44 günlük Vətən müharibəsində tarixi və ədalətli zəfər Azərbaycanı ərazi bütövlüyü ilə yanaşı, həm də dünya ölkələri üçün böyük əhəmiyyətə malikdir.Artıq Azərbaycan dünyanın ən böyük strateji hədəfləri üçün açar dövlət rolundadır. Bu məsələdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı, Azərbaycanın zəfərini rəsmiləşdirən 10 noyabr bəyanatında nəzərdə tutulan öhdəliklərin də mühüm rolu var.
Prezident İlham Əliyevin Hacıqabul səfərində Zəngəzur dəhlizi ilə bağlı açıq şəkildə fikirlərini ifadə etməsi və konkret hədəflərin göstərilməsi də Azərbaycanın birmənalı şəkildə bölgənin lider dövləti, o cümlədən dünya üçün strateji ölkə olması bir daha açıq şəkildə göstərdi. Zəngəzur dəhlizi regional və beynəlxalq əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev hələ müharibənin gedişində bölgədəki kommunikasiya xətlərinin açılmasında, Zəngəzur dəhlizinin bərpa olunmasında maraqlı olduğunu açıqlayırdı. Digər tərəfdən dünya gücləri də Zəngəzur dəhlizinin açıqlamasında birmənalı olaraq Azərbaycanı dəstəkləyir.
Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində regionun mənzərəsinin, geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda istər regional - Gürcüstan, İran, Türkiyə və Rusiya, istərsə də regionda marağı olan Qərb, ərəb dövlətləri və Çin KİV-lərində çoxsaylı yazılar dərc edilir.
Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir, Gürcüstan parlamenti 44 günlük müharibənin nəticələrini xüsusi qapalı iclasda müzakirə edir, ekspertlər isə Zəngəzur dəhlizindən Çinin əldə edəcəyi faydanı belə hesablamağa çalışırlar.
Zəngəzur Asiya və Avropanı birləşdirən, bölgə və beynəlxalq yükdaşımlarda çox mühüm dəhlizdir. Prezident İlham Əliyev də müharibə dönəmindəki çıxışında dəfələrlə qeyd edirdi ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır.
Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir.
AĞ Partiyanın başqanı Tural Abbaslı
Cebhe.info-ya açıqlamasında deyib ki, 10 noyabr bəyanatı Azərbaycanı dünya üçün açar dövlətə çevirdi:
“10 noyabr bəyanatı imzalandan sonra cəmiyyətdə bir qədər narahatçılıq vardı. Amma biz hər zaman bir nüansı vurğulayırdıq ki, bu saziş dünya düzənini dəyişəcək sənəddir. O zamanlar da deyirdim ki, Azərbaycan artıq yeni dünya düzəninin açar dövlətidir. İstər ərazi, istər iqtisadiyyat, istərsə də əhali baxımından kiçik dövlət olsaq da, yeni dünya düzəninin qurulmasında açar ölkələrdən biri halındayıq. Bu müharibədə Azərbaycanın leyhinə birləşən ölkələr Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya, Çin nisbətən də Rusiya oldu. Vətən müharibəsi əslində çoxqütüblü dünyanın yeni bir qütbünün yaranmasına təkan verib. Azərbaycan açar ölkə rolunu oynayır. “Böyük İpək Yolu” məsələsi var ki, bu da Çinin himayədarlığı ilə baş tutan və dünya əhəmiyyətli layihədir. Zəngəzur dəhlizi də bu böyük layihənin tərkib hissəsidir.Odur ki, bu çox önəmlidir və Azərbaycan da çox strateji dövlətlərdən birinə çevrilir. Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirəcək dəhliz olacaq. Azərbaycan üzərindən Orta Asiyaya çıxış birbaşa təmin olunur”.Partiya sədri bildirib ki, Zəngəzur dəhlizi dünya üçün Ermənistanın varlığından daha vacibdir:
“Prezident İlham Əliyevin son çıxışlarında da məhz buna vurğu var idi. İlham Əliyev deyirdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, bunu Ermənistan istəsə də, istəməsə də. Əslində burada bir qədər də dünya ictimaiyyətinə, dünya birliyinə arxeyinlik var idi. Çünki bu layihə Ermənistan dövlətinin özündən daha vacibdir. Ermənistanın bu layihənin qarşısında durmaq kimi bir şansı yoxdur. Təbii ki, bu məsələni bir qədər uzatmaq istəyə bilər. Yeni düzəndə artıq Rusiya tək bir qütb olmayacaq. Yəni bütün dünya və Rusiya məsələsi olmayacaq, Rusiya da qütblərdə təmsil olunan ölkə halında olacaq.Ola bilsin ki, Rusiyada bəzi dairələr bunun əleyhinədir. Ona görə də Rusiya Qarabağ məsələsində hazırda ədalətli mövqedə durmur. Daha çox ermənilərin mövqeyindən çıxış edir. Əslində düşünüləsi məsələ odur ki, Zəngəzur dəhlizinə Rusiya, yoxsa Ermənistan mane olmağa çalışır? Bunun özü də müzakirə mövzusu ola bilər. Düşünürəm ki, Zəngəzur dəhlizi çox strateji məsələdir. Hətta Rusiya da istəməsə belə, bu dəhliz açılacaq”.Vilayət Muxtar
Tarix: 24-04-2021, 15:30