Bəs sizcə, Azərbaycan cəmiyyətində gənclərin sosial vəziyyəti hansı səviyyədədir? “Gənclik gələcəkdir” deyirlər. Belədirsə, deməli, bugünkü gəncliyimizin vəziyyəti bizə həm də gələcəyimizin necə olacağından xəbər verir. AYNA “Azərbaycan cəmiyyətində gənclərin sosial vəziyyəti hansı səviyyədədir?” sualını sosial media istifadəçilərinə ünvanlayıb. Beləliklə:
Ruzbeh Məmməd: “Ölkədə işsizlik də var, işi olub aztəminatla yaşaya bilməmək də. Yəni heç kim durub deyə bilmir: "işsizəm". Çağırıb həmin adama 200 manatlıq iş təklifi edirlər. İşləsən - bir ayıb, işləməsən - iki ayıb. Özəl sektor insanları tükədir, məhv edir, amma qarşılığında verdiyi maaş ay sonuna yetmir. Yüksək maaş isə sektorun başında duran şəxslərin yaxın və ətraflarına verilir. Ölkədə əl hər yerdən üzülüb. Gənclər bir yana, pensiya yaşına çatmamış işsizlərin sayı nə qədərdir? Pensiya alanlar o pulla nə edə bilər ki? Bir sözlə, ölkədə oliqarx və ölüb sürünənlər kütləsi var”.
Elvin Şirinzadə: “Deyərdim ki, 80% gənclər valideynləri ilə birgə yaşamasalar, maddiyyət baxımından çox çətinlik çəkərlər. İstər ev, istər isə ailə-uşaq ehtiyacları həddindən artıq çoxdur. Hətta, subay gənclər belə, özlərinin ehtiyacları tam ödəməkdə çətinlik çəkirlər”.
Gülər Seymurqızı: “Gənclik insanın həyatında çox mühüm rol oynayır. Gənc yaşlarında qazandıqların səni gələcəyə hazırlayır. Çox təəssüf ki, biz gənclər bu yaşımızda qazandıqlarımızı da itiririk. Öncəliklə işsizlik ən böyük problemdir. İkincisi isə öz istədiyin işdə, öz peşəndə ola bilmirsən. Ölkəmizdəki şərait öz sahən üzrə irəliləməyə imkan vermir və sən ölən ümidlərinlə sadəcə pul qazanmaq üçün məhv olursan”.
Lətifə Həsənova: “Məncə, insanın gözü doysa, həm gənclərin, həm də digərlərinin yaşayışına indiki halda da yaxşı demək olardı. Çox adam günahı dövlətdə görür, amma mən düşünürəm ki, biz hamımız ehtiyaclarımızdan qat-qat artığını istəyirik. Kapitalizm bizi inandırır ki, sənin buna ehtiyacın var – 3-5 keyfiyyətli geyimdən, normal bir telefondan, qarnımızı doyuracaq ev yeməyindən daha çoxuna. Ona görə heç kim qane olmur. Halbuki mənim tanıdığım gənclərin 70%-i özləri fərqində olmasalar da, yaxşı yaşayırlar. Mən də görürəm, Azərbaycanda kasıb təbəqə var, onların vəziyyəti çətindir. Ancaq ümumi götürsək, daha çox gənclərin kapitala deyil, əlindəkinin qədrini bilməyə ehtiyacı var. Özünütərbiyəyə, həyatda nəyin daha çox lazım olduğunu başa düşəcək ağıla və ya bunu onlara öyrədəcək bir müəllimə ehtiyacları var. Cəmiyyətin onlardan tələbi onları külək kimi sovurur, amma onlar kökləri sağlam olan bir ağac kimi möhkəm dayanmalıdırlar. Elə ehtiyaclarından artığını istəmələrinə səbəb olan da cəmiyyətdir. Ona görə hər kəsi sahib olduğu şeylərin nə qədər dəyərli olduğunu görməyə, özünü bir az sakitləşdirməyə, əgər boyunlarına çətin bir iş düşürsə belə, səbr və təmkinlə o işi görməyə çağırıram”.
