Azərbaycan reallığı: qanun açıq-aşkar ortada, elə qanunsuzluq da


Azərbaycan reallığı: qanun açıq-aşkar ortada, elə qanunsuzluq da
“Hərəkətlərimiz qanunsuzdursa, niyə bizi həbs etmirlər?”
 
Böyük kombinator, “12 stul” və “Qızıl buzov” romanlarının qəhrəmanı Ostap Bender əhalidən nisbətən dürüst pul almağın 400 yolunu bilirdi. Azərbaycan məmurları isə heç bir yeni yol axtarmadan, köhnə qaydada - Mənzil Kommunal İstismar Sahəsi (MKİS - keçmiş “JEK”) vasitəsi ilə pul yığmağa davam etməyə qərar verdilər.
 
Sumqayıt şəhər sakini, 5-ci məhəllə, ev 15/32, mənzil 4-də yaşayan Röyal Mustafayev AYNA-ya müraciətində deyib ki, bu yaxınlarda yerli 1 saylı MKİS-in işçiləri onunla əlaqə saxlayıblar: “Ərazimizdən zibil təmizlənməsi üçün pul ödəməyimi tələb etdilər. MKİS işçiləri balkonumuz olduğundan, bizdən 30 manat tələb etdilər. Və digər ev sahiblərindən 25 manat ödəmələrini tələb etdilər”.
 
“Zibillərimizi evin yaxınlığında yerləşən zibil qutusuna atırıq. Zibillərin daşınması ilə bu qurumun heç bir əlaqəsi olmayan yerli icra hakimiyyəti məşğuldur. Mənzil istismarının işçilərindən hansı zibili təmizləmələri üçün məndən pul tələb etdiklərini soruşdum, amma heç kim mənim bu sualımı cavablandırmaq istəmədi”, - deyə şikayətçi bildirib.
 
AYNA məsələnin hüquqi tərəfini mütəxəssislərdən soruşub.
 
Vəkil Elçin Sadıxovun sözlərinə görə, zibil daşımaq kommunal xidmətlərin bir hissəsidir: “Mövcud qanunvericiliyə görə, kommunal xidmətlər mənzil istismar sahələri tərəfindən deyil, bələdiyyələr tərəfindən təmin edilməlidir”.
 
Qeyd etmək istərdik ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 37-ci maddəsinə görə, yerli özünüidarəetmə orqanları öz maddi və maliyyə mənbələrindən əhaliyə kommunal xidmətlər göstərmək üçün müştəri kimi çıxış edə bilərlər.
 
Vəkil Əsabəli Mustafayevin dediyinə görə, MKİS işçiləri tərəfindən kommunal xidmətlər üçün pul yığılması qanunsuzdur: “Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına əsasən, ərazilərin təmizlənməsi vətəndaşlarla bağlanmış müqavilələr əsasında aparılmalıdır. Vətəndaşlar öz seçimləri ilə həm mənzil istismar idarələri, həm də bələdiyyələrlə bu cür müqavilələr bağlaya bilərlər”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarı dövlət mənzil və istismar təşkilatlarının yalnız ev sahibləri ilə bağlanan müqavilələr əsasında kommunal xidmətlər göstərə biləcəyini nəzərdə tutur.
 
Royal Mustafayevlə əlaqə saxladıq və 1 saylı MKİS-in onunla kommunal xidmətlərin göstərilməsi ilə bağlı bir razılaşma bağlayıb-bağlamadığını soruşduq. “Mənimlə dövlət xidmətlərinin göstərilməsinə dair heç bir müqavilə bağlanmayıb”, - deyə vətəndaş bildirdi.
 
Sözügedən 1 saylı MKİS-ə də müraciət etdik. İdarənin işçiləri icarəçilərlə onların strukturları arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanmadığını etiraf etdilər. Ancaq “Hərəkətlərimiz qanunsuzdursa, niyə bizi həbs etmirlər?” sualını da verdilər.
 
Doğrudan da, vətəndaşlardan qanunsuz olaraq kommunal xidmətlər üçün ödəniş tələb edən MKİS müdirləri niyə məsuliyyətə cəlb edilmir? Nəhayət, kimsə bu sualları da cavablandırmalıdır - bələdiyyələr və icra hakimiyyətləri varsa, keçmişin qalığı olan MKİS-lərə nə ehtiyacımız var?
Tarix: 21-07-2021, 22:58
Xəbəri paylaş



Xəbər lenti