"Azəriqaz" nədən məhkəmə qapılarında qalıb? - Büdcə təşkilatlarına kommunal xərclər üçün pul ayrılsa da...

          
"Azəriqaz" nədən məhkəmə qapılarında qalıb? -
Bir sıra dövlət orqanları və dövlətin nəzarətində olan təşkilatların kommunal borcları ödəməkdən yayındıqları iddia olunur. Hazırda müxtəlif məhkəmə instansiyalarında bu mövzuda məhkəmə çəkişmələri gedir. Kommunal xidmət göstərən strukturlar borclu qurumları məhkəməyə verib.

Bu məhkəmə işləri arasında yarım milyon manata yaxın borc da var. Məsələn, "Azəriqaz"la Gəncə şəhər Təhsil Şöbəsi arasında illərdir məhkəmə çəkişməsi gedir. "Azəriqaz" iddia edir ki, təhsil şöbəsi uzun müddət qazpulunu ödəməyib və nəticədə 474 min 681 manat borc yığılıb. "Azəriqaz" iddia edir ki, dəfələrlə məktub göndərib xəbərdarlıq ediblər, amma borc ödənilməyib. Ona görə məhkəməyə üz tutublar.

Gəncə İnzibati-İqtisadi Məhkəməsi "Azəriqaz"ın iddiasını təmin edib. Təhsil şöbəsinin üzərinə bu məbləği ödəmək öhdəliyi qoyulub. Apellyasiya məhkəməsində isə ekspertiza təyin edilib və verilən rəy əsasında məhkəmə borcun məbləğini 310 min 339 manata endirib.

Bu qərardan hər iki tərəf narazı qalıb. Həm "Azəriqaz", həm də Gəncə şəhər Təhsil Şöbəsi Ali Məhkəməyə şikayət verib. "Azəriqaz" məbləğin 474 min saxlanmasını istəyib. Gəncə şəhər Təhsil Şöbəsi isə heç 310 mini də qəbul etmir, "Azəriqaz"ın məbləği şişirdiyini iddia edir. Ali Məhkəmə onların şikayəti əsasında qərarı ləğv edib, işi yenidən araşdırmaqdan ötrü Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb.

"Azəriqaz" Qubadlı rayon Təhsil Şöbəsi ilə də qazpulu borcuna görə çəkişir. Martda bu qurumu məhkəməyə verərək 2424 manat qazpulu borcunu tələb edib. İddia olunur ki, bu məbləğin 1530 manatı Qubadlı rayon Çaytumas kənd liseyi, 794 manatı isə Xocahan kənd orta məktəbinin istifadə etdiyi qaza görədir.

Sumqayıt Kommersiya Məhkəməsi "Azəriqaz"ın iddiasını təmin edib. Təhsil şöbəsinin üzərinə borcu ödəmək öhdəliyi qoyub.

Kommunal borca görə məhkəməyə verilənlər arasında Sumqayıt Dövlət Universiteti də var. "Azəriqaz" bu quruma qarşı da məhkəmədə iddia qaldıraraq universitetin 1528 manatlıq borcu ödəməsini tələb edib.

Amma məhkəmə prosesi gedən dövrdə universitet borcu ödəyib və "Azəriqaz" apreldə məhkəmədə iddiadan imtina edib. Borc ödənildiyinə görə bu işə xitam verilib.

Məhkəmələrdə bu cür mübahisələrin sayı onlarladır. Dövlət orqanlarının kommunal borclarının vaxtında ödənilməməsinin səbəbi nədir?

"Güzəran" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli hesab edir ki, bunun iki səbəbi var: məsuliyyətsizlik və korrupsiya. İqtisadçı-ekspert deyir ki, dövlət orqanlarının büdcəsi təsdiqlənəndə başqa xərclərlə yanaşı, kommunal ödənişlər də nəzərə alınır: "Dövlət orqanları üçün büdcə paketi təsdiqlənəndə kommunal ödənişlər üçün də vəsait ayrılır. Yəni, istifadə olunan elektrik enerjisi, su və ya qazın pulunun ödənilməməsi üçün əsas yoxdur. Ya məsuliyyətsizlikdən irəli gəlir, ya da kommunal xərclər üçün ayrılan vəsait təyinatı üzrə yox, başqa məqsədlər üçün istifadə olunur".

Ekspertin sözlərinə görə, kommunal xərclərlə bağlı dəqiq rəqəmi öncədən bilmək mümkün deyil. Ona görə də, təxmini hesablama aparıb, əvvəlki illərdəki sərfiyyatı da nəzərə alıb, orta məbləğ müəyyənləşdiriblər. İqtisadçı deyir ki, kommunal ödənişlərdən yayınan dövlət orqanlarının dəqiq statistikası yoxdur. Bu haqda pərakəndə şəkildə, özəl mənbələrdən aldıqları məlumatlar yayınmaların sayının çox olduğunu ortaya qoyur.
Tarix: 23-04-2020, 10:44
Xəbəri paylaş



Xəbər lenti