Almaz Ərgünəş Bəyazid: “Çox acınacaqlı. Ən gözəl gənclik illəri sovet dövründə olub – qayğısız həyat. Hansısa gənc yetim olsa belə, nəyəsə nail ola bilirdi – pulsuz təhsil, iş və ev. İndi isə sadəcə şanslı olanlar var. Çoxları evsiz, işsizdir. Sovet dövründən qalma evlərdə qarşılaya bilmədiyi ehtiyaclara görə evlənməyən oğlanlar var. Gənclik yalnız maddi durumu fikirləşib həyatını birtəhər yaşayır. Təhsil almaq üçün gün ərzində müəllimlərin evlərinə ayaq döyürlər. Bir sözlə, həyat mübarizə yox, müharibə imiş”.
Kənan Novruzov: “Müəyyən istisnalar olmaqla, müasir gənclikdən razıyam. Çoxlarımız nə istədiyimizi bilirik və seçdiyimiz istiqamətdə addımlar atırıq. Kiminin addımı iri olur, kimininki xırda. Bəzisində uğurlu alınır, bəzisində uğursuz. Ancaq əsas məsələ başqadır. Gənclik “qanın qaynayan” dövrü olduğuna görə bəzilərimiz asanlıqla təsir altına düşə bilərik və etiraf etməliyik ki, cəmiyyətdə “vakumu” “çirklə” doldurmaq istəyənlər az deyil. Əlbəttə, belələrinə, bəzən də elə öz nəfsimizə qarşı mübarizə aparmalıyıq. Lakin yaxşı olar ki, ümumiyyətlə, “vakum” yaranmasın. Gənclər dediyim kimi, nə istədiklərini biləndə, günlərini düzgün bölüşdürəndə, nəyinsə intizarında olmayıb, əksinə, hər şeyi dadanda təsir altına, demək olar, düşmürlər. Cəmiyyətimizdə müxtəlif zərərli tendensiyaların, o cümlədən narkotik vasitələrin, LGTB-nin, radikal dini baxışların formalaşdırılması boşluqla əlaqəlidir. Gənc vaxtını keçirmək üçün fəaliyyət növü tapmayanda belə meyillərə sarı gedir. Gəncliyimizdən narazı olduğumu deyə bilmərəm - hətta kənar təsirlərə asanlıqla məruz qalanlara rəğmən. Nəzərə almaq lazımdır ki. onların gələcək aqibəti düz yolunda irəliləyən, ayaq üstə dimdik dayanan, bəzən yorulan, fəqət əyilməyən gənclərə həm dərs, həm də stimuldur: maddiyat, anlıq həvəs ehtirasınnın nələrlə nəticələndiyini bir daha görürlər. Odur ki, çoxlarına tanış olan məşhur “Gəncliyimiz gələcəyimizdir” ifadəsini belə əvəz edə bilərik: “Sağlam gəncliyimiz gələcəyimizdir””.
Nemət Mətin: “Sosial vəziyyət qənaətbəxş deyil. Bölgələrdə iş azdır. Gənclər məcbur olub Bakı şəhərinə gəlirlər. Burada az maaşlı bir iş tapıb ac qalmamaq üçün çabalayırlar. Bu, yol deyil. Yaşamaqla sürünmək arasında bir sərhəd var. Biz o sərhədi çoxdan keçmişik. Yeni evlənən gənclərə ipotekaya ev verirlər, amma o şərtlərlə ömrü boyu kredit ödəməlisən”.
