Pandemiya ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması və bunun nəticəsində bütün yükün "BakuBus"lara düşməsi sıxlığa səbəb olur. Bu sıxlıq zamanı da ən çox əziyyət çəkənlər fiziki məhdudiyyəti olan şəxslər olur.Fiziki məhdudiyyəti olan şəxslərin hər gün ictimai həyatda hüquqları pozulur. Onlar kiminsə yardımı olmadan sərbəst hərəkət edə bilmirlər. Bir sıra ölkələrdə bu kimi şəxslərin məhdudiyyətləri nəzərə alınaraq "Hərəkət edən", "Danışan şəhər" kimi layihələr icra olunur. Yəni, görmə məhdudiyyəti şəxs üçün dayanacaqdan tutmuş ictimai iaşə obyektinədək bütün xidmətlər səsli olaraq həyata keçirilir.
Azərbaycanda isə bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Bu barədə görmə məhdudiyyətli
Nazlı Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında deyir. Nazlı xanım görmə məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün bir sıra təkliflər irəli sürür: "Görmə məhdudiyyətli şəxslər avtobusların nömrələrini görmürlər. Onlar hər dəfə gözlədikləri marşrut xətti üzrə hərəkət edən avtobusun gəlib-gəlmədiyini kimdənsə soruşmaq məcburiyyətində qalırlar. Belə olan halda da bəzən kobud cavab da alırıq. İllər öncə bununla bağlı BNA-ya müraciət etdim, bildirdim ki, külli miqdarda vəsait ayrılsa da, dayanacaqlara quraşdırılan monitorlar işləmir. Təklif edirəm ki, monitorların proqram təminatı daha da yüksəlsin və avtobus dayanacağa yaxınlaşan zaman səsli monitor məlumat versin, məsələn, 5 saylı marşrut xətti üzrə hərəkət edən avtobus dayanacağa yaxınlaşır. Bundan başqa, karta balans yüklədiyimiz, eyni zamanda avtobusda kartı yaxınlaşdırdığımız aparatda səsli proqram təminatının olması gözəl olardı. Belə olanda biz rahatlıqla balansımızdakı vəsaitin nə qədər olduğunu öyrənə bilərik. Avtobusların salonlarında eşitmə məhdudiyyəti olan şəxslər üçün monitorlar, görmə məhdudiyyəti olanlar üçün dayanacaqların adının səsləndirilməsi imkanları var. Lakin biz bunu "BakuBus" avtobusları təzə istismara veriləndə görə bildik. Hazırda nə monitorlar, nə də səsli sistemlər çalışır. Bizim BNA-ya çoxsaylı müraciət etməyimizə baxmayaraq heç bir iş görülməyib. Biz gözdən əlilik, ancaq dayanacağın adı ilə mənzil başına çatdığımızı bilirik, axı bunlar nəzərə alınmalıdır".
"Çoxsaylı müraciətlərimizlə bəzi küçələrdə səsli işıqforların qoyulmasına nail olduq. Bu işıqforların quraşdırılmasından qısa müddət keçməsinə baxmayaraq onların da əksəriyyəti işləmir, yaxud da düz işləmir. Yolu keçmək lazım olanda işıqfor "dayan", dayanmaq lazım olanda isə, "keç" deyə əmr verir. Bu da təbii ki, görmə məhdudiyyətli şəxslər üçün həyati təhlükə yaradır. Fiziki məhdudiyyətli şəxslərin başqalarından asılı olmayaraq sərbəst hərəkəti üçün yollarda heç bir şərait yaradılmayıb", - deyə o əlavə edir.
2008-ci ildən dövlət tərəfindən tikilərək onlara təhvil verilən gözdən əlillər üçün binada yaşayan həmsöhbətimiz hətta burada da onlar üçün heç bir şəraitin qurulmadığını vurğulayır: "Burada bizim üçün heç bir imkan, şərait yaradılmayıb. Nə pandus var, nə liftlərdə Brayl əlifbası ilə rəqəmlər qeyd olunub. Liftlər o qədər balacadır ki, ora heç əlil arabası da girmir".
N.Əliyeva ümumiyyətlə, digər binaların giriş-çıxışlarının da fiziki məhdudiyyətli şəxslər, eyni zamanda görmə məhdudiyyəti olanlar üçün əlverişsiz olduğunu vurğulayır: "Yenidənqurma zamanı isə çox nadir hallarda bu qrup şəxslər nəzərə alınırlar. Sanki bu ölkədə fiziki məhdudiyyətli şəxslər yaşamır".
