NATO generallarının Azərbaycana intensivləşən səfərləri - 5 mühüm səbəb




Rusiya NATO-da təmsilçiliyini bağladığını bəyan edəndən sonra Alyans rəsmilərinin Azərbaycana səfərləri niyə artıb? Ekspertlərdən ilginc açıqlamalar...

Son günlər NATO-Rusiya münasibətlərinin gərginləşməsi fonunda hərbi Alyans rəsmilərinin Bakıya artan səfərləri diqqət çəkir. “Yeni Müsavat” xatırladır ki, Rusiya NATO-da təmsilçiliyini bağladığını bəyan edəndən sonra da gərginlik artıb, Moskva bir neçə dəfə NATO qüvvələrinin xüsusilə Qara dənizdə sərhədləri pozduğu haqda məlumatlar yayıb. ABŞ müdafiə nazirinin Kiyevə səfərindən sonra Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların da intensivləşməsi Moskva-Brüssel gərginliyini daha da tətikləyib. 
Belə zamanda - oktyabrın 18-də NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavier Kolominanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdu. Oktyabrın 25-də isə NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyində olub. Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib. General-mayor F.Diella öz növbəsində NATO-nun Azərbaycanla əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan-NATO əməkdaşlığı üçüncü ölkəyə yönəlməsə də, Bakının Alyansa üzvlüyü heç vaxt, ümumiyyətlə, müzakirə mövzusu olmasa da, Brüsseldən gerçəkləşən səfərlər Rusiyanın diqqətini çəkməyə bilməz.
Xarici işlər naziri Ceyhun Bayramov həm Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyib, həm də NATO-nun tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycan NATO və ABŞ koalisiyası üçün Əfqanıstan əməliyyatı dövründə logistik dəhliz, həm də təyyarələri yanacaqla təmin edən mühüm coğrafi məntəqə rolunu oynayıb. Bunu ABŞ Əfqanıstanı tələm-tələsik tərk edərkən amerikalı təhlilçi Luke Coffey də Twitter hesabında qeyd etmişdi. Bəs NATO Qafqazdan nə umur və indiki gərgin regional vəziyyətdə bu cür səfərlərin intensivləşməsi nə ilə bağlı ola bilər? Moskvanın reaksiyası bizi narahat etməlidirmi?


Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, bu səfərlərin intensiv olmasının səbəbi NATO-nun regiona marağının artması ilə əlaqəlidir. S.Əkbər bu səfərlərdə beş əsas faktorun olduğunu sadaladı. Onun sözlərinə görə, ilk növbədə Rusiya-NATO münasibətləri kəskinləşib: “İkincisi, NATO-nun Əfqanıstandan çıxması və ətraf regionlara marağının artması müşahidə olunur. Üçüncüsü, İran məsələsidir, dördüncüsü Çinlə bağlı geopolitik layihələrdir və beşinci buranı əlavə edərdim - Xəzərin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyində oynadığı rol... Bu beş faktor NATO-nun regionda marağını artırıb. Eyni zamanda Azərbaycan müharibədən qalib çıxan ölkədir və hərbi Alyansın marağının olması təbiidir”.
S.Əkbər düşünmür ki, NATO rəsmilərinin Azərbaycana artan səfərləri Rusiyanı qıcıqlandırsın: “NATO ilə Bakı arasında əlaqələr o səviyyədə deyil ki, Moskva bundan narahat olsun. Azərbaycan siyasi rəhbərliyi NATO-ya üzvlük niyyətinə olmadığını bildirib. Əgər NATO hansısa hərbi infrastruktur qurmaq istəsə, onda Kreml narahat ola bilər”.


Polkovnik Üzeyir Cəfərov NATO rəsmilərinin səfərlərinin protokol əsasında baş tutduğunu və burada təsadüf olduğunu düşünür. Onun fikrincə, NATO ilə münasibətlərin kəskinləşməsində günahkar Rusiya özüdür: “Amma Moskva bilir ki, bu Alyansla mübarizə gücü o qədər deyil. Azərbaycana gəlincə, bizimlə əməkdaşlıq dərinləşdirilir. Rəsmi Bakı bildirir ki, Qoşulmama Hərəkatındayıq və heç bir hərbi bloka üzv olmayacağıq. Ona görə, sadəcə, NATO ilə bir neçə layihələrdə birgə iştirakımız gözlənilir, yəni əməkdaşlıq genişləndirilir”. Ü.Cəfərov hesab edir ki, Türkiyə NATO-da ikinci ölkədir və onun prezidentinin Azərbaycana səfərləri, verdiyi bəyanatlar dolayısı ilə bu Alyansın bizə dəstəyi kimi qiymətləndirilməlidir: “Rusiya daha çox Türkiyənin bölgədə varlığını görür. Amma inanmıram ki, NATO-nun niyyəti Azərbaycanı Rusiyanın orbitindən qoparmaqdır”.


Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, NATO-nun bölgəyə hər zaman marağı olub: “Hətta birinci Qarabağ müharibəsi vaxtı regiona səfərlər edərək əməkdaşlığın detallarını müzakirə etmişdilər. Lakin son 5 ildə NATO ilə bölgə ölkələri arasında soyuqluq yaranıb. Amma 44 günlük müharibədən sonra Alyans əməkdaşlığını fəallaşdırmağı, əlaqələri dərinləşdirməyi hədəfləyib. Xüsusən də Rusiya amilini nəzərə almaq lazımdır”.
Hərbi ekspert xatırlatdı ki, 1997-ci ildə NATO-nun “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələr formalaşmışdı: “Bu əməkdaşlıq çərçivəsində Əfqanıstan, İraq və Kosovoda Azərbaycanın sülhməramlı missiyası iştirak etmişdi, artıq bu missiya bitib, NATO ilə soyuma nöqtəsinə gəlinib. Ona görə NATO əməkdaşlığın dərinləşməsi üçün fəallığı artırıb. Etiraf etməliyik ki, bu alyansdan bizim ədalətli mövqeyimizi dəstəkləməsini gözləyirdik. Ancaq bunu o dərəcədə görmədik və bundan istifadə edən Rusiya oldu. Hətta NATO-ya üzv ölkələr Azərbaycanın satınalmalar təkliflərinə isti yanaşmırdılar, İtaliya istisna olmaqla, digərlərinin hərbi sənayesindən nəsə almaq çətin olub. Amma bu müddət ərzində Azərbaycan NATO ilə əlaqələri qorumağa çalışıb. İndi isə regionda yeni reallıq yaranıb, Azərbaycanın bir güclü oyunçuya çevrilib və bundan əvvəl NATO-dan bizdən nəsə almağa çalışırdısa, indi biz ondan almağa səy göstərəcəyik”.


Ekspert Murad Sadəddinov bu səfərlərdən Moskvanın narahat olacağını da düşünmür: “NATO indi regionda əsas diqqəti Ukrayna və Gürcüstanla əlaqələri inkişaf etdirməyə verir. NATO təmsilçilərinin Bakıya səfərini Moskva həmişə diqqətlə izləyib, odur ki, Azərbaycan NATO ilə münasibətlərində indiki mərhələdə müəyyən qırmızı xətləri keçməməyə çalışacaq”.


Deputat Rasim Musabəyov isə deyib ki, NATO bölgədə minalanmış ərazilərin təmizlənməsinə yardım edə bilər, bundan artığına yox...
Emil SALAMOĞLU
Tarix: 27-10-2021, 10:07
Xəbəri paylaş



Xəbər lenti