Müzəffər İsmayılov: “Günümüzün və ya gələcəyimizin gəncliyi. Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir. Demək ki, sağlam bir gəncliyin olması üçün ən birinci şərt onlara sağlam bir təhsil verməkdir. Əksər gənclərimizin problemləri demək olar ki, 18 yaşından başlayır. Yeni bir həyata qədəm qoymaq istəyən bir gənc düşünək. Sizcə, cəmiyyətə, bir ixtisas üzrə ali təhsil almış insan daha çox fayda verər ya o sahə üzrə heç bir təhsili olmayan insan? Ödənişsiz təhsil sahələrinin az, ödənişli təhsilin isə təhsil haqqının həddindən artıq yüksək olması bir Orxanın, bir Raufun, bir Ayselin arzularını yarımçıq qoyur. Cəmiyyət olaraq balaca gördüyümüz bu problemin əslində bizi gələcək uçurumlara apardığının fərqində belə, deyilik. Çox universitetdə ali təhsilin hələ də köhnə sistemlə keçilməsi isə bizi inkişaf etməkdə olan dünyadan aralı salır. Xaricdə təhsil alan tələbənin eyni sahə üzrə Azərbaycanda oxuyan tələbədən daha üstün tutulmasının əsas səbəblərindən biri məhz budur.
Gənclərimizin işsizliyi isə.... Hazırda ölkəmizdə universitet bitirən bir tələbədən iş təcrübəsi tələb edən idarəetmə var. Orada oturanlar sanki özlərinin də nə zamansa gənc olduqlarını unudurlar. Düşünmürlər ki, sən və ya digəri işə götürməsə, bu insan o təcrübəni hardan qazanacaq? Həmçinin işə götürənlərin müəyyən maraqlarla işə götürməsi, böyük hərflərlə yazılan “İŞÇİ GƏNC XANIM AXTARILIR” sözü əslində hazırda nələrinsə doğru-düzgün getmədiyinin ən bariz nümunəsidir. Əgər bir gənc oğlan o işi daha məhsuldar görəcəksə, o sahibkar üçün nə fərqi var o insanın hansı cinsə mənsub olmasının? Özü öz ayaqları üstündə durmağı bacaran insanlar gec-tez bu həyatda uğur qazanır. Dövrümüzdə gəncliyimizin üzləşdiyi istər sosial, istərsə də mənəvi problemlər həqiqətən çoxdur. Amma yaxşı tərəfi bütün bunlara rəğmən özü öz gücünə, yanlış yollara yönəlmədən ayaqları üstündə durmağı bacaran gənclərin sayının çox olmasıdır.
Zənnimcə, hazırda gənclərimiz arasında doğru maarifləndirməyə ehtiyac var. “İnsan pisə daha tez meyl edir” deyirlər, onları məhz pis olanlardan uzaq tutmaq üçün dövlət bir layihə şəklində planlar hazırlamalıdır. Çünki cəmiyyət üçün ən təhlükəli insan boş-bekar olandır. Hələ o, bir gəncsə, onu itirmək yox, cəmiyyətə qazandırmaq lazımdır. Həqiqətən pis olan nələrisə deyil, yaxşı olanları örnək götürəcək, doğrunun və yanlışın, kitab oxumaqla içki içməyin, təhsil almaqla qumar oynamağın arasındakı uçurumu görə biləcək bir gəncliyin formalaşması üçün hər birimiz vətəndaş olaraq çalışmalıyıq. Çalışmalıyıq ki, vətən olaraq gördüyümüz Azərbaycanda sağlam ruhlu bir cəmiyyət quraq. Bunun üçün gənclərin arzularının real olması üçün hər cür sağlam dəstəyi hər birimiz göstərməliyik. Göstərməliyik ki, bir gün o gənc yaşlanıb keçmişi, həmin dövrü xatırlayanda ona dəstək olan, kömək olan insanları yadına salıb, özü də bir gəncə dəstək olsun”.
