf etmək lazımdır ki, çox az şagird var ki, onlar əsas hədəf olaraq regionşünaslıq ixtisasını götürür, əksəriyyət isə məcburiyyətdən bu addımı atır, təki qəbul olsun. Jurnalistika ilə bağlı reallığı görürük. Dəyişiklikdən sonra ballar nə qədər aşağı düşüb, bu addım əks təsir göstərir. İndi isə şagirdlərin ya az qismi məqsədyönlü coğrafiya oxuyub ədəbiyyatı oxumayacaq, ya da əksəriyyəti 6 fəndən hazırlaşmağa məcbur qalacaq ki, bundan nə valideyn, nə şagird, nə məktəb nə də ölkə təhsili qazanacaq. İrəliyə doğru atılmış addım hesab etmirəm”.
Bədirov birinci ixtisas qrupundakı bənzər dəyişiklikdən danışarkən bu qərarın bir müddət sonra dəyişəcəyini düşünür: “Eyni hadisənin 1-ci ixtisas blokunda informatika ixtisası üzrə sınanacağını görürük. Kimya fənninin yerinə informatika fənni tətbiq ediləcək. Prosedur təxminən bəllidir. Lakin effektivliyi sual doğurur, əminəm ki, bir müddət sonra bu səhv addım da dəyişdiriləcək, lakin anlamaq və qəbul etmək lazımdır ki, təhsilimiz təcrübə meydanı, abituriyentlərimiz isə təcrübə predmeti deyil”.
“İxtisaslaşma və fənn bölgüsündə olan problemlər həll edilmədiyi üçün biz bu cür çətinliklərlə qarşılaşırıq. Problemin həlli yolu ixtisasları aid olduğu yerdə saxlamaqdadır. Təsəvvür edin, birinci ixtisas qrupunda sırf coğrafiyadan asılı ixtisaslar var, amma ikinci ixtisas qrupuna artırılmır. Nə edək? 1-ci ixtisas qrupuna da coğrafiya fənni əlavə edək? Problemin həlli fənn artırıb-azaltmaq deyil”, - deyə mütəxəssis vurğulayıb.Əlavə edib ki, beynəlxalq münasibətlər və diplomatiya üçün ən uyğun yer 3-cü ixtisas blokudur: “Lakin şagirdin iş yükünü artırmaqla, onu 6 fəndən hazırlığa sövq etməklə buna nail olmaq olmaz. İkinci ixtisas qrupu bu ixtisasları sözün bütün mənasında ən hörmətsiz ixtisaslara çevirdi. Keçid balları 150 bal olmaqla bərabər, hər universitetdə qalaq-qalaq boş yerlər qaldı və heç kim iddia edə bilməz ki, 150 ballıq tələbələrlə əla mütəxəssislər hazırlandı. İntellektual çəkisi yüksək olan humanitar sahə üzrə abituriyentlər bu ixtisaslar üçün ən uyğun namizədlərdir”.