Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı - Cənubi Qafqazın təhlükəsizliyinin qarantı...

Türkiyə və Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlığı - Cənubi Qafqazın təhlükəsizliyinin qarantı...
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının qısa tarixi
Regionda movcud hərbi siyasi vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsini deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın əsası 1992-də imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” ilə qoyulub. 2000-ci il 20 sentyabr tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. 2010-cu il sentyabrın 15-də imzalanan “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında Birgə Bəyannamə isə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəldib.
1992-də imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlı hərbçi təhsil almasını təmin edib. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu qardaş ölkənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində fərqlənən bir çox zabitlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələr komandanı general-leytenant Hikmət Mirzəyevin məhz Türkiyənin Hərbi Akademiyasının məzunu olması da diqqətəlayiq faktdır. 
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Azərbaycan NATO təlimlərində birgə iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə 10-dan birgə hərbi təlimlərə cəlb olunur. 
Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dünən təsdiqlənən “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” mövcud münasibətlərin yeni mərhələsi hesab olunur. Bu Sazişin imzalanması, 2000-ci il 20 sentyabr tarixində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”-in qüvvədən düşməsinə səbəb olub. Sonuncu saziş 2017-ci il oktyabrın  31-də Bakı şəhərində hər iki ölkənin hökümət başçıları tərəfindən imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Sazişi 23 fevral 2018-ci ildə təsdiq edib. 
Sazişin əhəmiyyəti
Saziş hər iki ölkənin müdafiə sənayesində əməkdaşlığının daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Azərbaycanın həm hərbi sahədə inkişafı, həm də coğrafi mövqeyini güclü olması, eyni zamanda Türkiyənin də güclənməsi deməkdir. İki dövlət arasında hərbi sahədəki əməkdaşlıq, regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi  baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Əməkdaşlıq sahələri
Azərbaycan və Türkiyənin konkret olaraq aşağıdakı müdafiə sənayesi sahələrində  əməkdaşlıq edəcəyi gözlənilir:
-    Hər iki ölkənin Silahlı Qüvvələrinin tələbatını qarşılamaq üçün ehtiyat hissələrin, müdafiə təyinatlı materialların, silah sistemlərinin istehsalı;
-    Texniki təchizat sahəsində birgə araşdırma, təkmilləşdirmə, istehsal və modernizasiya üçün münasib şəraitin təmin edilməsi;
-    Əldə edilən nailiyyətlərin və istehsal layihələri nəticələrinin tətbiq edilməsi;
-    Silah sitemlərinin və texnikaların modernizasiyası sahəsində qarşılıqlı yardım;
-    Keyfiyyət zəmanəti, müdafiə sənayesi standartları və digə elmi-texniki sahələrdə məlumat mübadiləsi;
-    Qarşılıqlı razılaşma, hər iki tərəfin milli maraqları ilə beynəlxalq qaydalardan irəli gələn öhdəliklər nəzərə alınmaqla birgə məhsulların digər tərəfdaş ölkələrə çatdırılması;
-    Hər iki tərəfin silahlı qüvvələrinin inventarında ehtiyacdan artıq mövcud olan və birgə istehsal edilən müdafiə təyinatlı məhsulların, müvafiq qanunvericilik aktlarına uyğun olaraq satılması, alınması və mübadilə edilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi;
-    Tərəflərin müdafiə sənayesi müəssisə və təşkilatları arasında əlaqələrin, tədqiqat mərkəzlərinə ediləcək ziyarətlərin və işçi heyət mübadiləsinin təşviq edilməsi;
-    Tərəflərdən hər birinin ərazisində birgə istehsal edilən və ya təkmilləşdirilən hərbi və müdafiə təyinatlı məmulatların qarşılıqlı tədarükü;
-    Üçüncü ölkə üçün birgə istehsal və təkmilləşdirmə mövzusunda tərəflər arasında müqavilələrin bağlanılması;
-    Tərəflərin səlahiyyəti daxilində hərbi texniki qurumlar, müdafiə sənayesi təşkilatları və təmir-bərpa müəssisələri arasında əməkdaşlıq edilməsi;
-    Tərəflərin təşkilatçılığı ilə həyata keçirilən müdafiə sənayesi sərgisi və simpoziumlarda qarşılıqlı iştirakın təmin edilməsi.
Göründüyü kimi “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” kifayət qədər geniş sahələrdə birgə fəaliyyətləri nəzərdə tutur. Lakin nəzərə alsaq ki, Türkiyə NATO üzvüdür, o zaman bu əməkdaşlıq əsasən tərəflərin milli müdafiə sənayeləri sahəsini əhatə edəcək. Saziş maraq dairəsi çərçivəsində digər tərəfdaşlarla əməkdaşlığı istisna etmir, lakin bunun üçün Azərbaycan və Türkiyənin qarşılıqlı razılığı tələb olunacaq. 
Sazişin həyata keçirilməsi 
