”Əsas çətinliyim qəribçilikdə özünü tənha hiss etməyim idi” O, 14 ildir ki, İsveçin ən böyük və hakim partiyası olan Sosial Demokratrlar Partiyasının fəal üzvüdür. Burada çox sayda siyasi vəzifələrdən başqa 11 ildən çoxdur ki, (üçüncü mandat mərhələsi) 360 min əhalisi olan bölgənin regional parlamentinin deputatıdır. 360 min əhalinin etimad göstərdiyi 81 deputatdan biridir.
Beləliklə,
Moderator.az-ın qonağı həmvətənlimiz İradə Əliyeva Söderbergdir.
- 14 ildir ki, İsveçin ən böyük və hakim partiyası olan Sosial Demokratlar Partiyasının fəal üzvüsünüz. 11 ildir ki, Regional parlamentin deputatısınız. İsveçdə xarici vətəndaşın vəzifə sahibi olması necə qarşılanır? Yəqin ki, başqa bir ölkədən gəlib idarəedici funksyasına sahiblənmək sizin üçün heç də asan olmayıb. - Bəli, qeyd etdiyiniz kimi 14 ildir, yəni 2007-ci ildən İsveçin ən böyük və həm də hakim partiyası olan Sosial Demokratlar partiyasının aktiv üzvüyəm. Elə ilk vaxtlardan müxtəlif idarə heyətlərinə, komissiyalara irəli çəkildim. 2010-cu il seçkilərində Regional Parlamentə namizədliyimi təqdim etdim və seçildim. 2010-cu ildən artıq üçüncü mandat mərhələsidir. Yəni 11 ildir ki, Regional Parlamentin deputatıyam(2022-ci ilə qədər) və 2022-ci il seçkilərində də namizədliyimi yenidən verəcəyəm.
- Qadın olaraq başqa bir ölkəyə getmək, sıfırdan başlamaq, çalışmaq, özünü inkişaf etdirmək heç də asan məsələ deyil. Bu prosesdə hansı çətinliklərlə üzləşdiniz? -İsveçdə başqa ölkələrdən gələn insanlar üçün işləmək, oxumaq imkanları var, amma bu imkanlardan istifadə etmək üçün də çox şərtlər mövcuddur. İnsanların əvvəldən təhsil səviyyəsinin, dil bilgilərinin, iş təcrübələrinin olması çox mühüm əhəmiyyət kəsb edir. Hətta bunların hamısı olduqda belə bir qədər yüksək vəzifə tutmaq çox çətindir. Bunun üçün sən özünü çox işgüzar tanıtmalıs, uzun müddət aktiv çalışmalısan. Siyasi platformada istədiyin mövqeyi tutmaq üçün çox geniş biliyin, təcrübən, həm də dünyəvi, yəni beynəlxalq biliklərin çox geniş olmalıdır ki, səni hansısa bir isveçliyə yaxın səviyyədə qəbul etsinlər. İsveçlilər demokratik fikirli, üzdə açıq toplum kimi görünsələr də ümumilikdə konservativdirlər. Yəni səni bir səviyyəyə qədər açıq ürəklə qəbul edirlər, amma görəndə ki, sən onlar qədər, hətta bir çox şeylərdə onlardan daha çox məlumatlısan o zaman əngəllər yaratmağa başlayırlar. Odur ki, balansı saxlayıb, həm də istədiyin səviyyəni tutmaq üçün daim diqqətli olaraq çox işləməlisən. Ona görə də bir növ daim stressdə olursan.
