Demokratların ABŞ-da hakimiyyətə gəlişi ilə Rusiyaya qarşı yeni savaş cəbhəsi açıldı. Co Bayden prezident postuna gələr-gəlməz vədini tutdu - rusiyalı həmkarı Vladimir Putinə müharibə elan etdi.
Anaxeber.info yazır ki, ötən gündən Amerika-Rusiya cəbhəsində gərginlik pik həddə qalxıb. İlk növbədə ABŞ Ticarət Nazirliyi Aleksey Navalnı işi ilə əlaqədar Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib.
Qərar martın 18-dən qüvvəyə minir. Bununla ABŞ Rusiyanı silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edib.
Daha sonra Bayden ABC telekanalına müsahibəsində deyib ki, Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək. Bu, Amerika prezidentinin aşkar hədə-qorxusudur.
Bayden “Siz tezliklə bunu görəcəksiniz” cavabı ilə Rusiyanı açıq şəkildə təhdid edib. Bunun qarşılığında Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Moskvaya məsləhətləşməyə çağırılıb.
Beləliklə, gərginlik yüksəlir və Vaşinqtonun Kremlə təzyiqlərinin daha da güclənəcəyi şübhə doğurmur. Başqa bir dövlətin, özəlliklə də Rusiyanın lideri üçün “qatil” ifadəsinin işlənməsi ağır gəlir.
Görəsən, Putinin buna cavabı nə olacaq? Kreml sahibi həmişəki kimi soyuqqanlığını qorumağa çalışacaq, yoxsa Baydenlə kəllə-kəllə gələcək?
Bizi isə bu geopolitik qarşıdurmada daha çox Azərbaycanın mövqeyinin necə olacağı, ABŞ-ın Qarabağ məsələsinə təsirlərinin hansı şəkildə təzahür tapacağı, rus sülhməramlılarının bölgəyə yerləşməsinə, Moskvanın hərbi varlığını möhkəmləndirməsinə Baydenin reaksiyasının nə cür olacağı maraqlandırır.
Aydındır ki, rəsmi Bakı 44 günlük müharibədə neytral dayanan Rusiyanın bu yaxşılığını qiymətləndirir, Kremlə müttəfiq olan Ermənistanda antiRusiya ritorikasının güclənməsindən fərqli olaraq, Azərbaycanda şimal qonşuya hörmət bəslənir, onu qıcıqlandıran siyasi manevrlərə yol verilmir. Hətta Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb “Şimali Qafqaz - Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır.
Bakı Moskvanın bu xahişini nəzərə alır, həm də regional əməkdaşlıqda maraqlı olduğunu göstərir. Rəsmi Bakı beynəlxalq ictimaiyyətə də əməkdaşlığa açıq olduğunu əyani şəkildə göstərir və diplomatiyada “şah gedişi” edir.
Anaxeber.info bildirir ki, Azərbaycanın Rusiya ilə belə bir yaxınlaşması fonunda Sorosçu Paşinyanı dəstəkləyən və ermənipərəst olan Bayden administrasiyasının Moskvaya açıq hücuma keçməsi əlbəttə ki, strateji savaşda bizim müəyyən qədər tərəf saxlamağımızı diktə edəcək.
Çünki faktiki olaraq bizə qarşı Qarabağ məsələsində təzyiqlər Moskva deyil, Vaşinqtondan gəlməkdədir. Bildiyiniz kimi, ABŞ Konqresindəki erməni lobbisinin maraqlarını ifadə edən bir qrup konqresmen “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adı altında növbəti antiazərbaycan, antitürkiyə sənədinin qəbul olunması üçün dəridən-qabıqdan çıxır.
Yəni bu, Amerika dövlətinin rəsmi mövqeyi olmasa da, Konqresdə belə bir mürtəce sənədin keçirilməsinə can atırlar. Rusiya Dumasında isə belə bir təşəbbüs olmayıb.
O baxımdan Bayden-Putin toqquşmasının bir ucu bizə və Qarabağ məsələsinə təsir edəcək. Qərb 44 günlük savaşın onun təsiri olmadan yekunlaşmasına görə narazıdır, özünü ofsaydda hiss edir.
Xüsusən də ABŞ münaqişənin həlli, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi məsələsini deyil, Rusiya hərbi kontigentinin Qarabağa sülhməramlı qismində yerləşməsini həzm etmir.
Ona görə ABŞ-ın proseslərə müdaxiləsi, Minsk Qrupunu diriltməsi, Konqresdə anti-Azərbaycan layihəsini keçirməsi istisna deyil və elə Paşinyan hökuməti də buna ümid bəsləyir.
Ermənilər güman edirlər ki, Qərb Rusiyanı sıxışdıracaq, revanş imkanları yarana biləcək, Azərbaycan da basqı ilə üzləşəcək. Bu səbəbdən ABŞ-Rusiya münasibətlərində yaranmış gərginlik nəticəsində bizi olduqca maraqlı proseslər gözləyir.
Digər tərəfdən Azərbaycan geosiyasi mübarizənin dərinləşməsində bir qədər də maraqlıdır. Çünki bu qabarma-çəkilmə siyasəti həm Qarabağda daimi yerləşmək niyyəti güdən sülhməramlıların, Rusiyanı neytrallaşdıracaq, həm də Bakını sıxmaq istəyən Qərb qarşısında Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığının genişlənməsini görəcək.
Yəni, 44 günlük müharibədə əldə etdiyimiz əlverişli geosiyasi fürsət kimi hazırkı situasiya da tam olaraq əleyhimizə deyil. Və nəzərə almaq lazımdır ki, bu dəfə Böyük Britaniya, İsrail və Pakistan siyasi marşrutu Azərbaycanın yanındadır...
Anaxeber.infoTuran
Tarix: 18-03-2021, 10:09