Neqativ.com Publika.az-a istinadən Mediasiya Şurası İxtisas Komissiyasının üzvü, Mediator Natəvan Rüstəmova ilə müsahibəni təqdim edir. Əvvəlcədən qeyd edək ki, Mediasiya İnstitutu Azərbaycanda yeni yaranıb və cəmiyyətdə böyük marağa səbəb olub.
- Natəvan xanım başlayaq Ailə mediasiyasından. Ailə mediasiyası deyəndə nə başa düşülür?
- Ailə mediasiyası mediasiyanın bir növü olaraq cütlüklərin (ər-arvadın) nikahlarının davam etdirilməsi şərtləri və ya ayrılmaları ilə bağlı uşaqlar və maliyyə məsələrinə dair mübahisələrin həll edilməsi məqsədi ilə təşkil olunan, mediator tərəfindən asanlaşdırılan bir prosesdir.
Ailə mediasiyası mediasiyaların ən çətinidir məncə, çünki ən həssas məsələlərə toxunur (ailənin dağılmaması üçün çütlüklərin ailə münasibətlərində olan problemlərin həll olunması, nikahın pozulduğu halda bundan irəli gələn mübahisələr, xüsusi ilə birgə nikahdan olan uşaqların gələcək həyatı,inkişafı, tərbiyəsi, psixoloji durumu, cütlüklərin birgə yaşayış dövründə əldə etdikləri əmlakın bölgüsü və s.). Bu məsəsələlər təkcə ər-arvada, onların uşaqlarına deyil, eləcə də hər iki tərəfin ailələrinə, qohumlarına təsir edir. Ailə münasibətlərindən irəli gələn mübahisələr insanların şəxsi həyatına toxunduğuna görə mediatordan təkcə mediasiya texnikalarını tətbiq etmək deyil, eyni zamanda insanların psixoloji vəziyyətini düzgün dəyərləndirmək bacarığını tələb edir.
- Bəs Ailə mediasiyası hansı işlərə tətbiq olunur?
- “Mediasiya haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər:
- nikahın davam etdirilməsi şərtləri;
- valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
- uşağın yaşayış yerinin müəyyən edilməsi;
- uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin
saxlanılması qaydası;
- ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
Ailə mediasiyasında hansı məsələlər həll olunur sualına daha detallı cavab vermək üçün misal gətirim. Məsələn, qanuna əsasən nikahın davam etdirilməsi şərtlərinə mediasiya prosesində baxıla bilər. Məhkəmədə siz nikahın davam etdirilməsi şərtlərini müzakirə etmirsiz, belə iddialar məhkəməyə verilmir. Amma mediasiyada bu mumkündür. Yəni nikah pozulmadan ər-arvad arasında olan narazılıqların aradan qaldırılması və gələcəkdə mübahisələrin yaranmaması üçün danışıqlar gedir, mediasiya aparıllr və tərəflər qarşılıqlı razılığa gəlir. Yox əgər ər-arvad boşanmaq istəyirlərsə mediasiyada bu məsələ və boşanmadan irəli gələn digər mübahisələr müzakirə oluna bilər; mediator boşanmaq istəyən şəxsləri barışdırmaq öhdəliyi daşımır (yalnız tərəflər nikahın davam etdirilməsini müzakirə etmək istəsələr, o zaman mediator bunun ətrafında danışıqlar aparır).