Ümumilikdə Saziş hər iki tərəfin qanunvericilik aktları, ehtiyacları və maraqları nəzərə alınmaqla, qarşılıqlı faydalılıq prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Müşavirliyi tərəfindən həyata keçiriləcək. Konkret fəaliyyətlərin həyata keçirilməsi üçün Birgə Komissiya yaradılacaq. 
Birgə Komissiya
Birgə Komissiyada Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə, Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətinə isə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirin müavini sədrlik edəcək. Komissiyanın fəaliyyətini tənzimlənməsi və əlaqələndirilməsi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi tərəfindən həyata keçiriləcək.
Birgə Komissiyada hər bir tərəfin üzvlərinin sayı 7 nəfərdən artıq olmayacaq. Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin Silahlı Qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.
Birgə Komissiyanın vəzifə və səlahiyyətləri
Birgə Komissiya aşağıdakı fəaliyyətləri həyata keçirəcək:
-    Sazişin tələbləri çərçivəsində konkret əməkdaşlıq sahələrini təsbit etmək və müəyyənləşdirmək;
-    Birlikdə həyata keçiriləcək layihələri seçmək və müştərək layihələrin icra olunması istiqamətində ən uyğun əməkdaşlıq forma və metodlarını müəyyən etmək;
-    Birgə proqramların icra olunmasında əməkdaşlıq təklifinin həyata keçirilməsi məqsədi ilə məlumat mübadiləsi aparmaq;
-    Üçüncü ölkələrin birgə layihələrdə iştirakı ilə əlaqədar təkliflərini, tövsiyələrini və fikirlərini aidiyyəti qurumlara təqdim etmək;
-    Təsdiq edilmiş layihə və qərarların həyata keçirilməsi üçün lazımi sənədlərin hazırlanmasını və dərc olunmasını təmin etmək;
-    Təsdiq edilən layihə və qərarların həyata keçirilməsini müntəzəm şəkildə nəzarətdə saxlamaq;
-    Sazişin icrasını qiymətləndirmək və lazım olduğu təqdirdə, Sazişə ediləcək dəyişikliklər ilə əlaqədar təklifləri müzakirə etmək.
Birgə Komissiyanın gündəliyinə daxil olan bütün mövzular, iclasdan ən azı 30 (otuz) gün əvvəl müəyyən qarşılıqlı şəkildə razılaşdırılacaq. İclas isə ən azı 2 (iki) ildə bir dəfə, birgə razılaşdırılmış tarixlərdə və növbəli şəkildə keçiriləcək.
Birgə Komissiya əqli mülkiyyət hüququnun və məxfiçiliyin qorunmasına, bu fəaliyyətlərin digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə təsir göstərməyəcəyinə və digər dövlətlərin legitimliyinə, mənafelərinə, təhlükəsizliklərinə və ölkənin ərazi bütövlüyünə qarşı istifadə olunmayacağına  xüsusi diqqət yönəldəcək.
Sazişin müddəti
Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 il müddətində qüvvədə olacaq. Tərəflərdən hər hansı biri bu Sazişin müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış onu ləğv etmək barədə digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Saziş avtomatik olaraq növbəti 1 il müddətinə uzadılacaq. Sazişə əlavə və ya dəyişiklik edilməsində, yaxud mübahisənin həllində tərəflər arasında razılıq əldə edilmədikdə, onlardan hər biri bu Sazişi diplomatik kanallar vasitəsilə göndərilən yazılı bildiriş ilə ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən 90 gün sonra qüvvədən düşmüş hesab ediləcək. Ləğvetmənin şərtləri bu Sazişin ləğvindən əvvəl qərarlaşdırılan və icra edilməkdə olan layihə, proqram və müqavilənin həyata keçirilməsinə təsir göstərməyəcək.
Nəticə
İndiyə qədər Türkiyə və Azərbaycan  arasında qarşılıqlı səfərlər və tədbirlər çərçivəsində hərbi və müdafiə sənayəsi sahələrini əhatə edən 20-dən çox görüş olub, 30-a yaxın qarşılıqlı səfərlər reallaşdırılıb. 2010-cu ildə iki ölkə arasında hərbi əməkdaşlığın vəziyyətinə dair aparılan araşdırmanın nəticələrinə görə isə, tərəflər 100-dən artıq birgə hərbi tədbirlərdə iştirak ediblər. 
Ümumilikdə isə, 2005-ci ildən sonra Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı daha üstün bir səviyəyə yüksəlib. Müstəqil ekspertlərin mütləq əksəriyyəti  Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivlərini daim yüksək dəyərləndiriblər. 
Azərbaycanın və Türkiyənin hökumətləri, o cümlədən, müdafiə nazirlirlikləri arasında təmənnasız hərbi yardım, maliyyə yardımı, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında, Əfqanıstanda və Kosovoda NATO çərçivəsində birgə fəaliyyət və s. barədə çox sayda protokol, saziş və müqavilələr imzalanıb. 
Türkiyə ilə bir çox layihələr üzrə - müxtəli çaplı silahların istehsalı, qanadlı raketlər də daxil olmaqla müxtəlif assortimentdə döyüş sursatlarının tədarükü, texniki vasitələrin və onların ehtiyat hissələrinin idxalı, maskalanma torlarının istehsalı üçün xammalın alınması, 60 və 82 mm çaplı minaatanlar üçün yarımfabrikatların,  PUA-ların, ağır artilleriya sistemlərinin və mexaniki minatəmizləmə vasitələrinin Azərbaycana çatdırılması üçün müqavilələr imzalanıb və uğurla həyata keçirilib. 
 
