Ekspertlər yeni iqtisadi-siyasi düzənin formalaşacağını düşünürlər Dünyada koronavirusa (COVID-19) yoluxma və ölüm halları sürətini azaltmaqda davam edir. Artıq bir sıra böyük dövlətlər karantin rejimindən çıxır və normal həyata qayıdır.
Bununla yanaşı, pandemiyanın sürətini azaltması, dünyada pandemiyadan əvvəlki xoşagəlməz hadisələrin yenidən baş qaldırmasına gətirib çıxarıb. Belə ki, artıq bəzi ölkələrdə yenidən iğtişaşlar, vətəndaş müharibələri və terror aktları vüsət almağa başlayıb ki, bu da pandemiyanın bioloji silah, böyük qüvvələrin oyunu olduğu iddialarını yenidən gündəmə gətirib.
Maraqlıdır, pandemiyanın dinamik yavaşlaması ilə qarşıdurmaların yenidən başlaması nə ilə bağlıdır? Ümumiyyətlə, COVID-19 geridə qalan aylar ərzində dünya siyasətinə hansı təsirlər bağışlayıb?
Mövzunu AYNA-ya şərh edən “Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə yeni növ koronovirus pandemiyasının dünya ölkələrinin siyasi-iqtisadi həyatında ciddi dəyişikliklər yaratdığını deyib: “İlk növbədə koronovirus Yaxın Şərqdə və dünyanın müxtəlif regionlarında münaqişələrə və terrora ara verdi. Bu fasilə əlbəttə ki, virusdan qorunmağa hesablanırdı. Hazırda isə, Liviyada, Suriyada, Livanda terror və hərbi toqquşmalar davam edir. Qeyd edim ki, koronovirusun dünya siyasi və iqtisadi nizamında yeni şəkilləndirmələr meydana gətirəcəyi şübhəsizdir. ABŞ-da gözlənilən prezident seçkiləri, İngiltərnin Avropa İttifaqından çıxaraq öz mövqeyini beynəxalq münasibətlərdə gücləndirmək planını reallaşdırması, dünayanın maliyyə və koorprosiya şirkətlərinin sahiblərinin yeni iqtisadi nizamda öz planlarını reallaşdırmaq üçün yenidən aktiv fəaliyyətə keçməsi, ABŞ-da və Avropada gedən siyasi proseslərdə istiləşmə və digər regionlarda öz maraqlarını müdafiə etməsi bu kimi münaqişələri yenidən canlandırdı. Hesab edirəm ki, beynəlxalq miqyasda ərazi və iqtisadi maraqlarını təmin etmək üçün başladılan bu münaqişə növbəti mərhələyə keçib və bu, koronovirusdan sonra öz nəticəsini göstərəcək ki, burada qələbə yenidən Qərbin tərəfində olacaq”.
O, regional müharibələrin Cənubi Qafqaza da təsirsiz ötüşmədiyini bildirib: “Ermənistanın Tovuz təxribatları, ardınca Türkiyənin Azərbyacanla birgə hərbi təlimləri Cənubi Qafqazda regional maraqların təmin edilməsinə hesablanıb. Pandemiyanın yayılma sürəti düşdükcə regional münaqişələr qızışacaq. Əlbəttə ki, pandemiyadan super ölkələr öz maraqları naminə istifadə edir. Çin Ümumdünya Səhiyyə Təşkilatına təzyiq etməklə Qərbə də təsir etməyə çalışırdı. ABŞ da pandemiyaya görə Çinə ciddi iqtisadi sanksiyalar tətbiq etdi”.
“Bunlar onu göstərir ki, həqiqətən pandemiyadan siyasi məqsədlər üçün istifadə edilir. Pandemiyanın dünya siyasətinə təsiri ciddi oldu. Bu, hələ davam edəcək. Beynəlxalq təşkilatlar demək olar ki, öz funksiyasını heç də ciddi şəkildə həyata keçirə bilmir. Pandemiya göstərdi ki, dünya siyasətində ciddi probelmlər var. Bu problemlər yeni müharibələr yaradır. Hesab edirəm ki, ABŞ-da Rotşidlər, Rokfellerlər bu pademiyadan istifadə edib çalışdılar ki, kiçik dövlətləri ABŞ-a tabe etdirsinlər və onların iqtisadiyyatlarına nəzarət etsinlər. Düşünürəm ki, hələ bundan sonra siyasi nizamın dəyişməsi davam edəcək və pandemiyadan bu kimi istifadələr olacaq”, - Əsədullazadə vurğulayıb.
Müsahibimiz hesab edir ki, pandemiyanın yaratdığı iqtisadi böhrandan çıxacaq hər bir ölkə yeni siyasi müstəvidə öz mövqeyini gücləndirmək üçün hərəkətə keçəcək: “Çin bu sırada öndə gəlir. Çinin iqtisadi inkişafı onun pandemiyadan sonra yeni dünya nizamında öz potensialını ortaya qoyub, ABŞ-ı Sakit və Hind okeanı periferiyasından uzaqlaşdıracaq. Məhz bu problemlərin təməli hazırkı vəziyyətdə qoyulmaqadadır. Çin və ABŞ hazırda “taym aut” götürüb. Onların toqquşması yeni siyasi-iqtisadi münasibətlər sistemində ciddi dəyişikliklərə gətirəcək”.
Politoloq Əhəd Məmmədli isə AYNA-ya şərhində bildirib ki, pandemiyanın yayılması böyük dövlətlərin heç də güclü və şəffaf olmadığını göstərdi: “Buna misal olaraq Ümumdünya Səhiyyə Təşkilatı və böyük dövlətlərin ilk çətinlikdə bir-birilərini ittiham etməsi, təzyiq göstərməsi, hətta bir-birilərinin maskalarını oğrulamasını göstərə bilərik. Pandemiya göstərdi ki, ABŞ, Avropa ölkələri, “Böyük Yeddilik”, Avropa İttifaqına daxil olan ölkələr kənardan göründüyü kimi heç də qüsursuz deyil. Lakin buna baxmayaraq, bu məsələlərdə Türkiyənin, Çinin, Cənubi Koreyanın, Yaponiyanın, yəni Şərq ölkələrinin hazırlıqlı olduğunu gördük”.
“Bir məsələ də var ki, bəzi qüvvələrin pandemiyadan istifadə edərək insanları bir sistemə otuzdurmaq istədiyi göründü. Məsələn, milyarder Bill Qeytsin çiplə bağlı ortaya atılan fərziyələri, insanların virtuallaşdırlması ilə bağlı iddialar gündəmə gəldi və bu qüvvələrin insanları bir istiqamətə tabe etdirmək istəkləri göründü. Təbii ki, bu fərziyələr özbaşına deyil, bilərəkdən, insanların reaksiyalarını yoxlamaq üçün ortaya atılmışdı”, - Məmmədli deyib.
Müsahibimiz əlavə edib ki, pandemiyadan istifadə edilərək, dünya siyasi sisteminin yönəldilməsinə cəhdlər edildi: “Təbii ki, davamlı olaraq buna etirazlar oldu və əks qüvvələrin hərkətə keçdiyini gördük. Düzdür, pandemiyadan sonra dünyanın daha fərqli olacağı deyilir, lakin onsuz da fərqli dünya əvvəldən də var idi. Sadəcə, pandemiya bu fərqli dünyaya keçidi daha tez sürətləndirdi”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 5-08-2020, 13:38