Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...


Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...Foto: Arxiv

Keçən il qar yağıb küçələri iflic edəndə adını unutduğum məsul şəxslərdən biri "biz qara alışmamışıq, qəflətən yağır, ona görə də hazırlıqlı olmuruq" demişdi. Yəni biz Sibirdə, Yakutikayda yaşamış olsaydıq, hazırlıq səviyyəmiz də ona uyğun olacaqmış, Odlar Yurdunun adamları olaraq biz ancaq isti havalara hazırlıqlıyıq (yaya hazırlıq deyəndə o da son illərdə paytaxt küçələrindəki “Bakubus”larda kondisionerlərin işə salınmasından söhbət gedir).

Payız gəlib, həm də ədəbi-ərkanıyla, başında buludu, yağışı... Bakı üçün payız romantikası da yerlər göllənənə qədər davam edir. Elə ki, su topuğa çıxır, şəhər küçələrində yağış sularının axması üçün yer tapılmır, başlayır "biz yağışa da alışmamışıq" söhbəti.
Sinoptiklər bu həftənin yağışlı keçəcəyini deyiblər. Yəni "Allah kərimdir. Bir azdan kəsər problem qalmaz" deməyə ümid yoxdur. Bakı şəhərinin kanalizasiya problemi yağmur yağan kimi üzə çıxır.
Dəfələrlə deyildiyi kimi, Bakıda kanalizasiyalar ötən əsrin 70-ci illərində tikilib və o zamankı Bakının infrastrukturuna uyğundur. 1970-ci ildə “Qiprokommundortans” tərəfindən Bakının yağış kanalizasiyası planı hazırlanıb, ancaq işlər yekunlaşdırılmayıb. 1997-1998-ci illərdə “Montgomery Watson” və “Azspesprominvest” müəssisələri birlikdə “Böyük Bakının su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi” layihəsini hazırlasa da, layihə sona çatdırılmadı.
O zamandan bu yana Bakı çox böyüyüb, əhali sayı artıb. Üstəlik, özbaşına tikililər, 90-cı illərin tikinti bumunda şəhərsalma layihələrində yol verilən səhlənkarlıq bu günkü qabarıq problemlərdə özünü göstərir.
"Azərsu" isə deyir ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması məqsədilə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb. Bu plan indi hazırlanıbsa, 2035-ci ilə qədər Bakının əhalisi Allah bilir, neçə dəfə artacaq. O zaman bu plan heç 35-ci ildə yaşayanaların da işinə yaramayacaq. Yaxşı bəs 2035-ci ilə qədər nə edək, necə edək?
Hər il Prezident risklərin aradan qaldırılması üçün “Azərsu” ASC-yə on milyonlarla manat ayırır. 2016-cı ildə İlham Əliyev Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrupu yaradıb. Bakıda “Ağ şəhər” deyilən ərazidə su təchizatının, kanalizasiya və yağış suları sistemlərinin rekonstruksiya işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb və bunun üçün quruma 3 milyon manat vəsait ayırıb. İnsafən deyək, bu layihə keyfiyyətlə yerinə yetirilib. Bu saat Bakı şəhərində ən yeni, ən qüsursuz kanalizasiya sistemi məhz "Bakı Ağ Şəhər" layihəsindədir. Kollektorlar böyükdür, ərazidə məskunlaşma tamamlanmayıb və hər şey necə deyərlər "qəttəzə" qalıb.
2018-ci ildə Azərbaycan Prezidenti Bayıl-Bibiheybət-Lökbatan kollektorunun tikintisi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə 3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Kollektorun tikintisində məqsəd Bakı körfəzində çirkab sularının qarşısının alınması, eləcə də, Bayıl, 20-ci sahə və Şıxovda belə suların axıdılması sisteminin təşkilidir.
Ümumilikdə 2018-ci ildə Azərsu” ASC-yə 60 milyon manata yaxın vəsait ayrılıb. Əhalinin su təchizatında narazılıq olmasa da, kanalizasiya sistemi barəsində bunu deyə bilmərik. 21-ci əsrdə Bakıətrafı qəsəbə və kəndlərdə hələ də "Şanpo"dan istifadə edilir. Yəni hamı həyətində quyu qazır, kanalizasiya sularını bu quyuya axıdır, dolduqca da pul verirlər, kanalizasiya idarələrindən gəlib boşaldırlar. Bir çox qəsəbələr suyu su maşınlarından almaq məcburiyyətindədir. Yəni suya da pul ver, kanalizasiyaya da. Üstəlik, yağış yağanda küçələri basmış suyun içində qal. Həm də təkcə yağış sularının yox, çox zaman kanalizasiyalar daşır və çirkab suları da bu sulara qarışır. Varlıq içində yoxluq çək. Yeməkdən ümid yaxşıdır deyiblər, yəqin elə islananda da yaxşı günlərə ümid eləmək yaxşıdır. Gözləyin 2035-ci il gəlsin. Daha nə qalıb ki, 14 payız, 14 də qış...
Tarix: 28-09-2021, 12:25
Xəbəri paylaş



Xəbər lenti