Belə bir fikir tez tez söylənilir ki, mediator ailənin dağılmaması üçün əlindən gələni etməlidi, lakin professioanl mediatorlardan öyrəndiklərimizdən və oxuduqlarımızdan onu başa düşürük ki, mediator ağsaqqal (insanlara nəsiyyət verən, səhvini başa salan, yol göstərən şəxs) rolunu oynamır və mediasiya könüllüluk prinsipinə əsaslandığına görə mediator tərəflərin mediasiyada hansı məsələləri müzakirə edəcəklərinə əsasən hərəkət etməlidi; tərəflərin razılığı olmadan onları nəyin bahasına olursa olsun barışdırmağa çalışmamalı, tərəflərin qaldırmadığı məsələləri onların razılığı olmadan ozü irəli sürməməlidi. Bəzi mediatorlar hər iki tərəfə təklikdə nəsiyyət verməyə cəhd edir, onların səhvlərin göstərməklə, utandırmaqla barışığa çağırır, məncə bu cür prosesi artıq mediasiya adlandırmaq olmaz.
- O zaman Ailə mediasiyasının digər mediasiyadan fərqi nədədir?
- Ailə mediasiyasının mediasiyanın digər növlərindən əsas fərqlərindən biri ondan ibarətdir ki, ailə mediasiyasında uşaqların üstün maraqları nəzərə alınır, yəni ailə mediasiyasında mediatorun çox vacib öhdəliyi var ki, o da uşaqların maraqlarının valideynlərin planlarına deyil, valideynlərin planlarını uşaqların maraqlarına uyğunlaşdırılmasından ibarətdir. Uşaqların üstün maraqları dedikdə biz nələri nəzərdə tuturuq? Mediator prosesi apaparkən nələri təmin etməlidir?
Uşaqların üstün maraqları deyildikdə birincisi uşağı üzləşdiyi psixoloji və fiziki zorakılıqdan (əsasən ailədaxili məişət zorakılığı nəzərdə tutulur) qorumaq nəzərdə tutulur. Daha sonra, uşağın hər iki valideynlə stabil və lazımi ünsiyyət qurmasını təmin etmək, inkişafının hər mərhələsində uşağın emosional sağlamlığını, stabilliyini və fiziki qayğısını təşviq edən şəraiti təmin etmək ailə mediasiyasında diqqət mərkəzində olmalıdır. Daha bir vacib məsələ valideynlər tərəfindən uşaqların əsas və xususi ehtiyaclarının təmin edilməsi imkanlarının aşkarlanması, uşağın təhsil və digər hüquqularının təmin olunmasıdır. Ümumiyyətlə ailə mediasiyasında uşaqların maraqları dedikdə çox suallar ortaya çıxa bilər. Daha detallı sadalamaq olar: ayrılmadan əvvəl hər bir valideynin üzərinə götürdüyü uşağın qayğısına qalmaq öhdəliyi, valideynlər arası münaqişədən uşağın qorunması, hər bir valideynin digər valideyn və uşağın arasında yaxın münasibətin olmasının təşviq edilməsi,uşağın valideynlərlə olan münasibətinin keyfiyyəti,uşaqla bağlı vacib məsələlərlə əlaqədar valideynlərin ünsiyyət qurması və əməkdaşlıq etməsi, uşağın şəxsiyyət, xarakter və emosional ehtiyacları , atanın və ya ananın ailəsinin digər üzvləri ilə stabil və lazımi ünsiyyət qurması, hər hansı valideynin cinsinə görə hər hansı valideynə üstünlük verilməməsi, uşağın valideynləri ilə olan yeni şəraitə uyğunlaşması, uşağın mədəni, etnik və dini mənşəyi (vəziyyəti), uşağın ifadə etdiyi fikir və arzular, və bu siyahı çox geniş ola bilər.
Ailə mediasiyasının mediasıyanın digər növlərindən ikinci bir fərqi isə ondan ibarətdir ki, ailə mediasiyasında tərəflərin psixoloji və emosional vəziyyətləri nəzərə alınır, daha çox empatik yanaşma tətbiq olunaraq tərəflərin keçirtdiyi sarsıntılar müzakirə oluna bilər, tərəflərin həm proseslə bağlı, həm həyatlarında baş verənlərlə bağlı hisslərinə xüsusi diqqət yetirilir .
- Ailə mediasiyası məcburidirmi?
