Deyirlər məşhur telepat, ekstrasens (Sovet ölkəsində onu daha çox insanlara illüzyonist kimi tanıdırdılar) Messinqi bir dəfə Moskvaya dəvət edirlər ki, xalq qarşısında öz möcüzələrini göstərsin. Messinq gülümsəyib deyir ki, 100 manat maaş alan adamların ayda 500 manat xərcləməsi özü elə möcüzədir. Mən sizə nə möcüzə göstərim? Messinq rəhmətlik Azərbaycanın indiki bazar qiymətləri ilə cuppulu maaşlarımızı və bütün bu cərimələrə, işsizliyə baxmayaraq acından ölməyən, ayaqda duran xalqımızı görsəydi şapqa çıxarar, qarşımızda baş əyər, bəsi sirləri bizdən öyrənməyə çalışardı.
Keçmişdən adətimiz idi, qara gün üçün lazım olar deyib. Kənarda , küncdə 5-10 manat saxlayardıq. İndi daha saxlamırıq. Çünki qara gün olmayacaq. Hər şey lap əladır deyə yox. Cənnət qarı demiş “ədə, bundan da qara günümüz olacaq?”
Sabah nə olacaq, bəlli deyil. Ən yaxın zamanlar üçün planlar qurmaq az qala mümkünsüz , səksəkəli, inamsız yaşayar hala gəlmişik. Pandemiya da bir yandan. Bayaqdan sabaha iqtisadi güvənsizlik idi,indi sabah fiziki olaraq ölüb yoxsa qalacağımızı da bilmirik.
Bayaqdan ayağınızı yorğanınıza görə uzadın meslehetiyle qısa yorğanımıza- maaşımıza uysun deye bükülürdük, ayağımızı qatdalayırdıq. Gizli gizli artan istehlak mallarının qiymətləri yorğanı qoyub qarnımızın üstündə. Nə ayağı örtür, nə sinəni. Məşhur bir təcrübə var. Qurbağa effekti. Qurbağanı soyuq suya qoyub suyu asta asta isidirlər. Qurbağa yanıb ölsə də, tərpənmir. İsinmə effektindən bixəbər qalır. Qurbağalar kimi yavaş –yavaş yanırıq. Tikinti materiallarından tutmuş qələm dəftərə qədər hər şeyin qiyməti yanır .
Öncələr Bolqaryanın pendirini 6 manata, Ankor yağını 7manata alırdım. Pendir 6 manatdan 12 manata , yaağın klosu 14 manat qalxıb. Artım 100 faiz.
Həmişə 6-7 manata aldığımız 2 l duru yağ indi 9-10 manata satılır.
120 manata olan dərman 2 dəfə artıb 230 olub. Adi Valerian 20 qəpikdən dönüb olub 50 qəpiyə.
Sentyabr ayindan bu gunə kimi duru yaglar 50%-den cox qalxib. Müharibədən qabaq ən ucuz 1l günəbaxan yağının qiyməti 1.85 azn idi, indi həmin yağ 3.40 azndir. 2.50 azn olanı isə 4.50 azn. Ət məhsulları, kolbasa, sosiska məhsullarında da artım var, o cümlədən süd məhsulları və s. Meyvələr qış mövsümü qiymətinə. Yumurta illərlə may, iyun, iyul aylarında 7-8 qəpik olub. Bu il, həmçinin pandemiya başlayandan ən aşağı qiymət 13 qəpik olub.
Toyuq file ilin əvvəlində 5.80-6.20 manat ətrafında idi indi 6.80-6.90Papia tualet kağızı 3 qatlı 4 rulon 1.80 den qalxıb olun 3.20Final qarğıdalı yağı , 8.7 idi ,olub 10.70Makaronlar 25-30% bahalaşıb. 500 qr makaron 0.9 qəpikdən 1.20-yə qalxib.
Qarğıdalı yağı Final 3 manat 80 qəpik idi , indi 5 manat 80 qəpik. (devalvasiyadan sonra 3.30 idi). 55 qəp. olan Borodin çörəyi indi 65 qəpiyə satılır. Kibritin qutusu 20 qəpikdən 50 qəpiyə qaldırılıb. Bütün məhsullarda artım var. Ən az 40 faiz, maksimum 100 faiz.
Bir yaxşı bizlik də tapıblar. Real qiyməti 5 manat olan hansısa ərzağın qiymətini 6 manat yazır, sonra 6-nın üstündən xətt çəkib endirimlə 5 manat qeydi qoyurlar. Yəni sən bahalaşmış məhsulu endirimdəymiş kimi alırsan, üstəlik bir şükr edirsən, sevinirsən.
Allah kasıbı belə sevindiri də. Əvvəl eşşəyini itizdirir, sonra tapdırır.
Marketlərdə demək olar ki hər həftə qəpik -qəpik artım siyasəti gedir. Sən qəpik- qəpik itirib fərqində olmursan, onlar qəpiklərlə milyonçu olurlar. Bir yəhudidən soruşurlar ki, sən necə milyonçu oldun? Cavab verir ki, başqalarının “cəhənnəmə ki” deyib, çölə atdığı 1 qəpiklər hesabına.
Tarix: 27-08-2021, 13:46