Pandemiya dalğası müəyyən qədər səngisə də, indi də Hindistan ştammı adlandırılan Delta virusunun sürətlə dünya ölkələrinə yayılması insanları narahat edir. Digər tərəfdən artıq tədricən toy və yas mərasimlərinin keçirilməsinə icazə verilir, lakin icazə elə qaydalarla məhdudlaşdırılır ki, bu kütləvi tədbirlərin keçirilməsi daha da qəlizləşir. Mütəxəssislər hesab edir ki, toy və yas mərasimlərinin bu şəkildə məhdudlaşdırılması milli ənənələrə, millətin əsrlər boyu yaşayıb bu günə gəlib çatmış həyat tərzinə ciddi təsir edir. Hər bir xalqın yaşam formulu var. Azərbaycan xalqı üçün də toy və yasın layiqli şəkildə keçirilməsi çox önəmlidir. Tarixən toylarımız qələbəlik keçib. 3 gün 3 gecə, 40 gün 40 gecə toy anlayışları var folklorumuzda. Toy və yas həm də Xeyirlə Şərin, gecəylə gündüzün simvolu kimi xalqımızın yaddaşında, yaşamında kodlaşıb. Birinin yası düşüb, digərinin əlində toyu var və o toyu etməlidir.
Yası düşən adamdan toy üçün icazə alınanda əsas arqument bu olur: "Xeyirlə şər qardaşdır. İzn verin, toyumuzu edək". Ən pis durumda belə optimal variant tapıb, ondan çıxmağı bacarır millətimiz. Xeyiri Şərə qardaş edib, sülh yaradır, ortamı yumşaldır. İndi bu milləti xeyirindən və şərindən (toyundan və yasından) məhrum etmək, ciddi sosial gərginlik yaradır. Əlbəttə hökumətin ehtiyatlı davranışları da anlaşılandır, pandemiya hələ davam edir, yoluxma az da olsa qalır. Amma aidiyyatı qurumlar toya icazə verib, sonra onun qarşısına müxtəlif bəhanələrlə sipər çəkməklə əlavə qıcıq, narazılıq yaradır. Yas mərasilmlərinə icazə verilməməsi də sosial narazılıq yaradır. Bundan başqa, toylara icazə verilməsi şadlıq evləri və restoran sektorunda ciddi bahalıq yaratdı. Yas mərasimləri üçün də belə vəziyyət keçərlidirmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı vuğuladı ki, bu məsələlər fəqli yanaşmalar tələb edir: “ Yeni ailə quranları şənlənərək, şadlıq edərək, xeyir-dua verərək toy ediriksə, dünyasını dəyişənləri də İslam qayda-qanunlarına uyğun olaraq son mənzilinə yola salmalıyıq. Bu artıq bizim milli ənənəmizə çevrilsə də, əslində dini ənənədir. Təbii ki, Operativ Qərargah bununla bağlı fikirlər səsləndirib, hesab edirəm ki, yaxın vaxtlarda yas məsələsinə də aydınlıq gətiriləcək, eyni şəkildə müəyyən məhdudiyyətlər qoyulmaqla, qayda-qanunlara əməl etməklə yas mərasimlərinin də keçirilməsinə icazə veriləcək. Ancaq artıq o böyük yas mərasimlərinin keçirilməsinə də məhdudiyyət qoyulacaq. Pandemiya dövründə yas mərasimləri onsuz da məhdud sayda yaxın insanların iştirakı ilə, dini qaydalara uyğun olaraq keçirilirdi və dünyasını dəyişən insan dəfn edilirdi. Yəqin ki, yas məsələsi də müəyyənləşər və müəyyən qaydalarla daha geniş keçirilməsinə icazə verilər”.
