“İki ölkə arasında enerji və iqtisadi əməkdaşlıq siyasi xəttin əsas dayağıdır” -ŞƏRH


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. V.Zelenski Qəbələdə Prezident İlham Əliyevlə təkbətək görüşüb. Daha sonra isə geniş tərkibli görüş baş tutub.

AzərbaycanUkrayna münasibətləri uzun illərdir dostluq və qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt üzərində inkişaf edir. Bu münasibətlərin əsas ideoloji dayaqlarından biri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasıdır. Bu, Bakının prinsipial siyasi yanaşmasıdır. Çünki Azərbaycan özü də beynəlxalq hüququn və ərazi bütövlüyünün uzunmüddətli şəkildə pozulması təcrübəsini yaşamış ölkədir, bu səbəbdən suverenlik məsələsinə həssas yanaşır. Prezident İlham Əliyev Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib: Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

Məhz bu kontekst Azərbaycanın Ukrayna məsələsində mövqeyini daha ardıcıl və dəyişməz edir. Bakı üçün burada söhbət təkcə Ukraynaya simpatiyadan deyil, həmçinin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasından gedir. Bu səbəbdən Azərbaycan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünün pozulmasını qəbul etmir və bunu siyasi ritorikasında da sabit şəkildə ifadə edir.

Eyni zamanda Azərbaycan Rusiya–Ukrayna müharibəsində özünü hərbi və ya siyasi bloklaşmanın tərəfi kimi təqdim etmir. Bakı münaqişəyə birbaşa müdaxilə etmir, hərbi komponentlərdən uzaq dayanır, lakin eyni zamanda Ukraynaya humanitar yardım göstərməklə öz mövqeyini praktiki şəkildə də ortaya qoyur.

Təsadüfi deyil ki, Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanın yanaşması onu regionda nadir aktorlardan birinə çevirir. Çünki Bakı həm Rusiya ilə münasibətləri saxlayır, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu model Azərbaycanı sadəcə müşahidəçi yox, o cümlədən gələcəkdə mümkün diplomatik platforma rolunu oynaya biləcək ölkə kimi də ön plana çıxarır.

Bakı-Kiyev münasibətlərində enerji və iqtisadi əməkdaşlıq isə siyasi xəttin real dayağını təşkil edir. Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında vurğulayıb: “Burada həm əldə edilmiş nailiyyətlər var, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri və ümumilikdə enerji sektorunda mövcudluğu iki ölkə münasibətlərini real iqtisadi əməkdaşlıq müstəvisinə daşıyır. Bu isə əlaqələrin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir.

Müəllif: Turan Rzayev, 

AXS.az

Tarix: Dünən, 17:17
Xəbəri paylaş



Xəbər lenti