"Hər hansı bir təşkilat və ya dövlət Ermənistana yüz dəfə tövsiyə etsin ki, Azərbaycan torpaqlarından qoşunlarını çıxar, çıxaracaqlar?.."
Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus pandemiyası haqda xəbərlərin qaynar çağında – hələ bu ilin mart ayının sonlarında BMT-nin baş katibi Antonio Quterreş koronavirusun yayılması səbəbindən planetin bütün guşələrində döyüşlərin tamamilə dayandırılmasının zəruri olması haqda tövsiyə edib. Bu tövsiyəyə əsaslansa, gərək Azərbaycan hazırda ermənilərin dövlət sərhəddimizə növbəti hücum cəhdinin qarşını almağa çalışmaya və ümumiyyətlə, koronavirusun davam edəcəyi aylarla, bəlkə illərlə torpaqlarımızın azad edilməsi üçün heç bir əməliyyat keçirməyək... Tovuz istiqamətindəki son gərginlikdən sonra cəmiyyətdə bu cür təslimçiliyə bənzər fikirlər də yayanlar var...
Mövzu ilə bağlı üz tutduğumuz Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib.
“Bilirsiz, hər hansı beynəlxalq təşkilat müəyyən situasiyalarda müxtəlif tövsiyələr verə bilər. Ancaq bu, o demək deyil ki, hər bir dövlət mütləq bunları yerinə yetirməlidir. Belə olan halda hər bir ölkə, hər bir dövlət ilk növbədə özünün içərisində olduğu real şəraitə, gerçək dövləti maraqlarına uyğun qərar verməlidir ki, hansısa tövsiyəyə qulaq asmaq olar, yoxsa yox. Hər hansı bir təşkilat və ya dövlət Ermənistana yüz dəfə tövsiyə etsin ki, Azərbaycan torpaqlarından qoşunlarını çıxar, çıxaracaqlar?.. Eləcə də biz... Bu gün biz BMT-nin pandemiya ilə bağlı müharibə etməmək barədə tövsiyəsinə qulaq assaq, belə çıxır ki, torpaqlarımızın azad edilməsi üçün yaranmış hazırkı gerçək fürsəti əldən buraxmalıyıq. Bəlkə koronavirus illərlə davam etdi, onun ardınca başqa bir pandemiya gəldi, elə həmin müddətdə torpaqlarımız qalmalıdır ermənilərin əlində? Gülünc, məntiqsiz bir düşüncədir. Bizə koronavirus pandemiyası zamanı döyüş əməliyyatları aparmamağı tövsiyə edən BMT-yə, onun Baş katibinə qəti deməliyik ki, siz zəhmət çəkin, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxması barədə 30 ilə yaxındır, icra olunmayan 4 qətnaməsinin yerinə yetirilməsini təmin edin, o halda biz də erməni ordusuna qarşı heç bir döyüş əməliyyatı keçirməyək...” –deyə keçmiş Xarici İşlər naziri vurğulayıb.
Sultan Laçın
Tarix: 14-07-2020, 22:01