Toylarla bağlı qoyulan məhdudiyyət və qaydalara gəlincə, F.Ağamalı bunun tərəfdarı olduğunu bildirdi və pandemiyanın hələ bitmədiyini, yeni Hindistan ştammının yayıldığını diqqətə çatdırdı: “Ümumdünya Səhiyyə Təşkilatı dünyanı yeni pandemiyalardan qorunmağa çağırır. İnsanlarımız vəziyyəti, reallığı nəzərə almalıdırlar. Mən insanlarımıza tövsiyə edirəm ki, peyvənd olunsunlar və bu proseslər onlar üçün daha rahat olsun. Bilinir ki, insan peyvənd olunub, onun yoluxma və yoluxdurma ehtimalı yoxdur və 150 nəfər peyvəd olunmuş şəxs bir yerdə toy, nişan şənliyi edə bilərlər. Ancaq insan vaksinasiyadan keçmirsə, pandemiyaya uyğun addımlar atmırsa, onun yoluxma və yoluxdurma ehtimalı güclüdürsə onların iştirakına icazə verilmir. Əsas odur ki, toylara icazə var, 250 -300 nəfər olmasın, 150 nəfər olsun. Önəmli olan odur ki, evlərin küncündə toy basmış xonçaları qohumlar əllərinə alıb gənclərimizin xoşbəxt yuva qurmaqlarına şahidlik etsinlər. Toy təkcə iki gəncin xoşbəxtliyi, sevgi içində yaşaması deyil, həm də millətin artımı deməkdir, son dərəcə vacib məsələdir. Pandemiya vəziyyətini nəzərə alaraq qaydalara əməl edib, bu şəkildə toyları keçirmək lazımdır”.
Qeyd edək ki, toylara icazə verilməsi ilə bu sektorda qiymətlər də hədsiz yüksəlib. Bəs, yas mərasimlərinə icazə verilərsə, bu mərasim zallarındakı qiymətlərə də adekvat təsir göstərə bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, şadlıq evlərinin qiymət artımının kökündə heç bir iqtisadi amil dayanmır: “Pandemiyaya qədər həm yas evlərində, həm də şadlıq evlərində mövcud qiymətlər hansı əsaslarla formalaşırdı, maya dəyərindəki əsas amillər nədən ibarət idi? Bu qiymətlər nəyə görə müxtəlif şadlıq evləri arasında rəqabətə uyğun tənzimlənmirdi? Bu kimi məsələlər aydın deyildi. Bir ildən çoxdur ki, bu sahədə fəaliyyət dayandırılıb. Lakin yenidən fəaliyyətin bərpası zamanı qiymətlərlə bağlı sahibkarların spekulyativ addımlarını, vəziyyətdən sui-istifadə etdiklərini, qiymətləri özbaşına şəkildə, heç bir iqtisadi əsası olmadan bu cür təyin etmələri birbaşa cinayətdir, insanların cibinə girməkdir və dövlət bu məsələyə müdaxilə etməlidir. Qiymət o zaman artırıla bilər ki, göstərilən xidmətin maya dəyəri yüksəlmiş olsun. Doğrudur, qiymətlərdə bahalaşma olsa da, pandemiya ilə bağlı artımlar oldu, ilin əvvəlindən bu yana kommunal xərclər, suyun qiyməti artdı. Ancaq bu səbəblərdən dolayı artım baş versə belə, bu həddə olmalı deyil. Mövcud vəziyyət bir daha onu göstərdi ki, Azərbaycanda həm toy biznesində, həm yas sektorunda mövcud sahibkarlıq strategiyasına və qiymətlərin formalaşdırılması prosesinə ciddi nəzarət olmalıdır.
Bu qədər şadlıq evi və mərasim zalı var, əslində onlar arasında rəqabət olmalı idi , qiymətlər kəskin fərqlənməli idi. Ancaq bu yoxdur, demək olar ki, bütün şadlıq sarayları dəbdəbəsindən asılı olmayaraq eyni qiymətləri tətbiq edir.Niyə belədir? Təyin olunan qiymətlər araşdırılırmı ki, bu nəyin əsasında müəyyənləşib? Bazarda kəskin bahalaşma olmadığı halda birdən birə bu qədər artım nəyə görədir, stollar qızıldandırmı? Bu sahədəki biznesmenlərə nəzarət olmalıdır, hansısa çərçivə olmalıdır və onların spekulyativ davranışlarının qarşısı alınmalıdır”.
Tarix: 30-06-2021, 23:17