Qazilərə verilən aylıq 80 manat pensiya onları birdəfəlik yardımdan məhrum edib
Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq hökumət işsizlərə 190 manat məbləğində iki aylıq, birdəfəlik yardım verməyə başlayıb. Bunun ümumilikdə 600 min insana şamil ediləcəyi bildirilir. Bununla belə, işsiz olan ölkə vətəndaşlarının hamısı bu yardımdan yararlana bilməyəcək.
Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 7 aprel 2020-ci il tarixində verdiyi açıqlamaya görə, əgər bir ailə üzvü işləyib maaş alırsa, o zaman digər ailə üzvünə birdəfəlik yardım düşməyəcək: “Ailə üzvlərindən biri dövlətdən bir növ dəstək (müavinət, sosial yardım, pensiya və s.) alırsa, ona birdəfəlik ödəmə verilməyəcək”.
Elə həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov jurnalistlərə bildirdi ki, kənd təsərrüfatına yararlı torpaq payı olanlar işsiz sayılmırlar və buna görə də onların birdəfəlik yardım almaq hüququ yoxdur.
Bu arada o da məlum oldu ki, sən demə, Qarabağ müharibəsi veteranları da birdəfəlik yardım almaq hüququndan məhrumdurlar. Şəmkirdən olan Qarabağ qazisi Nadir Rüstəmovun AYNA-ya dediyinə görə, müharibə veteranı kimi aldığı 80 manat pensiya onu 190 manatlıq yardımdan məhrum edir: “Aldığım 80 manat veteran pensiyası ailəmin yeganə dolanışıq mənbəyidir. Mən işsizəm, amma nədənsə 190 manat birdəfəlik yardım almaq hüququmdan məhrumam”.
Sabunçu rayonundan olan işsiz Qarabağ qazisi Vüsal Axundov da birdəfəlik yardım almaq hüququndan məhrumdur: “Ayda 80 manat alıram. İki övladım var. Həyat yoldaşım işləmir. 190 manat almaq hüququmdan niyə məhrum olduğumu başa düşmürəm”.
Məsələ ilə bağlı AYNA-ya açıqlama verən ƏƏSMN-in sözçüsü Fazil Talıbov deyib ki, Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən 80 manat pensiya verildiyi üçün 190 manatlıq yardımı ala bilməzlər: “Onlara dövlət tərəfindən sosial qayğı göstərilir”.
“Səngərlərdə canını təhlükəyə atan veterana cəmi 80 manat pensiya ödənilir. Dövlət işsiz bir veteran ailəsinə 80 manatla yetərli dəstək ola bilirmi” sualımızı “Qarabağ Müharibəsi Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov təəccüblə qarşıladı. O, Qarabağ qazilərini birdəfəlik yardımdan məhrum etmək qərarını son dərəcə ədalətsiz hesab edir.
“İkinci Dünya Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də 80 manatlıq pensiyanın az olduğu qənaətindədir. Onun AYNA-ya danışdığına görə, bu pulla işsiz veteranlar ən zəruri ehtiyaclarını belə, ödəyə bilmirlər: “Təşkilatımız Qarabağ müharibəsi veteranlarının birdəfəlik yardım almaq hüququnun təmin olunması tələbi ilə dövlət qurumlarına müraciət edib. Ümid edirik ki, dövlət strukturları veteranların vəziyyətini nəzərə alacaq”...