Ziya Məmmədovun böyük yanlışı - “20 Yanvar” dairəsi kiçildilir

 

Körpünün altında  yeni işlər başlayıb

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vaxtında smeta dəyəri 31, 5 milyon manat olan “20 Yanvar” dairəsindəki körpünün altında yolun genişləndirilməsinə başlanıb. 

Zamanında yanlış tikilən, tıxacların aradan qaldırılmasında heç bir rolu olmayan və rəsmilər tərəfindən layihənin səhv reallaşdırıldığı etiraf edilən körpünün altında indi yeni işlər həyata keçirilir. Hələ 2011-ci ildə Dövlət Yol Polisinin nəqliyyatın hərəkətinin təşkili şöbəsinin rəis müavini, polkovnik-leytenant Tofiq Hacıyev demişdi ki, dəfələrlə müvafiq instansiyalara müraciət edilərək, bu yol qovşağının nəqliyyatın hərəkətini düzgün tənzimləməyə imkan vermədiyi nəzərə çatdırılıb.  

Layihənin primitiv hazırlanması üzündən yol qovşağının istifadəyə verilməsi həmin ərazidə mövcud olan tıxaclar aradan qalxmayıb.

Musavat.com xəbər verir ki, “20 Yanvar” dairəsində hazırda hər iki istiqamətdə - həm Tiflis, həm Moskva prospektindən gələn nəqliyyat vasitələrinin dairəyə rahat daxil olması məqsədilə dairənin hər iki tərəfdən radiusu kiçildilir. Bundan sonra dairə oval şəkildə olacaq.

Bu da sözügedən ərazidə istər-istəməz tıxacların müəyyən qədər azalmasına gətirib çıxaracaq.

Artıq Tiflis prospektindən gələn və “Azərsu” ASC-nin qarşısına dönən sürücülər dairənin kiçildiyinin şahidi olacaqlar. Hazırda işlər davam etdirilir. Moskva prospektindən, yəni “Şamaxinka”dan gələn sürücülər isə dairəyə daha rahatlıqla daxil ola biləcəklər.  Halbuki əvvəllər bu ərazidə sağa manevr edən sürücülər olurdu, o halda qəza riski yaranırdı. Bundan sonra isə həmin ərazidə sağa manevr etməyə ehtiyac olmayacaq. 

Əvvəllər Müzəffər Həsənov küçəsindən (Vərəm dispanseri istiqamətindən – E.S) gələn nəqliyyat vasitələri birbaşa dairəyə daxil olurdu. Onların artıq qarşısı alınıb və Şəhidlər abidəsinin önündən keçməklə Zərdabi küçəsinə (Milli Onkologiya Mərkəzi tərəfə) ötürülüb. 

Sürücülər oradan geri dönərək təzədən “20 Yanvar” dairəsinə daxil ola bilirlər. Bu zaman “Şamaxinka”dan gələnlərlə M.Həsənov küçəsindən hərəkət edən sürücülər arasında dairəyə konflikt, gözləmə, qəza riski yaşanmır. 

Həmçinin, Moskva prospekti tərəfdən də genişləndirmə işləri aparılır və orada metronun “20 Yanvar” stansiyasının çıxışı var idi. 

Müşahidələrimizə görə, həmin çıxışın yeri dəyişdirilir. Buna görə yol təxminən 8-10 metr enində genişləndiriləcək. 

Bununla da Müzəffər Həsənov küçəsinə Moskva prospektindən gələn nəqliyyat vasitələri rahatlıqla dönə biləcək. Bu da həmin ərazidəki sıxlığın qarşısının alınmasına səbəb olmalıdır. 

Xatırladaq ki, “20 Yanvar” yol ötürücüsünün uzunluğu 1,12 kilometrdir. Tiflis prospektində inşa edilən tunelin uzunluğu isə 332 m, hündürlüyü 5,5 metrdir. Ümumilikdə körpü və tunelin tikintisinə 31,5 milyon manat xərclənib. 

Əslində, layihədə Ziya Bünyadov prospektindən M.Həsənov küçəsinə, yəni “Azərsu” ASC-nin qarşısına körpü salınmalıydı. Bu zaman sürücülər Dərnəgül yolundan gələrək “Şamaxinka”ya tərəfə hərəkət edib, yenidən dönərək “20 Yanvar” dairəsinə qayıtmayacaqdılar. 

Məhz bu qovşağın olmaması dairədə tıxaclar yaradır və Tiflis prospektindən gələn avtomobillər az halda körpüdən istifadə edirlər. 

Gözləyək, görək, indi necə olacaq...


Tarix: 23-04-2020, 20:53
Xəbəri paylaş



Xəbər lenti