Bənövşə Əsgərova: “Bir Azərbaycan gənci olaraq deyə bilərəm ki, gənclərdə vətənpərvərlik ruhu ən yüksək səviyyədədir, vətəni sevir və onu qorumaq üçün canlarından keçməyə hazırdırlar. Savadlı və istedadlı gənclərimizin sayı heç də az deyil - hansı ki, lazımi şərait olsa, Azərbaycan elminə töhfə verməyə qadirdirlər, lakin bu bilik və bacarıqları çox vaxt göstərə bilmirlər. Bəlkə də onların sosial inkşafında ilk maneə elə valideynlərdir - həmişə övladlarını himayəsində saxlayıb heç yerə buraxmayan valideynlər, qızını 15 yaşında gəlin edən valideynlər, "oxuyub alim olacaqsan?" deyənlər. Sonrakı maneə qohum-əqrəbadır. Bunları danışmağa belə, dəyməz, hər şey göz qabağındadır. Hələ ölkədə təhsil aldıqdan sonra bilik və bacarıqlarını inkişaf etdirib bir üst səviyyəyə qaldırmaq istəyi ilə xaricdə təhsil almaq arzusunda olanların qarşısına çıxan maneələri saymaqla bitməz. Neynəmək olar, “gəncliyində daş daşı, qocalıqda ye aşı deyiblər”. Biz bütün bu maneələri aşarıq”.
Aytəkin Cəlali: “Bizdə valideyn-övlad münasibəti elə qurulub ki, valideyn nə qədər yaşayırsa, uşağının maddi-mənəvi qayğısına qalmalı olur. İnkişaf etmiş ölkələrdə isə uşağın 18 yaşına qədər dövlət hesabında adına pul toplanır və 18 yaşına çatanda valideyn sərbəst buraxır. Çünki uşağın maddi təminatı var. O, pulu istəyər əyləncəyə xərcləyər, istəyər də təhsilə və s. Bizdə bu imkan yoxdur, buna görə iş tapana qədər maddi baxımdan valideyndən asılı oluruq. İşlədiyimizdə də qazandığımız pulu təkcə özümüz üçün xərcləmirik. Bu yaşımıza qədər valideynin qazandığı pulu xərclədiyimizə görə özümüz qazanandan sonra da biz valideynimizə xərcləməliyik. Bu halda da qazandığımız az maaş ev, yolpulu, geyim arasında xərclənir. Əlimizdə cuzi bir məbləğ qalır-ya qalmır və bununla da istirahətə getmək, istədiklərimizi etmək çətin olur. Bir sözlə, bizdə dövlət tərəfindən maddi azadlığımız üçün hansısa imkanlar yaradılmadığına görə müəyyən yaşa qədər valideynimizdən asılı oluruq, sonra da qazancımız az olur və yetmir. Necə ki müəyyən yaşdan sonra işləməyən adamlara təqaüd ayrılır, eləcə də gənclər üçün təhsilini başa vurana qədər pul ayrılmalıdır”.
Eyyub Kərimli: “Bu gün gəncliyimizin sanki əhval-ruhiyyəsi rəngsizləşib, psixoloji gücləri zəifləyib. Hansısa çətinliklə qarşılaşanda mübarizə aparmaq yerinə təslim olmağa, ondan qaçmağa, ana-ataya sığınmağa, kiminsə onların yerinə problemlərini həll edəcəyini düşünməyə üstünlük verirlər. Təbii ki, bu cür yanaşma da onlara özlərini xoşbəxt hiss etməyə imkan vermir. Bütün cəmiyyətlərdə kasıb, varlı insanlar var. Ümumi baxdığımızda, insan 25-27 yaşından sonra maddi vəziyyətini yaxşılaşdıra bilir. Bu yaşa qədər insanlar çalışır, peşəkarlaşırlar. Təəssüf ki, indi 30 yaşında olan gənclərimiz öz üzərlərində işləməyi, inkişaf etməyi əsas hədəf hesab eləmirlər. Çətinlikləri görən kimi təslim olurlar. Elə bilirlər, onlar yaxşı yaşamırlar, xoşbəxt deyillər. Bütün cəmiyyətlərdə bu problem var. Sadəcə gənclər bilməlidirlər ki, insan 30-40 yaşından sonra da imkanlı ola, daha yaxşı qazana, istədiyi uğura nail ola bilər. Bu cür təcrübələr heç də az deyil. Uğurlu insanların həyat yolları ilə maraqlanmaq, özü üçün nümunələr götürmək bu baxımdan yaxşı ola bilər. Nikbin olmaq lazımdır”.
Tarix: 18-07-2021, 17:47