- “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu o deməkdir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyanın ilkin mərhələsindən keçmək lazımdır. Buna ilkin mediasiya sessiyası deyilir ( İMS).
- Ailə mediasiyasında insanları hansı xərclər gözləyir?
- Mediasiya xərcləri dedikdə ilk öncə onu qeyd etmək lazımdır ki, xərcləri iki hissəyə bölmək lazımdır – ilkin mediasiya sessiyası (İMS) ilə bağlı xərclər və tam mediasiya sessiyası ilə bağlı xərclər.
İMS ilə bağlı xərclər AR Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği təsdiq edilmişdir. Bu qərara əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə İMS üçün haqq 50 manat məbləğində, İMS-in təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilmişdir.
Tərəflər tam mediasiya sessiyasına getmək istəsələr, “Mediasiya haqqında” qanuna əsasən nəzərdə tutulmuş xərclərdən xəbərdar olmalıdı. Həmin qanunun 36.1-ci maddəsinə əsasən mediasiya prosesinə dair xərclərə mediatora ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsi ilə müsbət həll olunduqda mediatora ödənilən mükafat, və eləcə də mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun çəkdiyi xərclər daxildir. Tam mediasiya sessiyası üçün mediatorun haqqı (və eləcə də əlavə mükafat) mediatorla tərəflər arasında olan razılaşmadan asılıdır.
- Nə üçün tərəflər ailə mediasiyasın seçməlidir, məhkəməni deyil? Ailə mediasiyasının üstunlükləri nədədi?
- Ümumiyyətlə onu qeyd edə bilərəm ki, digər mediasiya
növlərindəki kimi ailə mediasiyası da mübahisənin həlli üçün məhkəmədən daha rahat və effektiv vasitə hesab edilir.
- Vəsaitə və vaxta qənaət,
- prosesin konfidensial şəraitdə getməsi,
- tərəflərin müstəqil şəkildə qəbul edilə bilən qərar tapmaq imkanı, - tərəflərin maraqlarına uyğun (təkcə qanuna deyil) məsələlərin həlli imkanı,
- tərəflərin mediasiya prosesinə nəzarət etmək imkanının olması,
- məhkəmədə çox dərin müzakirə edilməyən məsələlərin mediasiyada müzakirə etmək imkanı (məsələn, ayrıldıqdan sonra normal münasibərlərin saxlanılması məqsədi ilə),
- artıq həll olunmuş məsələlərə yenidən baxmaq imkanı ( məsələn, məhkəmənin alimentlə bağlı qanuni qüvvəyə minmiş qətnaməsi var, lakin tərəflər mediasiyada həmin məsələni yenidən müzakirə edir və yeni razılaşmaya gələ bilirlər), və bunlar kimi bir çox üstünlükləri qeyd etmək olar.
Ümumiyyətlə məhkəmədən fərqli olaraq, hər iki tərəfi qane edən razılaşma əldə etmək mediasiyanın ən böyük üstünlüyüdür.
Deyilənləri konkretləşdirərək bu üstünlüklərin içində hansınısa
vurğulamaq istəsəm onu qeyd edərdim ki, ailə mediasiyasının bir yaxşı xüsusiyyəti var: məhkəmədə çox ətraflı diqqət yetirilməyən, müzakirə olunmayan məsələlər mediasiyada müzakirə oluna bilir. Məsələn, məhkəmədə uşaqla ünsiyyət məsələsinə baxılır, lakin uşağın böyüməsində, inkişafında, tərbiyəsində, təhsilində valideynlərin iştirakı detallı şəkildə araşdırılmır və müzakirə edilmir. Məhkəmədə qanundan kənara çıxmaq olmur. Ailə mediasiyasında isə bütün məsələlər detallı şəkildə müzakirə edilə bilər, yalnız hüquqi arqumetlər deyil, uşaqların maraqlarının üstünlüyü əsas götürülərək, tərəflərin həqiqi istəkləri və maraqları üzərində danışıqlar gedir. Başqa bir misalı artıq qeyd etmişdim, məhkəmədə ər-arvadın nikahının davam etdirilməsi şərtləri müzakirə edilmir.
