Valideyn icra başçısının olduğu deyilən İdrak liseyindən narazıdır


Valideyn icra başçısının olduğu deyilən İdrak liseyindən narazıdır

İdrak liseyi pandemiya dönəmində müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün valideynlərdən təhsil haqqının 100% ödənilməsini tələb edir.
Bu, təkcə qanun pozuntusu deyil, həm də İdrak liseylər şəbəkəsinin əsl sahibi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun insanlara hansı düşüncə ilə yanaşmasının göstəricisidir. O, elə bilir ki, pandemiya dövründə övladları o liseydə oxuyan valideyinlər də özü kimi virusun yaratdığı fürsətdən istifadə edib pul qazanıblar və ödənişlərini də pandemiya dönəminə qədər olduğu kimi tam ödəməlidirlər.
“İdrak” liseyinin valideynlərlə bağladığı müqavilə öhdəliyindəki bəzi bəndlərindəki şərtlərə baxaq. Pandemiya dönəmində məktəb həmin müqavilə şərtlərini yetirə bilməzdi və yerinə də yetirməyib.
Səhər saat 8:00-dan axşam saat 18:00-a qədər liseyin yerinə yetirməli olduğu xidmətlərin bir hissəsi:
əyani dərslər,
gündə 4 dəfə yemək,
ev tapşırıqları,
məşğələlər –dərnəklər (karate, futbol, üzgüçülük və s.)
Deməli, pandemiya dövründə lisey müqavilə öhdəliyinin demək olar ki, heç bir şərtini yerinə yetirmədiyi halda, müqavilədə nəzərdə tutulmuş ödənişi tam olaraq tələb edir. Lakin insanları düşünən olsaydılar, onda yalnız onlayn dərslərin ödənişindən söhbət gedə bilərdi.
Onu da qeyd edək ki, pandemiya dönəminə qədər nə Azərbaycan qanunvericiliyində onlayın dərslərin keçirilməsi nəzərdə tutulub, nə də İdrak liseyi ilə valideynlər arasında bağlanan müqavilədə bu məsələ şərtləndirilib. Lakin fors-major hadisə kimi bunu anlayışla qarşılamaq olar və necə ki, vətəndaşlar belə düşünür. Pandemiya fors-major hadisə olduğundan, valideynlər müqavilədə nəzərdə tutulmasa da onlayn dərsi qəbul edir və indiki dönəmdə ən uğurlu variant sayır.

Lakin hesab edirik ki, ödənişlər də dövrə və pandemiyaya uyğun olmalıdır. Ona görə də biz pandemiya ilə bağlı yaranmış real mənzərəni nəzərə alaraq, müqavilədə nəzərdə tutulmuş təhsil haqqının 30%-nin ödənilməsini bağlı İdrak liseyinə təklif etsək də, təəssüflər olsun, Zakir Fərəcov tərəfindən İdrak liseylər şəbəkəsinə formal olaraq təyin olunmuş təsisçi-idarəedici Mönsüm Alışov tərəfindən bu təklif rədd edilib və 7-ci sinifdə oxuyan övladım onlayın dərslərə belə buraxılmayıb.
Təsəvvür edə bilirsiniz ki, bu, nə deməkdir? İdrak liseyində orta hesabla təhsil haqqı 7-8 min manat civarındadır. Valideynlər də müqavilə öhdəliyini yerinə yetirməyən liseyə həmin 7-8 min manatın 30%-ni ödəmək istəyir, lakin lisey qəbul etmir və şagird dərsə buraxılmır. Baxmayaraq ki, yaranmış mübahisə məhkəmə qaydasında öz həllini tapana qədər şagirdi dərslərdən kənarlaşdıra bilməzdi.
Bu, təkcə mənim problemim deyil. Bu, övladı həmin liseydə oxuyan valideynlərin hər birinin problemidir. Ona görə də ümumi problem kimi yaranmış qanunsuzluqla bağlı Təhsil Nazirliyinə müraciət etdim. Lakin Təhsil Nazirliyindən bildirdilər ki, özəl liseylərə nəzarət edə bilmirlər, onların arxasında hakimiyyətə bağlı oliqarxlar dayanır.
Yaranmış vəziyyətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyəm. Tam əminəm ki, ödənilən təhsil haqqının heç 10%-i müəllim və texniki işçilərin əmək haqqlarına getmir. Bildiyim qədər, orada müəllim və texniki işçilərin əmək haqqı 250-500 manat arasındadır.
Fikrət Cəfərov, valideyn
Cebhe.info
Tarix: 24-02-2021, 23:17
Xəbəri paylaş



Xəbər lenti