Pandemiya ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması və bunun nəticəsində bütün yükün "BakuBus"lara düşməsi sıxlığa səbəb olur. Bu sıxlıq zamanı da ən çox əziyyət çəkənlər fiziki məhdudiyyəti olan şəxslər olur. Onlar xüsusən də günün pik vaxtlarında avtobusa minə bilmirlər.
II Qarabağ müharibəsi nəticəsində qazi olanlarımız da ictimai nəqliyyatda, küçələrdə, binaların giriş və çıxışlarında bu cür problemlərlə qarşılaşırlar.
Müyəssərlik üzrə beynəlxalq ekspert, Protez-Ortopedik Bərpa Mərkəzinin İstehsalatın Keyfiyyətinə Nəzarət və İdarəolunması üzrə mütəxəssisi və II Qarabağ müharibəsi qazilərinin ayağa qalxmasında yaxından töhfəsini verən
Kənan Pirizadə də deyir ki, bu şəxslərin hərəkətliliyini təmin etmək üçün ictimai nəqliyyatda müyəssərlik nəzərə alınmalıdır: "Pandus üzərində rahat hərəkət etmək üçün onun dərəcəsi, uzunluğu standartlara uyğun olmalıdır. Pandusların qoyulması bir tərəfdən yaxşı olsa da, digər tərəfdən problem yaradır. Pandusun təşkili görmə məhdudiyyətli şəxslər və əlil arabasında olanlar üçün rahatdır. Lakin digər fiziki məhdudiyyətli şəxslər - protezlə gəzənlərə, serebral əlilliyi olanlara panduslardan istifadə çətinlik yaradır. Nəqliyyata gəldikdə isə traplarla bağlı müəyyən qaydalar olmalıdır ki, nəqliyyat vasitələri onlara maksimum dərəcədə yaxınlaşsınlar ki, əlilliyi olanlar səkidən birbaşa avtobus salonuna daxil ola bilsin. Avtobus sürücülərinə bu və bu kimi nüanslarla bağlı təlimlərin keçirilməsi çox vacibdir".
"Berlində hər bir stansiyaya yerdən birbaşa lift qalxır. Əlilliyi olan və yaxud da yaşlı olan şəxs liftdən birbaşa stansiyaya düşə bilir. Berlin köhnə şəhərlərdən biri olsa da, gerçəkləşdirdikləri bu layihə həqiqətən də möhtəşəmdir. Ümumiyyətlə, şəhərsalma ilə bağlı qaydalara görə binalardan ictimai obyektlərədək hər yerdə müyəssərliyə əməl olunmalıdır. Xüsusən də köhnə binalarda bu tələblər gözlənilmir", - deyə o əlavə edir.
K.Pirizadə deyir ki, parklarda pilləkənin çox olmaması önəmlidir, görmə məhdudiyyətli şəxslər üçün asfalt üzərində olan plitələr avtobus dayanacaqlarından tutmuş bütün ictimai yerlərədək uzanmalıdır. Şəhər bu şəxslər üçün "səsli şəhər" olmalıdır.
Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, eyni zamanda da müyəssərlik üzrə beynəlxalaq ekspert olan
Azər Məmmədli uşaq ikən peyvənddən sonra polimelit xəstəliyi keçirdiyi üçün bir ayağında axsama var. O bu səbəbdən hətta ali təhsilini də əyani ala bilməyib. Səbəb isə təhsil aldığı Bakı Dövlət Universitetinin bu tələblərə cavab verməməsi olub.
A.Məmmədli deyir ki, bəzi yeni tikilən obyektlərin sahibləri bu kimi amilləri nəzərə almağa çalışsalar da, standartlara düzgün əməl edilmir: "İstər panduslar, istər sürahilər olsun, bütün bunların dünyada qəbul olunmuş bir standartı var. Pandusların müəyyən bir meyillilik bucağı var. Bu standart gözlənilmədikdə əlil arabasını çıxartmaq mümkünsüz olur. Tutacaqların da müəyyən standartları olur. Təəssüflər olsun ki, bir çox yeni tikililərdə bu qaydalara əməl edilmir. Bu işlə məşğul olan şəxslərin çox az olması, bilənlərin də işə cəlb olunmması belə problemlərə yol açır. Əsas problem isə nəqliyyatla bağlıdır. Çünki bilirsiniz ki, avotbusların hamısı müasir tələblərə cavab vermir. Bəzi binalarda bir pandus quraşdırmaqla düşünülür ki, problem həll olundu. Əlində isə belə deyil, bu işin çox xırdalıqları var".
