"Təəssüf ki, Azərbaycanda mümkünlüyü şübhə doğurmayan bir çox tələblərə populizm kimi baxırlar. Uşaqpulu məsələsi heç də polulizm deyil. Onun verilməsinə başlamaq lazımdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında son zamanlar geniş müzakirə olunan uşaqpulunun verilməsi tələbinin iqtisadi əsaslandırmasından danışarkən ekspert Cümşüd Nuriyev deyib: "Normal dövlətlərdə, hətta inkişaf etmiş ölkələrdə belə uşaqpulu verilir. Yaponiya, Çİn kimi inkişaf etmiş ölkələr də bu mexanizmdən istifafə edir. Niyə 10 milyonluq Azərbaycanda uşaqpulu verilməsin?” Həmsöhbətimizin fikrincə, uşaqpulu vermək üçün iqtisadi əsaslar da var: "Birincisi, Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında orta səviyyəli ölkədir. Ölkəmizdə adambaşına düşən ümumdaxili məhsulun həcmi 9200 dollara çatmayıb. Digər tərəfdən, Azərbaycanda demoqrafik temp o qədər də yüksək deyil. Habelə, ölkəmizdə yaşam şərtləri, yəni, bazarla nominal əmək haqqı uyğun gəlmir. Kommunal xərcləri, borcları ödəyəndən sonra, nominal əmək haqqı 30 faizə qədər azalır. Belədə, 70 faizlik nominal əmək haqqı real bazarla uyğun gəlmir. Hər bir uşağın minimum aylıq xərci 350 manatdır. Ailədə iki uşaq varsa, ailə başçısı ayda 2 min manat maaş almalıdır. Azərbaycanda isə bu qədər əmək haqqını yalnız nazirlər, nazir müavinləri və deputatlar alır”. C. Nuriyev düşünür ki, Azərbaycanın dövlət büdcəsi uşaqpulu məsələsini həll etməyə imkan verir: "Bunun üçün büdcədən elə də böyük ayırmalara ehtiyac yoxdur. 16 yaşa qədər uşaqlara ödəniş etmək mümkündür. Bunun üçün böyük vəsaitə də ehtiyac yoxdur. Ayda 300-400 min manat pul bəs edir”. Ekspert bu məsələyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini korporativ sosial məsuliyyətdən uzaq olmaqda günahlandırıb: "Uşaqpulu vermək üçün sosial əsaslar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oturan yüksək çinlilərin ya övladları yoxdur, ya da əksəriyyəti atalarının gül balalarıdır. Həmin nazirlikdə korporativ sosial məsuliyyət yoxdur. Ona görə də onlar uşaqpulu məsələsinə belə saymazyana yanaşırlar”.