- Ailə mediasiyası nə qədər zaman alır?
- “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinə əsasən mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyini nəzərə alaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.
Ailə münasibətlərindən irəli gələn mübahisələrdə adətən uşaqların hüquqlarına toxunan məsələlər olur və qanunun tələbinə uyğun olaraq mediator müvafiq rayon İH nəznində Qəyyumluq Komissiyasından rəy almalı olur, bu səbəbdən ailə mediasiyasının ümumi müddəti uzadıla bilər. Lakin umumilikdə 2 aydan artıq ola bilməz. Onu da nəzərə almaq lazımdır ki, sırf danışıqlar uzun proses deyil, adətən İMS bir saat, tam mediasiya sessiyası isə işdən asılı olaraq bir - iki gun çəkə bilər.
- Ailə mediasiyasını hansı mediatorlar apara bilər?
- Mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı mediasiya təlimi qurumunda həyata keçirilir. Azərbaycanda hazırda yeganə təlim qurumu Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasıdır. Mediatorların ilkin hazırlığı Baza mediasiya təlimlərindən başlayır; həmin təlimləri keçdikdən, imtahan verərək müvafiq sertifikatı aldıqdan sonra mediator xüsusiləşdirilmiş təlimlərdə iştirak etmək imkanın əldə edir. Ailə mediasiyasını aparan mediator olmaq üçün mediator mediasiya üzrə təlim qurumunda ailə mediasiyası təlimindən keçərək, müvafiq imtahanı verib sertifikat almalıdır. Təbii ki, mediasiya şurasının üzvü olmaq da əsas şərtlərdən biridir .
- Əgər nikahda olan tərəflərdən biri xaricdə yashayırsa ailə mediasiyası aparıla bilərmi?
- Bəli, aparıla bilər. Xaricdə yaşayan tərəfin ünvanı bəllidirsə ona iddiaçı tərəfindən təklif, daha sonra mediator tərəfindən bildiriş göndərmək olar. Bu cür mediasiyalar elektron qaydada da keçirilə bilər. Eləcə də transsərhəd mediasiyalar keçirilə bilər. Transsərhəd mediasiyası mediasiyanın mürəkkəb formalarından biridir. Müxtəlif hüquq sistemləri olan ölkələrdə yaşayan insanların arasında ailə mediasiyası məhz transsərhəd mediasiyası vasitəsi ilə keçirilə bilər.
- Ailə mediasiyasında vəkillər iştirak edə bilərmi? Ümumiyyətlə vəkillərin mediasiyada rolu nədən ibarət olacaq?
- Mediasiyanın inkişafında vəkillərin (hüquqşünasların) çox böyük rolu ola bilər. Bunun üçün vəkillər bu proseslə yaxşı tanış olmalıdır və hazırda vəkillərin əksəriyyəti “Mediasiya haqqında” qanunla yaxşı tanışdırlar. Ümumiyyətlə hesab olunur ki, mediatorun ən böyük dəstəkçisi vəkildir. Belə ki, mediasiya prosesində tərəflər vəkillərlə birlikdə iştirak etdikdə mediator tərəflər arasında güc fərqini və yaxud tərəfin müdafiəsiz, az məlumatlı olmasını az düşünür, prosesdə daha cox danışıqlara, maraqların üzə çıxarılmasına diqqətini rahatlıqla yönəldə bilir.
Vəkillər mediasiya prosesi ilə bağlı öz müvəkkilərinə hüquqi yardım göstərdikdə prosesin bütün mərhələlərində iştirak edə bilirlər. Gəlin birlikdə vəkillərin mediasiya prosesində iştirakını təhlil edək.