Əlilliyin müxtəlif növləri var, yollar, küçələr yalnız əlil arabası üçün deyil, eyni zamanda da digər əlillik növlərinə görə də uyğun olmalıdır: "Səkilərin də müəyyən parametrləri olmalıdır. Zebraya düşən yerdə pillə olmamalıdır. Görmə məhdudiyyəti olanlar üçün sarı rəngdə olan taktil döşəmələrin naxışları bəzək üçün olmadığından necə gəldi quraşdırılmamalıdır. Bu naxışların hər birinin öz mənası var. Düz xətt üzrə olan xətlər "qabağa getmək olar" əmrini bildirir. Horizontal xətt isə "orada hərəkət etmək olmaz" mənasını bildirir. Dairəvi xətlər isə istiqamətin sol-sağa dəyişdiyini bildirir. Taktil naxışların hündürlüyünün də əhəmiyyəti var, hündürlüyün bir qədər yüksək olması hərəkətdə maneə yarada bilər. Belə xırda detallar səkilərdə də nəzərə alınmalıdır. Qapının eni 90 santimetrdən aşağı olmamalıdır ki, əlil arabası ilə rahat hərəkət təmin edilsin. Qapının aşağı hissəsində olan çıxıntıların da standartları olmalıdır. Giriş-çıxış qapısı ilə divar rəngləri fərqli olmalıdır ki, müəyyən görmə məhdudiyyəti olan şəxslər rahatlıqla hərəkət edə bilsinlər. Eyni zamanda, qapının yan hissələrində də müəyyən məlumatverici lövhələr olmalıdr. Görmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbasında məlumatlandırıcı lövhə olmalıdır. Adətən iki paralel sürahi quraşdırılır, paralel olan sürahilərdən biri 90 santimetr, digəri isə 70 santimetr hündürlüyündə olmalıdır. Metroların giriş və çıxışında tutan yerlər pilləkən qurtarmamış bitir. Əslində isə əksinə olmalıdır, pilləkəndən sonra da bir qədər sürahi davam etməlidir ki, şəxs rahat hərəkət edə bilsin".
"Yeni tikililərdə panduslar qurulub, lakin ondan istifadə etmək mümkün olmur. Bu da standartlara düzgün əməl edilməməsi ilə bağlıdır", - deyə o əlavə edib.
O, avtobuslarla bağlı problemə də toxunub: "BakuBus" istisna olmaqla digər avtobuslardan istifadə etmək mümkünsüzdür. Düşünürəm ki, bütün avtobuslar müasir olanlarla əvəz olunsa, daha yaxşı olardı. Bir məqama da diqqət çəkim, bəzi hallarda sürücülər fiziki məhdudiyyətli şəxslər üçün şərait yaratsalar da, bəzi hallarda da bu şəraiti yaratmırlar. Bəzən sürücülər şəxsi əlil arabasında görüb saxlamadan gedirlər".
A.Məmmədli deyir ki, taktil döşəmələr bərk dəmir materialdan olmamalıdır: "Amma təəssüflər olsun ki, əksər hallarda biz bu döşəmələrin bərk dəmir materialdan olduğunu görürük. Sanki ora bəzək xatirinə döşənib. Döşəmələrdəki çıxıntılar arası məsafə də düzgün olmalı, standartlara cavab verməlidir. Mütəxəssislər bu işə cəlb olunsalar, onun hər bir detallarına, standartlarına xırdallığına qədər əməl edərdilər".
O, qısaca da olsa təhsil müəssisələrindəki problemlərə də toxunub: "Bakı Dövlət Universitetində təhsil aldığım vaxtda universitetin yeni korpusu isifadəyə verilsə də, orda da bu standart və tələblər gözlənilməmişdi. Orada məhəccər yox idi, bu səbəbdən əksər hallarda qrup yoldaşlarım mənə kömək edirdi. Sonradan məhəccərlər quraşdırıldı. Amma bildiyim qədərilə orada hələ də panduslar yoxdur. Digər universitetlərdə də eyni vəziyyət yaşanır. Düşünürəm ki, standartlara əməl edilməsi məcburi olsa, bunlara riayət edərlər".
Qeyd edək ki, eşitmə məhdudiyyəti ilə əlaqədar 2017-2021-ci illərdə 18 yaşdan yuxarı olan 1324 nəfərə əlillik, 2261 nəfər uşağa isə sağlamlıq imkanları məhdudluq təyin olunub. O cümlədən, 2020-ci il üzrə bu səbəbdən 18 yaşdan yuxarı 223 şəxsə əlillik, 318 uşağa sağlamlıq imkanları məhdudluq təyinatı aparılıb. Ümumilikdə isə ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ümumi say 600 mindən çoxdur.
Mövzu ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyinə də bu istiqamətdə görülən işlər və digər suallarla bağlı sorğu ünvanlasaq da, hələlik ki, suallarımız cavablandırılmayıb.
Tarix: 7-03-2021, 22:55