Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, ehtiyatda olan zabit Maarif Məmmədov "Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsin əməkdaşı Elmar Seyidov və Şəmkir Elektrik Şəbəkəsinindən narazıdır.
"Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsin əməkdaşı Elmar Seyidov bizi polislə hədələyir ki, onların haqqında heç yerə şikayət etməyək."
Bu zözləri Şəmkir rayonu, Keçili kəndində yaşayan sakin Maarif Məmmədov Miq.Az-a açıqlamasında bildirib:
"Özüm Qarabağ döyüşlərinin iştirakçısı olmuşam, 2-ci qrup əliləm, açıq ürək əməliyyatı keçirmişəm. 2015-ci ildə min bir əziyyətlə tikdirmişəm. 2017-ci ildə yeni tikdirdiyimiz evin üstündən yüksək gərginlikli elektrik xətti çəkilib. İndi çəkilən bu elektrik xətti evin dam örtüyünü düzəltdirməyimizə mane olur."
Maarif Məmmədovun bildirdiyinə görə, bu məsələ ilə bağlı bir neçə dəfə Şəmkir Rayon İcra başçısının qəbulunda olub:
"Başçı bizi Şəmkir Elektrik Şəbəkəsinə yönləndirib. Amma orada bizim şikayətimizə baxılmır. Deyirlər güya ki, ev qanunsuz tikilib. Əslində bu evi 1977-ci ildə Sovet hökümətinin bizə verdiyi evin yerində tikmişik. O vaxt Şəmkir Su Elektrik Stansiyası tikiləndə bizi hazırki yerə köçürüblər."-deyə şikayətçi bildirir.
Maarif Məmmədov deyir ki, sözügedən elektrik xətti onun ev tikdirdiyi tarixdən 2 il sonra çəkilib:
"Biz 2015-ci ildə ev tikdirəndə yüksək gərginlikli elektrik xətti buradan keçmirdi. 2017-ci ildə edilən təmirlərdən sonra Aşıq Məsim adına küçədən keçən bu xətti bizim evin üstündən çəkiblər. Elektrik xəttinin yaratdığı təhlükədən digər qonşularımız da əziyyət çəkirlər. Şəxsən özüm bir neçə dəfə Şəmkir Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olub şikayətimi bildirmişəm. Lakin müdir elektrik xəttini qəti olaraq oradan götürməyə icazə verməyəcəyini bildirib".
2-ci qrup əlil Maarif Məmmədov onu da bildirdi ki, sonradan onun evinin üstündən çəkilmiş elektrik xəttinin başqa yerdən şəkilməsi mümkündür, sadəcə onunla aparılan məmur ədavəti buna imkan vermir:
"İşıq idarəsində işləyən elektrik ustalarının bəziləri etiraf edir ki, xətti az da olsa yola tərəf çəkməyin mümkündür. Şəmkir Elektrik Şəbəkəsinin müdiri Samir Rəsulzadə bizimlə ədavət aparırmış kimi buna imkan verməyəcəyini deyir. Bu məmur özbaşınalığının əziyyətini isə biz sadə vətəndaşlar çəkirik."-deyə Maarif Məmmədov bildirdi.
Şikayətçi probleminin həlli ilə bağlı ən ali instansiyalara, xüsusən də ölkə Prezidentinə müraciət etmək fikrindədir.
Redaksiyadan: Yazıda adları hallandırılan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 16-04-2020, 20:19