Natiq Cəfərli: “Rusiya post-sovet məkanında artıq təkcə sərt, qaba gücdən deyil, həm də yumşaq gücdən, siyasi alətlərdən istifadə etməyə başlayıb” “Lukaşenkonun faciəsi odur ki, 26 il əvvəldə qalıb, yeni nəslin böyüdüyünü hiss etmir, ümumiyyətlə internetin dünyanı və ölkələri necə dəyişdiyini analiz edə bilmir. Günahı isə odur ki, 26 ildə Belarusda institutsional müxalifət və sivil toplumun yaranmasına mane oldu. İndi ölkə belə bir vəziyyətin əziyyətini çəkir”.
AYNA xəbər verir ki, bu sözləri Belarusda keçirilən president seçkilərini və hazırda bu ölkədə gedən prosesləri şərh edərkən Respublikaçı Alternativ Partiyanın (ReAL) funksioneri, iqtisadçı Natiq Cəfərli deyib. Cəfərli hesab edir ki, Belarusun “Batka” ləqəbli Prezidenti Aleksandr Lukaşenko ölkəni kolxoz kimi görür: “Yaxşı təsərrüfatçıdır, digər avtoritar liderlərdən daha az korrupsiyaya bulaşıb, sənayeni saxlayıb, istehsalı qoruya bilib, aqrar sektoru ayaqda saxlamağa nail olub. Amma bütün bunlar qanunlara, qaydalara, rəqabətə, iqtisadiyyat elminə, institutlara əsaslanaraq etməyib - şəxsi təşəbbüsünün məhsuluna çevirib. İndi də Belarusun faciəsi odur ki, şəxsə bağlı sistemin, həmin şəxs getdikdən sonra necə çalışacağı məlum deyil”.
“Müxalifət isə institutlaşmamış protest elektoratından, müxtəlif güclərdən, hətta xarici qüvvələrdən ibarətdir. Rusiya Lukaşenkonu dəyişmək istəmir. Amma ciddi çərçivəyə salmaq istəyir, öz maraqlarını daha kəskin diqtə etməyi düşünür. Ona görə də müxalifət vasitəsiylə təzyiq imkanları yaradırdı. Əslində diqqətli oxucular xatırlayır ki, bununla bağlı illər öncə yazmışdım: Rusiya post-sovet məkanında artıq təkcə sərt, qaba gücdən deyil, həm də yumşaq gücdən, siyasi alətlərdən istifadə etməyə başlayıb”, - deyə ReAL təmsilçisi qeyd edib.
N.Cəfərli vurğulayıb ki, müxalifətin lideri olan prezidentliyə namizəd Svetlana Tixanovskaya əslində funksiya yerinə yetirir: “Bu bir daha sübut edir ki, lider şəxs deyil, funksiyadır. Amma Svetlananın da zəif cəhədi odur ki, komandası yoxdur, vizionu bəlli deyil, natiqliyi sıfırdır. Tixanovskaya içiboş sloqanlarla addımlamağa çalışdı, həyat yoldaşının kölgəsinə çevrildi. Bu gün onu dəstəkləyənlər əslində, onu şəxsini dəstəkləmir, Lukaşenkoya əks mövqeyini o xanım vasitəsi ilə bildirirlər. Yəni, insanlar Svetlana yanlısı deyil, Lukaşenko əlehdarıdırlar. Amma hamı yox, Lukaşenkonun inzibati resursdan əlavə bəlli tərəfdarları və öz elektoratı da var”.
“Belarusdan bizim sistemin çıxara biləcəyi ən böyük dərs odur ki, institutlaşmış və dəyərlərə, prinsiplərə söykənən partiyaların, sivil toplumun qarşısını almaqla, onların inkişafına mane olmaqla ölkə üçün böyük pislik edirlər. Sabah Kreml burada da öz partiyası, namizədi, pulu və nüfuzu ilə siyasi oyun qurucusu olmağa çalışacaq. Bu zaman o prosesin qarşısını ancaq oturuşmuş, institutlaşmış partiyalar ala bilər. Yeri gəlmişkən, bu məsələdə biz Belarusdan daha yaxşı durumdayıq. Bizdə də hakimiyyət bilməlidir ki, zamanla, yeni nəsillə, internetlə mübarizə aparmaq avamlıqdır, mənasızdır”, Cəfərli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan müxalifətinin də çıxaracağı dərslər var: “Liderin funksiya olduğunu qəbul edərək boş sloqanlarla deyil, hazır proqramlarla, tezislərlə, seçki platforması ilə siyasət işi görməlidirlər. Nə vaxt xalqın, azı, 60-65 faizi dəqiq biləndə ki, bu sistemə yaxşı alternativ, özü də Respublikaçı Alternativ var, o zaman çox şey dəyişəcək. Müxalifətin çıxaracağı dərs həm də odur ki, hakimiyyətə qarşı olan hər kəs müttəfiq deyil, ola da bilməz. Yəni, müxaliflik kriteriyasını proqram və tezislərdən bəsit bir məqama, “İlham Əliyevi tənqid elə, müxalifsən”, səviyyəsinə salmamalıdırlar. Prezidentə qarşı olanların da öz maraqları var və heç də o maraqlar, məsələn bizim, sistemi dəyişib respublikanı bərqərar etmək istəyənlərin istəkləri ilə üst-üstə düşmür”.
Tarix: 10-08-2020, 20:52