Ailə mübahisəsi olan şəxs ilk növbədə vəkilə (hüquqşünasa) müraciət edir. İlkin olaraq vəkil mübahisənin ailə mübahisəsi olduğunu dəqiq müəyyən edir, çünki elə mübahisələr ola bilər ki, ailə daxili ya qohumların arasında olsa da ailə mübahisəsi sayılmaya bilər ( məsələn, qaynana gəlinə borc müqaviləsi ilə müəyyən vəsait verib, gəlin borc aldığı vəsaiti qaytarmır; bu mülki mübahisədir və bildiyimiz kimi mülki mübahisələrdə ilkin mediasiya sessiyası qanunla nəzərdə tutulmayıb. Bu halda vəkil mübahisənin mülki mübahisə olduğunu müvəkkilinə izah edə və könüllü mediasiya prosesi haqqında məlumat verə bilər. Bir başa məhkəməyə müraciət etmək üçün burada bir əngəl yoxdur.)
Əgər mübahisə ailə münasibətlərindən irəli gələn müübahisə kimi qiymətləndirilsə vəkil proseduru izah etməlidir ki, məhkəməyə müraciət etmədən ailə mediasiyası üzrə İMS-dən keçmək lazımdır. Deməli mediasiya prosesini başlamaq qərarında vəkil birbaşa iştirak edə bilər. Bundan sonra vəkil tərəfə mediatorun və ya mediasiya təşkilatının seçilməsində komək edə bilər. Hazırda mediasiya təşkilatları olmadığına görə işləri Mediasiya Şurası mediatorlara ötürür və burada vəkil müvəkkilinə Mediasiya Şurasına nə cür müraciət etməyi (ümumiyyətlə bu prosesləri necə başlamağı) izah edə bilər. Beləliklə , hələ mediasiya prosesi başlamadan vəkilin fəaliyyəti başlamış olur. Vəkil müvəkkilini İMS-də təmsil edə bilər.
Tam mediasiya sessiyasında isə vəkilin rolu daha böyükdür. Mediasiyadan əvvəl müvəkkilinə prosesi izah etmək, mediator üçün işin mahiyyətini açıqlayan arayışı hazırlamaq, mediasiya prosesi zamanı müvəkkilini məlumatlandırmaq, təklifləri onunla birlikdə müzakirə edərək qərar qəbul etməkdə yardım etmək, mediatorun prosesi mediasiya prinsiplərinə uyğun aparmasına diqqət yetirmək, barışıq sazişinin tərtibində dəstək vermək, bunlar hamısı vəkilin mediasiya prosesində icra edəcəyi işlərdi. Beləliklə , vəkil həm prosesdən əvvəl, həm proses zamanı mediasiya prosesinin çox aktiv iştirakçısıdır. Mediasiya prosesindən sonra barışıq sazişinin icrasına da vəkil nəzarət edə bilər. Və icra olunmayan barışıq sazişi ilə bağlı müvafiq addımlar ata bilər. Deməli mediatordan fərqli olaraq vəkil həm mediasiyanın başlanması qərarında, həm mediasiyadan sonra müvəkkilinin mübahisəsinin həllində iştirak edir. O üzdən vəkillərin mediasiya prosesində fəaliyyəti və rolunu xüsusi vurğulamaq istədim.
Əlbəttə, məhkəmə prosesindən fərqli olaraq mediasiya prosesi daha az vaxt və əziyyət tələb edir, bu amillər də vəkilin honorarına təsir edir, amma mən ele düşünürəm ki, ən yaxşı vəkil müvəkkilinin işini ən qısa zamanda və ən az itkilərlə ( mənəvi və maddi ) həll edən vəkildi. Bunu həm də vəkil olaraq bəyan edə bilərəm. Düşünürəm ki, maraqlarını təmsil etdiyimiz şəxs mübahisənin həllindən razıdırsa vəkil üçün bundan böyük mükafat ola bilməz.