Sabunçu rayonu Yeni Balaxanı ərazisinin sakinləri uzun müddətdir ki, yolsuzluq problemindən əziyyət çəkirlər. Yolların bir qismi sakinlərin şikayətləri əsasında müvafiq qurumlar tərəfindən asfaltlansa da, geri qalan hissəninsə, sakinlərin özlərinin dili ilə desək, "bəxti açılmır".
Musavat.com-un əməkdaşı olaraq ərazidə olub, sakinlərin problemlərini dinlədik. Öyrəndik ki, burada təxminən 300 metr məsafədə olan yolda problemlər olduğu üçün insanlar hər həftə maşınlarını təmir etdirməli olurlar. Bu yolun uzunluğu az olsa da, qəsəbəyə aparan tək yoldur. Yeni Balaxanıda isə günbəgün tikilən evlərin sayı artır, əhali çoxalır.
Sakin Emin Nəcəfov bildirdi ki, bu yolu bir neçə dəfə təmir etməyə cəhd ediblər, lakin işlər müxtəlif səbəblərdən yarımçıq qalıb: "Əvvəlcə qeyd edim ki, bu yol asfalt zavodonun 100 metrliyində yerləşir. Əslində bu yolun dağılmasına səbəb də elə zavodun ağır tonajlı yük maşınlarıdır. Diqqət etsəniz görərsiniz ki, zavodun maşınları hansı yoldan keçirsə, həmin yollar darmadağındır. Lakin zavod bir dəfə də olsun, bu yola asfalt tökmək niyyətində olmayıb. Sakinlərin Sabunçu Rayon İcra Hakimiyyətinə şikayətləri əsasında qəsəbəyə gedən əsas yol asfaltlandı. Bu hissəyə çatanda möhkəm yağışlar yağdı və dedilər ki, hava şəraiti ilə əlaqədar yolu sonra asfaltlayacağıq. Ancaq üstündən iki il keçib, ortada heç nə yoxdur. Bu iki ildə digər yollara asfalt vurulub. Onda da dedilər ki, həmin hissəni də düzəldəcəklər. Ancaq axırda bildirdilər ki, asflatları qurtarıb, yaxın günlərdə material gələcək, işə başlayacaqlar. Gətirib yola asfalt qırıntıları tökdülər, lakin sonra bir daha bura gələn olmadı və yol yenə də bu vəziyyətdə qaldı".
Digər sakin Mübariz Həsənov bildirdi ki, əslində, hazırda Balaxanı kəndinə yol çəkilir: "Burada kiçik bir hissənin bərbad olması səbəbindən hər həftə maşını ustaya aparırıq. Altı alçaq olan maşınlar buradan ümumiyyətlə, keçə bilmir. Burada neçə maşın xarab olub. Bundan əlavə qəsəbəyə işləyən marşrutlar da bu yollarda dağılır, camaat yolda qalır. Bu yola görə şirkətlər avtobuslarını yeniləmirlər. Hər halda bizə səbəb kimi belə deyirlər. Hazırda kənd Balaxanıya gedən bütün yollar asfaltlanıb. Kəndin içərisində abadlıq işləri görülüb, hər yan yenidən qurulur. Ancaq kəndə bitişik olan bu yeni qəsəbə unudulub. Halbuki, bu gün qəsəbədə hər gün evlər tikilir. Artıq burada boş torpaq sahəsi tapmaq çətindir. Deməli, əhalinin sayı kifayət qədər artıb. Belə olan təqdirdə yollara da əncam çəkilsə, yaxşı olar. Qəsəbənin içərisində bir çox daxili yollarda asfalt yoxdur. 21-ci əsrdə camaat Bakının mərkəzinə ən yaxın qəsəbələrdən birində torpaq yolda gəzir".
Onu da bildirək ki, Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhəri və qəsəbələrinin yollarının təmirini əhatə edən tədbirlər planına görə 2023-cü ilə qədər Bakı şəhərinin qəsəbədaxili yollarının təmir işləri həyata keçirilib, yekunlaşdırılacaq.
Məlumat üçün qeyd edək ki, ötən ilin sonuna qədər qəsəbədaxili yolların bərpası və çəkilməsi icra hakimiyyətlərinin balansında olub.