Karantin dövründə işsiz şəxslərə 190 manatlıq ödənişlə bağlı minlərlə insanın gözləntisi doğrulmadı. Müraciət edənlərin bir qisminə VÖEN istifadəçisi olduğu və bu səbəbdən fərdi sahibkar hesab olunduğu ilə bağlı cavab gəlib. Bir sözlə, onlara 190 manatlıq ödənişin verilməsindən imtina edildi. Təəccüblüsü budur ki, həmin şəxslər VÖEN-i illər öncə qısa müddətli bir fəaliyyət üçün açaraq istifadə edib, daha sonra fəaliyyətlərini dondurublar. Lakin elektron hökumət portalında VÖEN istifadəçisi olması ilə bağlı məlumat qalıb. Bəs bu necə, hansı halda olub? VÖEN-i birdəfəlik ləğv etmək üçün nə etmək lazımdır və bundan sonra təkrar işsiz kimi qeydiyyatdan keçib 190 manatı almaq mümkündürmü?
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov Musavat.com-a açıqlama verərək bildirdi ki, bu gün adına VÖEN olan, lakin fəaliyyətsiz olan bir çox vətəndaşlar zamanında fərdi sahibkar kimi qeydiyyatdan keçmiş şəxslərdir: “Bu şəxslər hazırda aktiv fəaliyyət göstərməyə bilərlər. Lakin onlar adlarına olan VÖEN-ləri tam şəkildə bağlamayıblar, böyük əksəriyyəti gələcəkdə yenidən fəaliyyət göstərmə ehtimalı ilə onu sadəcə müvəqqəti dayandırıblar”.
Qurum sözçüsü onu da vurğuladı ki, fəaliyyətin müvəqqəti dayandırilması ilə onun tam dayandırılması fərqli məsələlərdir: “Fəaliyyətin müvəqqəti dayandırılması (məsələn, 5 il), sadə desək, dondurulması şəxsin aktiv sahibkarlıq fəaliyyəti göstərmədiyini bildirir, lakin onun vergi uçotunu ləğv etmir. Vergi uçotunu tam şəkildə ləğv etmək və adında olan VÖEN-i tam bağlamaq üçün vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir”.
Vergi ödəyicisi VÖEN-ini ləğv etmək üçün nə etməlidir?
Şahin Məmmədov izah etdi ki, vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari
Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe
Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az ) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi YouTube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I
Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Musavat.com-a danışarkən bildirdi ki, VÖEN-I olan şəxslər aidiyyatı vergi orqanına müraciət edib, onu tam bağladıqdan sonra və bu məlumat elektron sistemdən silindikdən sonra yenidən işsiz kimi qeydiyyatdan keçib, 190 manat ödəniş üçün müraciət edə bilər. Burada VÖEN-in hansı dövrdə bağlanması əhəmiyyət kəsb etmir”.
Tarix: 21-04-2020, 14:26