Son bir ayda ən çox bu hüquqların pozulduğu bildirilir





Azərbaycanda son bir ayda insan haqlarının vəziyyətinin pisləşdiyi iddia olunur. “Müdafiə Xətti” insan haqları təşkilatı belə nəticəyə gəlib.
Təşkilatın icraçı direktoru Rüfət Səfərov bu qurumun mart-aprel ayları üzrə araşdırmalarının nəticələrini təqdim edib. “Müdafiə Xətti”nin monitorinqlərinə əsasən, Azərbaycanda son aylarda ən çox ailə və şəxsi həyata hörmət, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, ədalətli məhkəmə araşdırması, işgəncəyə, ayrıseçkiliyə məruz qalmamaq hüquqları pozulub.

“Durum yaxşılığa doğru getmir”

“Ailə və şəxsi həyata hörmət hüququ, əsasən, ictimai-siyasi xadimləri, fəalları şantaj etmək, susdurmaq məqsədi güdüb. Media və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videolar və s. cinayət işi başlanması üçün əsas olsa da, hüquq-mühafizə orqanları susqun yanaşıb. Azadlıq və şəxsi toxunulmazlıq hüququ ilə bağlı durum da yaxşılığa doğru getmir”, – Səfərov belə deyir.
İcraçı direktorun sözlərinə görə, ölkədə söz və ifadə azadlığı təhdid altındadır. Orta səviyyəli məmura qarşı tənqidlər belə sonradan vətəndaşın saxta ittihamla həbsinə, təzyiqə məruz qalmasına gətirib çıxarır: “Şamaxıda Akif Niftəliyev adlı vətəndaş bir dəqiqəlik video ilə yol polisini tənqid edəndən sonra onu polislər saxlayıb. Zorakılığa məruz qalıb, ardınca da məhkəmə onun haqqında 10 günlük inzibati həbs qərarı çıxarıb. Bu da o deməkdir ki, nəinki müxalifətçilərin, adi vətəndaşların da tənqidi fikir səsləndirməsi cinayət kimi qəbul olunur və dərhal cəzalandırılır”.
İstər polis orqanlarında, istərsə də həbs yerlərində işgəncə halları ilə bağlı obyektiv araşdırma aparılmadığını vurğulayan Səfərovun sözlərinə görə, həmin orqanlara nəzarət edən üst qurumlar belə hallara yol verənləri cəzalandırmaq əvəzinə, faktları təkzib etmək yolunu tutublar.

Hər ayın yekununda hesabat təqdim olunacaq

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər bildirib ki, ölkədə insan haqlarının vəziyyətinin pisləşdiyini nəzərə alaraq, hər ayın yekununda hesabatları ictimaiyyətə çatdırmaq qərarına gəliblər: “Hesabatlar xarici dillərə tərcümə olunaraq beynəlxalq təşkilatlara, səfirliklərə də mütəmadi göndəriləcək ki, ölkədə baş verən hüquq pozuntuları diqqətdən kənarda qalmasın”.
Azərbaycan rəsmiləri ölkədə insanların tənqidi fikirlərinə, siyasi baxışlarına görə təqib olunması haqda iddiaları rədd edir. İstər Daxili İşlər Nazirliyi, istərsə də cəzaçəkmə müəssisələrinə nəzarət edən Penitensiar Xidmət bu qurumlarda şəxslərə işgəncə verilməsi haqda iddiaları təkzib edir. Həmçinin, iki qurumdan AzadlıqRadiosuna bildirilib ki, vətəndaşların bütün şikayətləri obyektiv araşdırılır.
“Müdafiə Xətti” təşkilatı 2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündən sonra çoxsaylı ictimai-siyasi fəalların, o cümlədən 50-yə yaxın AXCP üzvünün həbsindən sonra yaradılıb.
Azadlıq radiosu
Tarix: 1-05-2021, 09:48
Xəbəri paylaş



Xəbər lenti