“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...

“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...
“Cəbrayıldakı eyni “KAMAZ” xidmət mərkəzi həmin torpaq ermənilərdə olanda da işə düşə bilərdi və bununla da yerli əhalinin işlə təmin olunmasına kömək edə bilərdi...”
 
“Ruslar o illərdə azad edilmiş Ermənistan bölgələrinə bir qəpik də sərmayə qoymadılar, yalnız Kəlbəcərdən qızıl çıxardilar…”
 
44 günlük Qarabağ savaşındakı uğurlarımızdan sonra arxa planda, yəni  gizli şəkildə, diplomatiya, kəşfiyyat və içimizdəki agentura şəbəkələri vasitəsilə bizə qarşı  xəyanətlərini, pisliklərini davam etdirmələrinə rəğmən qərbpərəst Paşinyan hakimiyyətinin acığına Azərbaycanla üzdə görünən münasibətləri əsasən isti olan Rusiyanın belə davranışları Ermənistanın bir sıra dairələrini bərk qıcıqlandırır. Yüzilliklər boyu Rusiyaya Azərbaycan, Türkiyə, hətta Gürcüstana qarşı ov tulalığı edən bu ölkənin başıboş başbilənləri Kremli ermənilərə xəyanətdə suçlamaqda davam edirlər. Qəsbkar, terrorçu xislətliləri bu dəfə narahat edən Moskvanın rəsmi Bakı ilə iqtisadi yaxınlaşmasıdır... 
 
Moderator.az-ın təqdim etdiyi  erməni analitik Tevos Arşakyanın “ArmenianReport” nəşrindəki “Ermənistana xəyanət edən ruslar Azərbaycana “qaytardıqları” əraziləri bərpa etməyə tələsdilər” başlıqlı məqaləsində artıq ona əvvəlki kimi bol yal verməyən sahibinə dişlərini qıcardan it obrazı canlanır...
 
“... “Dost dar gündə tanınar” deyirlər. Bununla razılaşmamaq çətindir - bir dostun sizə olan həqiqi münasibəti yalnız çətin, ağır vəziyyətdə sınaqdan keçirilə bilər. Bu, bizim vəziyyətimizdə də baş verdi. Ermənistanın bizə dost olaraq sırınan Rusiya ilə "dostluğunu" nəzərdə tuturam. Nə qədər ki, ermənilər yaxşı vəziyyətdə idilər, nə qədər ki, onlarla razılaşdıq və "kasıb qohum" və "kiçik qardaş" rolunu qəbul etdik, hər şey qaydasında idi.  Ancaq  2018-ci ilin yazında Ermənistanda prinsipcə həqiqi dostlar arasında olmalı olan bərabər münasibətlərə eyham vurulan kimi şimallı “dostumuz” dərhal vəhşi təbəssümünü göstərdi.  Xatırlayın ki, Rusiya mediasında, xüsusən Kreml tərəfdarı olan tok-şoularda Ermənistana və ona rəhbərlik edən Paşinyana nə qədər çirklər yaxılırdı...” – erməni analitik belə yazır.
 
“Moskva Paşinyanın əslində Putin, Köçəryan və ya Sarkisyan kimi diktator olmadığını, Ermənistanı son 20 ildə olduğu kimi Rusiyanın tabeliyində görmək istəməyən vətəndaşların əksəriyyəti tərəfindən qanuni olaraq seçilmiş bir lider olduğunu başa düşməkdən imtina etdi.  Kreml bunu qəzəb və incikliklə qarşıladı və nədənsə Ermənistan və Paşinyandan qisas almağa qərar verdi. Ruslar  Azərbaycan və Türkiyəni erməni dövlətlərinə qarşı təcavüzə sövq etməklə qisas aldılar. Bəli, bəli, biz  çaşıb belə demədik - Bakı və Ankaranı hücuma ruhlandıran “dostumuz” Rusiyanın  kənar müşahidəçi rolundakı susqun mövqeyi idi” – deyən T. Arşakyan daha sonra Moskvanın artıq işğaldan azad Azərbaycan torpaqlarında əməli işlərindən yana-yana bəhs edir. 
 
 
“...Amma bütün bunlardan sonra da(44 günlük savaşda Azərbaycanın torpaqlarının əksər hissəsini azad etməsindən sonra-S.L.) “incimiş dost” bizə qarşı hiylə qurmaqda davam edir. Belə ki, oktyabrın 21-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya iqtisadi operatorlarının Azərbaycana" qayıdan" ərazilərin münaqişə sonrası bərpasında iştirak etməyə hazır olduqlarını" söylədi.
 
“Anladığım qədər, söhbət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Azərbaycana qaytarılan ərazilərdən gedir. Rusiyanın iqtisadi operatorları bu ərazilərin münaqişədən sonra yenidən qurulmasında iştirak etməyə hazırdırlar. Bu il iyulun 23-də iqtisadi inkişaf nazirinin müavininin rəhbərlik etdiyi biznes missiyası əməkdaşlıq perspektivlərini müəyyən etmək üçün Bakıda olub. Noyabrın 17-18-də bir qrup Rusiya şirkətləri Azərbaycana yenidən səfər etməyi planlaşdırır...
 
Bu istiqamətdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının əməli şəkildə həyata keçirilməsinin nümunələrindən biri də oktyabrın 4-də Cəbrayıl rayonunda (Jrakan – erməni müəllifin qeydi) “KAMAZ” və Gəncə Avtomobil Zavodunun istehsalat avtomobil birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi oldu. Əlbəttə ki, Azərbaycanda Rusiya işgüzar fəaliyyətinin genişləndirilməsində maraqlıyıq və bu cür birgə işləri Moskva ilə Bakı arasındakı əlaqələrin vacib komponenti hesab edirik. Biz buna hər cür dəstək verəcəyik”- deyə Zaxarova əlavə edib...
 
Bu, sadəcə olaraq ikiüzlülük deyil, bu, Paşinyanı bu əraziləri Azərbaycana verməyə məcbur edən Rusiyanın ifrat dərəcədə alçaqlığıdır. Və burada tamamilə təbii sual yaranır: ruslar, sizə nə mane oldu. Madam ki, əlavə pulunuz var idi, bu ərazilər ermənilərdə olanda onların bərpasına yatırardınız? Jrakandakı eyni KAMAZ xidmət mərkəzi həmin torpaq ermənilərdə olanda da işə düşə bilərdi və bununla da Ermənistanın və Artsaxın bölgəni canlandırmasına, yerli əhalinin işlə təmin olunmasına kömək edə bilərdi. Ancaq ruslar o illərdə azad edilmiş Ermənistan bölgələrinə bir qəpik də sərmayə qoymadılar, yalnız Karvaçardan(Kəlbəcərdən-S.L.) qızıl çıxardilar… 
 
Ancaq buna təəccüblənməyə dəyməz. Biz çoxdan başa düşmüşük ki, kim bizim dostumuzdur, kim düşmənimizdir, kim də elə belə... Rusiya bu gün dəqiq olaraq bizim dostumuz deyil. Bu, erməni xalqının ondan mümkün qədər uzaq durması lazım olan rəzil bir xaindir”- deyə sonda erməni analitik qəzəb içində fikirlərini tamamlayır. 
 
Sultan Laçın

Tarix: 22-10-2021, 22:21
Xəbəri paylaş



Xəbər lenti