“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”-inin imzalanmasından əvvəl də qardaş ölkələrin müdafiə sənayesinin istehsal etdiyi yerli və milli məhsullar, hər iki ölkənin güc strukturları üçün qarşılıqlı şəkildə daim əlçatan olub. Lakin bu sazişdən sonra birgə müdafiə sənayesi müəssisələrinin yaradılması və onların ixrac potensialının təmin edilməsi üçün daha münbit şərait yaradılacaq. Azərbaycan Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FHSS, HAVELSAN kimi dünyanın ilk 100 nəhəng şirkəti arasında yer alan müdafiə sənayesi “kapitanlarından” qiymətli təcrübə əldə edə biləcək. 2016-cı ildə Türkiyə ilk 100 müdafiə sənaye şirkəti arasında cəmi 2 firması ilə təmsil olunurdu. İndi isə bu say yeddiyə yüksəlib. Keçən ilin reytinqi isə hələ açıqlanmayıb. Mümkündür ki, dərc olunacaq reytinq siyahısına yeni türk şirkətləri əlavə olunsun. Türkiyənin pilotsuz vasitələr sahəsində fəaliyyət göstərən şirkətlərindən STM ilk 100 şirkət arasında artıq yer alıb, yeni qurulan yüksək perspektivli “Baykar” şirkətinin mövqeyi isə 2020-ci ilin nəticələrinin açıqlanmasından sonra məlum olacaq. İstənilən halda Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq etməsi, rəsmi Bakının dünya silah bazarına nüfuz etməkdə idiialı olmasını nümayişi kimi qəbul edilir. 
 
Birgə müdafiə sənayesi şirkətlərinin yaradılması ilə bərabər çox sayda Türkiyə şirkətinin digər sahələrdə aktiv iştirak etməsi, o cümlədən Qarabağın bərpası proseslərinə cəlb edilməsi təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan və Türkiyə arasında viza rejiminin ləğv olunması da nəzərdə tutulan birgə fəaliyyətlərin həyata keçirilməsinə daha da münbit şərait yaradacaq. Nəzərə almalıyıq ki, işğaldan əvvəlki dövrdə Qarabağ ərazisində Azərbaycanın müdafiə sənayesi müəssisələri fəaliyyət göstərib. İndi tamamilə yenidən qurulması planlaşdırılan Qarabağ ərazisində hərbi təyinatlı yeni və daha böyük şirkətlərin yaradılması da istisna edilmir. 
 
Türkiyədə son illərdə yaradılan müasir müdafiə sənayesi, o cümlədən yerli və milli pilotlu/pilotsuz aviasiyanın, zirehli vasitələrin, radioelektron avadanlıqların, minatəmizləmə qurğularının, “ağıllı” sursatların, raketlərin və s. istehsal edilməsi, Azərbaycanın da bu sahədə yeni nailiyyətlər əldə etməsinə geniş imkanlar yaradacaq. Azərbaycan zirehli və zirezsiz vasitələri, silah sistemləri və avadanlıqları, birgə yaradılan müəssisələr tərəfindən modernləşdirilməsi də mümkün olacaq. Dünyanın 5 ölkəsində mövcud olan stels texnologiyanın Azərbaycana transferi, rəsmi Bakıya ciddi dividentlər qazandırmaqla onu silah bazarının aktiv oyuncularından birinə çevirə bilər.
 
Son bir ay ərzində bu Sazişin bağlanmasından başqa, hər iki ölkənin kosmik sahədə əməkdaşlığa dair razılaşma əldə etməsi, Türkiyənin yüksək dəqiqlikli, 250 km-dən çox atəş məsafəsinə malik və son nəsil F-35 qırıcıları üçün hazırladığı SOM qanadlı raketlərinin Azərbaycana çatdırmasına dair müqavilə imzalaması, hər iki ölkənin müdafiə sənayesi sagəsində gələcək əməkdaşlığının intensiv templərdə həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir. 
 
Bütün sadalanan fəaliyyətlər kontekstində, real bir güc mərkəzinə çevrilən Türkiyə-Azərbaycan əməkdaşlığı, getdikcə regionun təhlükəsizliyi və inkişafı baxımından daha da böyük əhəmiyyət kəsb edəcək. Region dövlətlərinin də bu əməkdaşlığa səmimi və mehriban qonşuluq prizmasından pozitiv yanaşması, Azərbaycan-Türkiyə birliyinin Cənubi Qafqazın həm təhlükəsizliyinin, həm də regionun parlaq gələcəyinin real təminatçısına çevirə bilər. Moderator.az

Ədalət Verdiyev,
Hərbi ekspert
Tarix: 22-02-2021, 10:22
Xəbəri paylaş



Xəbər lenti