-İsveçdə bir deputatın görməli olduğu ən vacib məsələ hansıdır?Onlar xarici deputatı, üstəlik bu xarici qadındırsa onu nə qədər ciddiyə alır və qəbul edirlər? -Qadınlar üçün istənilən cəmiyyətdə çətinliklər mövcuddur. Müasir dövrdə qadıların çiyninə daha böyük yüklər düşür. Qadın ana, bacı, həyat yoldaşı olmaqla yanaşı artıq cəmiyyətin idarə olunmasında, formalaşmasında kişilərlə eyni hüquqda, eyni səviyyədə yer almaq üçün mübarizə aparır. Bəli, lap elə mübarizə aparır! Buna görə də qadınlar böyük çətinliklərlə üzləşməyə məcbur olur. Mən heç vaxt çətinliklərdən qorxmamışam, öz arzuma, məqsədimə çatmaq üçün mübarizə aparmışam. Ali təhsilimdə mühəndis iqtisadçıdır. Sözsüz ki, yad bir ölkəyə köçüb, sıfırdan başlamaq çox çətin, çox riskli bir qərar idi. Amma mən qərarımı verdim və bilirdim ki çox çətinliklərlə üzləşəcəyəm. Amma bütün bunları mən öz əziyyətimlə, biliyim, bacarığımla, qarşıma çıxan yaxşı insanların dəstəyi ilə dəf edirdim. Sözarası onu da deyim ki, namərd insanlar da çoxdur hər yerdə və əlbəttə belə namərdlərlə mən də qarşılaşırdım və belə namərdlər həmişə yaxşılara pislik etmək istəyirlər. Ola bilsin ki, mən özüm həddindən artıq xeyirxah, hər kəsə əlimdən gələn köməyi edən, mehriban bir insan olduğuma görə Allah da mənim də qarşıma yaxsı insanlar da çıxarırdı və indi də elədir.
- Qürbət həsrəti ilə necə mübarizə aparırsınız? -Mənim dil öyrənmək çətinliyim olmadı. Çox tez isveç dilinə tam yiyələndim. Qeyd edim ki, bütün böyük işlərimdən asılı olaraq vaxtımın azlığına baxmayaraq, soydaşlarımıza kömək məqsədi ilə, əsasən təhsil və səhiyyə sahəsində tərcüməçilik də edirəm. Əsas çətinliyim qəribçilikdə özünü tənha hiss etməyim idi. Çox oxuyurdum, çox işləyirdim, özümü, millətimizi, Azərbaycanı hər bir isveçliyə, hər bir rastlaşdığın digər millətlərdən olan insanlara tanıtmaq üçün cəmiyyətin bütün sahələrində fəal olmağa çalışırdım. Bu da çox vaxt, energi tələb edirdi. Hər şeydən də vacib iki uşaq anası kimi o uşaqların təhsili, qayğıları, sağlam, xoşbəxt böyümələrini təmin etmək... Bunların hamısını həyata keçirmək, özü də qərib bir ölkədə, həm də sıfırdan başlayaraq, özü bir qəhrəmanlıqdır, şücaətdir... Bilirsiniz, bir növ özünü həmişə döyüşdə hiss edirsən heç vaxt rahat ola bilmirsən...
İsveçdə bir deputatın görməli olduğu ən vacib məsələ seçicilərin inamını daima doğrultmaqdır. Yəni deputat daim seçicilərin nəzarətindədir. Deputat sutkanin 24 saatı, bütün həftəni, bütün il boyu məsuliyyət daşıyır. Bütün işlərində, çıxışlarında, yazılarında, sosial şəbəkələrdə, hətta şəxsi həyatında diqqətli olmalısan. Seçkilər zamanı verilən vədlər daim seçicilərin nəzarət və tələbindədir. Əlbəttə ki, siyasi sahədə görülən işlər digər partiya həmkarları ilə birlikdə həyata keçirilir, amma eyni zamanda bir şəxs olaraq cavabdehlik çoxdur və çox işləyirik. Bütün bu intensiv fəaliyyətin öhdəsindən gəlmək o qədər də asan deyil. Və belə bir gərgin işləri eyni səviyyədə görə bilən bir xarici qadını ciddi qəbul edirlər. Amma bu çox gərgin işlərin nəticəsində əldə olunur.
