Bəri başdan deyək ki, sərhədlərimizin Tovuz bölgəsindəki sistematik hərbi toqquşmalar atəşkəs rejiminin epizodik pozulmaları ilə əvəz olunsa da, son günlərdə daha çox nisbi sakitlik müşahidə olunsa da, bütün hallarda ən müxtəlif ölkələrin və səviyyələrin politoloqları Azərbaycanla Ermənistan arasındakı sonuncu hərbi toqquşmanın müxtəlif aspektlərini müzakirə etməkdə davam edirlər.Prinsipcə, onlar haqlıdırlar, çünki müzakirə etmək üçün mövzu həqiqətən də çoxdur, belə ki, son illərdə münaqişənin hərbi tənzimlənmə üsulları atəşkəsin bərqərar olunmasının və uzunmüddətli, dayanıqlı sülhün oturuşmasının digər vasitələrindən daha çox xatırladırlar özlərini.
Cəmi dörd il bundan əvvəl, yəni Aprel döyüşləri zamanı tərəflər uzunmüddətli və geniş müharibənin astanasında idilər. Eyni mənzərə bu gün də müşahidə olunur: politoloqlar münaqişə tərəflərinin təkcə hərbi yox, geosiyasi resurslarını da müqayisə edirlər. Bu gün üçün onların ümumi rəyi budur ki, hələki təsəvvür olunan, hipotetik müharibədə uğur və üstünlük qazanmaq üçün Azərbaycanın resursları daha çoxdur.
Bu da təsadüfi deyildir, çünki son Tovuz hadisələri zamanı demək olar ki, bütün ölkələr və əsas beynəlxalq institutlar erməni tərəfinin hərəkətlərini pislədilər. Qardaş Türkiyə ən kəskin bəyanatlarla çıxış etdi, açıq şəkildə bildirdi ki, Bakının seçimi Ankaranın da seçimi olacaqdır. Etiraf edək ki, əvvəllər biz Türkiyənin bəyanatlarında belə konkretlik və kəskinlik müşahidə etməmişdik.
Hətta amerikalı konqresmenlər də özlərinin sonuncu qərarları ilə erməniləri tamamilə məyus etdilər. Bizim başabəla qonşularımız nəinki Azərbaycana qarşı növbəti 907-ci düzəlişi qəbul etdirə bilmədilər, əksinə, dolayı yolla olsa da erməni təcüvüzünün pislənməsinə yönəlik bəyanata meydan açdılar.
Ən ümumi, bazis prinsiplərə gəldikdə isə, hətta bu sahədə elə bir təcrübəsi olmayan adamlara da aydındır ki, əgər dayanıqlı və möhkəm sülh yoxdursa, əgər təcavüzün nəticələri aradan qaldırılmayıbsa, döyüşlərin və müharibənin təkrarlanması ehtimalı həmişə var - özü də qeyri-lokal və hətta geniş müharibənin...
Ermənilər bu vaxta qədər ona ümid ediblər ki, guya zaman bütün “kələkötürləri” hamarlayır - bəli, guya ki, zaman keçdikcə nəinki bütün sülhpərvər dünya birliyi, hətta azərbaycanlılar özləri də Dağlıq Qarabağı unudacaq, çünki qarabağlıların artıq ikinci nəsli qocalır, onların ən cavanları isə bir dəfə belə olsun, o bölgəni görməyiblər.Amma yumşaq şəkildə desək, ermənilər möhkəmcə yanılırlar. Bu günlərdə cəmi bircə həftənin içində əlli minə yaxın adam könüllü kimi hərbi qeydiyyatdan keçdi və bu adamların içincə təkcə çox gənclər yox, hətta çağırış yaşını ötmüş çox yaşlı və təcrübəli adamlar da vardı.
Uzunmüddətli və geniş hərbi əməliyyatların təkrar olunması üçün bir səbəb də var: hətta ötən əsrlərin hərbi nəzəriyyəçiləri, o cümlədən də çox hörmətli Karl fon Klauzevits cənabları yazırdılar ki, müharibə də siyasətin bir davamıdır, sadəcə, bir qədər fərqli yol və üsullarla davamı...
Öz ərazisində qayda-qanun yaratmaq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək - əlbəttə, bu, Azərbaycanın haqqıdır. Məsələn, bir çox insanlar hələ də soruşur: “KTMT niyə Ermənistana dəstək vermədi?”. Bu sualın cavabını elə sualla da vermək istərdik: “Axı niyə görə ”Rusiya NATO -su" Ermənistanın tərəfini tutmalı idi? Bizim ordu bir santimetr belə erməni ərazisinə daxil olmamışdı axı!"...
Biz hələ onu demirik ki, Rusiya bu məsələdə də çox mürəkkəb siyasət aparır. Bəli, KTMT gözləyici mövqe tutdu, İrəvanın təxribat xarakterli çağırışlarına uymadı, amma Türkiyəinin sərt bəyanatlarından sonra dərhal yeni hərbi təlimlərə start verdi. Nəzarətdə saxlanıla bilinən və balanslaşdırılmış hərbi toqquşmalar - bəli, Azərbaycanla Ermənistan arasında bu cür münasibətlər Moskvanın maraqlarına cavab verir və bu cür ssenarilərin köməyilə Kreml bu və ya digər tərəfi ya cəzalandırır, ya da xəbərdar edir.
Belədə isə Ermənistanla Rusiya arasında münasibətlər nə qədər mürəkkəb olsa da Kreml öz “forpost”unu itirmək istəməz. Təsadüfi deyil ki, “səmimiyyət anları”nda Rusiyanın siyasətçiləri və diplomatları açıq şəkildə deyirlər ki, Nikol Paşinyan bizim adam deyil, amma Ermənistan bizimdir...
Bir daha deyirik ki, Rusiya heç halda Ermənistanı əldən verməz. Gürcüstan artıq onun geosiyasi nəzarətimdən çıxıb. Azərbaycan şimal qonşusunun yalnız geosiyasi maraqlarını nəzərə alır və NATO, Aİ və digər Qərb təşkilatları ilə bağlı ciddi planlar qurmur, amma ümumilikdə müstəqil siyasət yürüdür. Ermənistanda isə Rusiyanın hərbi bazaları var və bu yeganə Cənubi Qafqaz ölkəsidir ki, nəinki Rusiyanın siyasi orbitindədir, üstəlik, siyasətinin əsas məqamlarını Kremllə razılaşdırır.Əlbəttə, İrəvanı da Rusiyanın orbitində saxlayan Dağlıq Qarabağ məsələsidir və bir gün bu ölkə Kremllə üzlüşmək qərarına gəlsə, çox böyük ehtimalla oyuncaq “DQR” Abxaziya, Cənubi Osetiya və Krım kimi birbaşa Rusiyanın öz nəzarətinə keçəçək.
Amma bu, ya olmayacaq, ya da tezliklə olmayacaqdır, çünki azərbaycanlılar üçün Qarabağ Vətəndir və bu söz artıq özündə hər şeyi ehtiva edir.
Ermənilər də öz yalanları və mifləri yolunda az itki verməyiblər və onların da geriyə yolu qalmayıbdır. Ona görə də bu mürəkkəb bölgədə Rusiyanın hələ xeyli müddət suyu bulandırmaq gücü və iqtidarı olacaq...
Hesynbala Səlimov
Tarix: 30-07-2020, 08:43