CHP millət vəkili, vaxtilə Bakıda səfir işləmiş, bədnam və üzdəniraq “erməni açılımı”nın müəlliflərindən olan Əhməd Ünal Çeviközün məlum bəyanatına etirazlar davam edir
“Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyən CHP millət vəkili, Türkiyənin Bakıdakı sabiq səfiri (2001-2004) Əhməd Ünal Çeviköz iddialara görə, ermənipərəst siyasətçilərdən biri kimi tanınır. “Yeni Müsavat” yada salır ki, Çeviköz, fiaskoya uğrayan məşhur “erməni açılımı”nın müəlliflərindən biridir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Protokolları hazırlayarkən Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı.Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi.Məlumdur ki, Məhərrəm İncə bir neçə gün öncə ana müxalifət partiyası CHP-dən istefa verib. İncə istefa verərəkən belə bir cümlə işlədib: “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyənlərlə bir yerdə ola bilmərəm". Sirr deyil ki, Azərbaycanın əleyhinə işlədilən həmin cümlə Türkiyənin Azərbaycandakı keçmiş səfiri və sonradan CHP-nin əsas simalarından olan Əhməd Ünal Çeviközün dilindən çıxıb.
Doğrudur, Çeviköz sözlərinin yanlış anlaşıldığını vurğulayıb, lakin heç kimi Azərbaycan əleyhinə danışmadığına inandıra bilməyib. Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Fransa, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonra nə Türkiyə, nə Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi. Həmin sənədin canfəşanlıqla hazırlanmasında da Çeviköz dəridən-qabıqdan çıxmışdı. Görəsən, bu türk siyasətçini anti-Azərbaycan fəaliyyəti göstərməyə, indi də çıxış etməyə nə məcbur edir?Sabir Rüstəmxanlı: “Belə anlaşılmaz və səfeh bəyanat verməsi qəbuledilməzdir”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında Çeviközü tanıdığını bildirdi. S.Rüstəmxanlının sözlərinə görə, Türkiyənin rəsmi siyasəti Azərbaycana kömək etməkdir, Türk birliyini möhkəmləndirməkdir: “Türkiyə Azərbaycan haqlı olduğu üçün onun yanındadır, dəstək verir. Əgər Çeviköz Ərdoğana qarşı çıxış edirsə, onu cümhurbaşqanına desin, mətbuata belə mesaj vermək həm Türkiyə, həm Azərbaycan xalqına hörmətsizlikdir”.
Deputat qeyd etdi ki, CHP millət vəkili bu çıxışı ilə nə öz ölkəsini, nə Azərbaycanı qəbul edir: “Belə anlaşılmaz və səfeh bəyanat verməsi qəbuledilməzdir”.AĞ Partiya başqanı Tural Abbaslı qeyd etdi ki, Türkiyə-Azərbaycan münasibətləri fərdlərlə formalaşmır, daha ali və üstündür: “Bir-birinin torpağı uğrunda düşmənə qarşı döyüşüblər, canlarından keçiblər. Kiminsə başı üçün deyil ki, bu iki qardaş ölkənin dostluğuna xələl gətirsin. Sadəcə, biz partiya olaraq həmişə Türkiyənin Azərbaycandakı səfirliyinin yetərsizliyindən danışmışıq. Çünki təyin edilən səfirlər yetərsiz olurlar, təfəkkürcə AKP-çi deyil, daha çox Qərb düşüncəli, CHP ideologiyasına yaxın olublar. Çeviköz də həmin səfirlərdən biri idi. Ona görə onun belə çıxış etməsi məni təəccübləndirmədi”.
Tural Abbaslı T.Abbaslı hesab edir ki, Çeviközün sözlərini Türkiyənin mövqeyi kimi qiymətləndirmək olmaz: “Bu, Avropa beyinli adamların fikirləridir. Ona görə qətiyyən narahat olmağa dəyməz. Amma könül istərdi ki, AKP səfir göndərəndə bu məsələləri nəzərə alsın, iki qardaş ölkənin əlaqələrinin necə qurulmasını hiss edən, dəyərləndirməyi bacaran kadr təyin edilsin”.
İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Çeviköz CHP-nin mövqeyinə zidd çıxış edib: “Çünki CHP lideri Kamal Kılıçdaroğlu Vətən müharibəsində Azərbaycanı dəstəkləmişdi. Çeviköz isə Azərbaycan üçün ”persona non-qrata" siyasətçidir. Onun «Sürix protokolları» ilə bağlı fəaliyyəti yaddaşlardan silinməyib. Ümumiyyətlə, CHP solçu təşkilatdır, burada millətçilik ideyaları uzaqdır, daha çox kosmopolit mövqedədirlər. Onlar hadisələrə MHP və AKP kimi yanaşmırlar. Partiyada Səlahəddin Dəmirtaşı dəstəkləyən qüvvələr, Yunanıstanla münasibətləri fərqli görən siyasətçilər var. O baxımdan CHP iqtidar olarsa, Azərbaycan-Türkiyə əlaqələri soyumayacaq, amma Ərdoğan dövründəki qədər sıx inkişaf etməyəcək".
Ramiyə MəmmədovaR.Məmmədova bildirdi ki, Çeviköz fikirlərinin yanlış qəbul edildiyini söyləyib: “Azərbaycan siyasi partiyaları, hətta müxalifət təşkilatları da Türkiyə siyasi qurumları ilə yaxşı işləməlidirlər. Bu gün münasibətlərin daha da yaxınlaşmasına, bir-birinin daxili siyasi mətbəxini bilməyə, görüşlər keçirməyə ehtiyac var. Təəssüf ki, Azərbaycanda CHP, İYİ və digərləri ilə işləyən partiyalar yoxdur. Bu əlaqələri inkişaf etdirmək lazımdır ki, siyasətçilər fikirlərini bölüşəndə sonra hər iki ölkədə narazılıq yaratmasın. Nəzərə almaq lazımdır ki, Bakı-Ankara əlaqələri tarixində heç vaxt olmadığı yüksəlişdədir, onu korlamağa kimsənin siyasi və mənəvi haqqı çatmır”.
Xatırladaq ki, 27 sentyabr - 10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsində Türkiyə əvvəldən axıradək Azərbaycanın yanında oldu. Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək xaricdəki bir çox dairələri ciddi şəkildə qıcıqlandırmışdı. Bu qıcıq ermənipərəst qüvvələri gecə-gündüz rahatsız etmişdi. Keçmiş səfir Əhməd Ünal Çeviköz isə ermənipərəst siyasətçilərdən biridir.
Yeri gəlmişkən, ötən ilin sentyabrının sonunda - müharibəni getdiyi ilk günlərdə də Çeviközün “Habertürk” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər narazılıq doğurmuşdu. Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) CHP ilə əlaqə saxlayaraq etirazını çatdırmışdı. Bu reaksiyadan dərhal sonra Çeviköz xüsusi bəyanatla çıxış edərək, verdiyi açıqlamanın Azərbaycana dəstəyin əleyhinə olduğu anlamına gəlmədiyini vurğulayaraq, “Can Azərbaycanın yanında olduğumuzu bildirir, Azərbaycanı dəstəkləyirik” söyləmişdi.
Emil SALAMOĞLU
Tarix: 17-02-2021, 11:13