Əgər Azərbaycan Rusiyaya arxa çevirsə...

“The Moscow Times”: Moskva üçün Tiflis ilə Bakının fərqi nədir?

“Moskvanın ehtiyatlı mövqeyi Ermənistanda çoxlarına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) rəsmi İrəvanın müttəfiqi olan Rusiyanın öhdəliklərini yerinə yetirməkdən imtina etməsi kimi görünür. Keçmiş Sovet məkanında Cənubi Osetiyadan Krımadək olan digər münaqişələrdə Moskva daha sərt mövqedən çıxış edib. Bəs niyə Ermənistan və Azərbaycan qarşıdurmasında Rusiya belə təmkinli davranır?”Bu maraqlı sualı “The Moscow Times” qəzetinin Beynəlxalq Məsələlər üzrə eksperti Sergey Markedonov səsləndirib.
O, adıçəkilən qəzetdə gedən məqaləsində bu suala cavab axtarır.
Ekspert xatırladır ki, Ermənistan sərhədləri həm erməni, həm də Rusiya sərhədçiləri tərəfindən qorunur. Bundan əlavə, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin üzvüdür və Ermənistanda Rusiyanın hərbi bazası da var. Azərbaycan bu cür inteqrasiya layihələrində iştirak etməkdən boyun qaçırsa da, nüfuzlu müttəfiqlərə, ilk növbədə Türkiyəyə kimi müttəfiqə sahibdir. Ankara Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir və beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan, lakin erməni separatçılarının nəzarətində olan Dağlıq Qarabağda Ermənistanın hərəkətlərini pisləyir.
Vəziyyəti daha da ağırlaşdıran odur ki, Ermənistan və Türkiyə əvvəlki münaqişələrin travmatik irsini hələ də öz varlıqlarında hiss edirlər.

Bu qonşu ölkələrin diplomatik münasibətləri yoxdur və 1993-cü ildən bəri Türkiyə Ermənistanla sərhədi bağlayıb. Tərəflərin müttəfiqlərindən gözləndiyi kimi, Moskva və Ankara Ermənistanla Azərbaycan arasındakı yenidən alovlanmış münaqişəyə çox fərqli cinahlardan yanaşırlar. Türkiyənin Müdafiə naziri Hulusi Akar Ermənistanı uzun illər ərzində işğalçılıq siyasəti aparmaqda və Azərbaycanın ərazilərini qanunsuz işğal etməkdə günahlandırır. Rusiya Prezidenti Vladimir Putin isə sadəcə onu vurğulayır ki, Moskva silahlı qarşıdurmanın durdurmaq üçün vasitəçilik etməyə hazırdır.
Müəllif bildirir ki, bu kimi münaqişələrə Kremlin reaksiyası bölgədəki Rusiya siyasətinin bir neçə fundamental tərəfini əks etdirir.
Birincisi, Moskvanın nə keçmiş Sovet İttifaqında, nə də Qafqazdakı bütün münaqişələrin tənzimlənməsinə universal yanaşması yoxdur. Krımda baş verənlər Donbasda təkrarlanmadığı kimi, Gürcüstandan qopan Abxaziya və Cənubi Osetiya bölgələrində istifadə olunan model Dnestryanı bölgədə işə düşmədi. Moskva əvvəlcədən müəyyən edilmiş standartlara və ideoloji şərtlərə malik deyil, sadəcə qarşıdurmanın dinamikasına uyğun reaksiya verir.
İkincisi, Rusiya çoxtərəfli münasibətlərdən daha çox ikitərəfli münasibətlərə önəm verir. 2008-ci ilin avqustunda Gürcüstanda yaşanan hərbi gərginliyə Rusiya sərt reaksiya nümayiş etdirdi.

Rusiyanın Azərbaycan və Gürcüstana yanaşmasındakı ciddi fərqin yaranmasının əsas səbəbi odur ki, rəsmi Bakı ərazi bütövlüyünün bərpası üçün anti-Rusiya ritorikasından istifadə etmir. Əksinə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi Moskvaya müsbət baxır, həm də prezident Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında yaxşı münasibətlər mövcuddur. Bakı KTMT və ya AİB-ə qoşulma perspektivlərinə şübhə ilə yanaşa bilər, lakin Gürcüstandan fərqli olaraq, NATO və ya AB-ə üzv olmaq istəmir, üstəlik, Qərbin siyasi və sosial standartlarını açıq şəkildə tənqid edir.
Əgər Azərbaycan rəhbərliyi özü Rusiyaya arxa çevirmək və Avro-Atlantik məkanına üz tutmaq istəsə, şübhəsiz ki, Moskvanın mövqeyi daha az ehtiyatlı və təmkinli olacaq. Ancaq bu baş verməyincə, Rusiya İrəvan ilə Bakıya yanaşma məsələsində tarazlığı qoruyub saxlamağa çalışacaq.
Elbəyi Həsənli, Sürix
https://www.themoscowtimes.com/2020/07/23/can-russia-mediate-new-clashes-between-armenia-and-azerbaijan-a70962
Tarix: 24-07-2020, 22:58
Xəbəri paylaş



Xəbər lenti