Evlənsələr də, “ev”lənə bilmirlər: Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq?


Evlənsələr də, “ev”lənə bilmirlər: Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq?

Ölkə əhalisinin müəyyən bir qisminin kirayədə yaşaması ilə bağlı problem uzun illərdir ki, həllini tapmır.
Bu problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, həmin layihələr demək olar ki, evsiz insanlarını sayının azalmasında böyük rol oynamadı. Bu gün hələ də paytaxtda kirayədə yaşayan yüzlərlə insanlar var. Bakıda çox sayda yeni binalar inşa edilsə də, həmin evlərin əksəriyyəti yenə də evi olan vətəndaşlar tərəfindən alınır. Yəni evi olan yenə ev alır, evsiz olan yeni evsiz qalır. Bu da onu göstərir ki, Bakıda inşa edilən yeni binalar yenə də imkanlılar üçün nəzərdə tutulur.
Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Kirayə mənzillərin verilməsi kimi layihələr həyata keçirilsə də, bu sahədə mövcud problemlər hələ də tam həllini tapmayıb.
Qeyd edək ki, 2019-cu ildə ölkə başçısının Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq edib. Bu layihə əsasında mənzil sahibi olanlar da var. Ancaq digər ipoteka növlərindən yararlana bilməyən vətəndaşlar kirayə mənzil layihəsindən istifadə etməyi düşünsə də, bu layihə də onların problemini həll etmədi. Əsas səbəblərdən biri də odur ki, bu layihədə müraciət qaydalarında əsas amillərdən biri kimi həmin şəxsiə məxsus VÖEN-in olması göstərilir. Bu isə o deməkdir ki, rəsmi işdə çalışmayan vətəndaş ev sahibi ola bilməz. Qiymətlərin bahalığı isə başqa bir problemdir. Bu, xüsusilə gənclərin ailə həyatı qurmasına, daha sonra evsizlikdən problemlərin ortaya çıxmasına səbəb olur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, kirayə mənzillərin ipotekadan fərqi dövlət ipotekası vasitəsi ilə mənzil aldıqda maaşın yüksək olması, rəsmi iş yerin olmasıdır və digər şərtlərdir:

“Burada isə şərtlər fərqlidir. Məsələn, usta, sənətkar, dərzi və digər xidmət sahəsində çalışan vətəndaş VÖEN üzərindən fəaliyyət göstərirsə, vergisini ödəyirsə, gəlirlərini göstərə bilirsə, onlar da həmin layihədən yararlana bilirlər. Burada ilkin ödəniş olaraq 10-12 aylıq kirayə haqqını ödəyirlər. Bu yeni başlamış bir layihədir.
Çox da böyük binalar yoxdur. Bu layihəyə vəsaiti bank verir, bank da özünü sığortalamaq üçün həmin şəxsin gəlirini bilməlidir. Bəzi tikinti şirkətləri var ki, onlar 10-15 illik kreditlə mənzil satırlar və yüzlərlə problemli kreditli mənzillər var. Onun reklamı gedir ki, ilkin ödənişi 5-8 min manatdır və vətəndaşlar gedib alır, aylıq ödənişi 800-1500 manatdır. Ancaq bir, iki ay ödəyir, sonra ödəyə bilmir. Burada artıq problemli kreditli mənzilə çevrilir. Məcburən bank bu mənzili hərraca çıxarır, başqa bir vətəndaşa satır ki, öz pulunu götürə bilsin. Bu problemli mənzillərin sayı kütləvi olanda, əmlak bazarına da təsir edir. Bankın da işi pulunu satmaqdır”.
Ekspertin sözlərinə görə, Avropa ölkələrində bazar idarəetmə sistemi bələdiyyələrdədir:
“Hər bələdiyyənin özünün sosial evləri var. Vətəndaş kirayədə qalır, kirayə pulunu ödəyə bilmir, bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyə onun rəsmi sənədini yoxlayır, görür ki, gəliri yoxdur. Bu zaman vətəndaşı bələdiyyənin balansında olan sosial evə yerləşdirir. Əgər 600-700 avroya kirayə qalırdısa, bələdiyyə həmin evi 50-150 avro qiymətə veir. Həmin vətəndaş ev tapıb, işlə təmin olunana qədər o sosial layihədən yararlanır. Bu layihə illərlə də çəkə bilər. Eləcə də vətəndaş istəsə həmin evi ala da bilər və indiyədək ödədiyi məbləğ həmin evin pulundan çıxılır”.
Ekspertin fikrincə, ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzilllərin verilməsi kimi layihələrin yaxşı tərəfi odur ki, insanlar bu layihələrdən yararlanmaq üçün vergidən yayınmayacaqlar. Hamının istəyi odur ki, layihələr geniş yayılsın ki, hamı ev əldə edə bilsin.
Tarix: 11-09-2021, 23:11
Xəbəri paylaş



Xəbər lenti