Qürbət həmişə qürbətdir. Vətən həsrəti heç vaxt bitmir. Burada hər şey nə qədər yaxşı olur olsun Vətənin yerini heç nə vermir. Vətən həsrətini, bütün vaxtımı uşaqlarıma, işimə, siyasi fəaliyyətimə və ən başlıcası öz simamda bizim kimliyimizi bu cəmiyyətə çatdırmağa çalışmaqla neytrallaşdırırdım, bir növ balanslaşdırırdım və buna da davam edirəm. Özümə təsəlli verirəm ki, mənim kimilər Vətəndən kənarda da lazımdır ki, tanıyıb görsünlər biz kimik. Bilirsiniz o qədər insanlar olub ki, deyib ki, birinci dəfədir mən Azərbaycanlı görürəm Çoxu heç bilmirdi ki, Azərbaycan harada yerləşir. Mənim beş dəqiqə danışma imkaım olanda onun dörd dəqiqəsni Azərbaycan haqqında danışırdım, bir dəqiqəsini özüm haqqında.
-Ağdamda doğulub, boya-başa çatmısınız. İndi isə bu torpaqlar azadlıqdadır. Bu xəbəri necə qarşıladınız? -Ağdamda doğulub böyümüşəm. Ağdam digər Ağdamlılar kimi mənim də hər şeyimdir: xoşbəxt, qayğısız uşaqlıımdır, əziz anamın, baba, nənələrimin yatdığı müqəddəs torpaqdır. Mən 2004cü ildən, yəni İsveçə köçəndən əlimdə xəritə, dilimdə Qarabağ, heç nədən qorxmadan hamıya, hər yerdə Qarabağ həqiqətlərini, torpaqlarımızın işğalını öz misalımda çatdırmışam. İnsanlara danışanda ki, mənim anamın qəbri işğal altındadır, baxın bura mənim ata yurdum, bura mənim oxuduğum məktəb, bura mənim kimi yüzminlərlə insanın didərgin salındığı torpaqlardır. Mənə inanırdılar. Çünki sənədlərimdə də görürdülər mən Ağdamlıyam.
Ağdamın azad olmasının Ali Baş Komadan tərəfindən rəsmi elan olunmasını hansı hisslərlə gözlədiyimi və xəbəri hansı hisslərlə dinlədiyimi yəqin ki, heç vaxt izah edə bilmərəm. Evdə də hamı mənimlə bərabər gecə, gündüz gözləyirdi. Xəbərə qulaq asıb sevincdən qışqıraraq ağlayırdım. Qızım da mənimlə bərabər ağlayırdı. Oğlum ikimizi də qucaqlamışdı. Uşaqlarımın heç biri Ağdamı görməyib sözsüz ki. Amma mənim illərlə gecə, gündüz həsrətli söhbətlərimlə, xəritələrlə, faktlarla onları o qədər məlumatlandırmışdım ki, onlar da Ağdamdın həsrətində idilər.
-Ağdamda hansı xatirələriniz var? O günləri necə xatırlayırsınız? -Ağdamı, həyat qaynayan bir məkan, hər şey bol olan, varlı, gözəl insanlar, böyük, yaraşıqlı evlər, həmişə toy, nişan olan, yasların hörmətlə keçirildiyi, cavanlar üçün xoşbəxt, uşaqlar üçün qayğısız, yaşlılar üçün hörmət və ehtiramla dolu və gözəl səslər, musiqi diyarı kimi xatırlayıram. Uşaq olanda fikrləşirdim ki, nə qədər böyükdür Ağdam bazarı...Bir də Ağdamın mədəniyyət evi.
Arzum isveçli dostlarımı Ağdama aparmaqdır. O gözəl Ağdamı filmlərdən göstərib, indiki Ağdamın nə hala salındığını göstərməkdir.
Tarix: 14-04-2021, 12:06